Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

'İnək saxlayırlar,... özləri süd içmirlər'


Mikayıl Əhmədov
Mikayıl Əhmədov

Rəsmi məlumatlara görə, Azərbaycanın ev təsərrüfatlarında son illər iribuynuzlu mal-qara azalmaqdadır. Yerli fermerlər bunu müxtəlif problemlərlə izah edirlər.

"Sovet dövründə..."

Astara rayonunun Seləkəran kənd sakini, sahibkar Mikayıl Əhmədov deyir ki, 10 il əvvəl həyətində 30-40 baş iribuynuzlu mal-qara, 20-30 baş qoyun saxlayıb. Əlavə etməsinə görə, indi 10 baş inəyi və üç-dörd baş camışı çətinliklə saxlayır: "Sovet dövründə mal-qara saxlamaq rahat idi. Sovxoz öz məhsulunu toplayandan sonra əkin sahələrini mal-qaranın üzünə açırdı. Növbəti əkinə qədər mal-qara oradan qidalanırdı. İndi örüş yerləri yoxdur, zəbt ediblər. Mal-qaranı indi yemləndirmək çətindir. Kimin 30-40 hektar torpağı varsa, ona mal-qara saxlamaq sərf edir. Belələri azdır".

"...1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə"

Sahibkar deyir ki, ölkədə gedən bahalaşma heyvandarlıq təsərrüfatlarına mənfi təsir göstərir. Onun deməsinə görə, yem bazarında da qiymətlər durmadan artır: "18-20 kiloqramlıq kəpəyin bir kisəsini əvvəllər 1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə. Arpanın bir kiloqramını alırdım 10-15 qəpiyə, indi alıram 40-50 qəpiyə. İki il bir baş heyvana qulluq edirəm, 120-130 kiloqram ət verir. Bu il 2 min 500 manat pul verib min bağlama ot almışam. Qazanc cüzidir. Bütün işlər əl əməyinə əsaslanır".

"Burada satılan mal-qara dərmanları da keyfiyyətsizdir..."

Əhmədovun sözlərinə görə, xəstə heyvanın müalicəsi də əlçatmaz olub. Onun fikrincə, mal-qara üçün nəzərdə tutulmuş dərmanlar ucuz satılmalıdır: "Baytarlıq xidməti pulludur. Yaxşı baytar həkim tapmaq da çətindir. Bir heyvanın müalicəsinə ildə 50-60 manat pul xərclənir. Xəstələnib ölən malım çox olub. Dövlət ölmüş malı kompensasiya edə bilər. Bəzi ölkədə belədir, malı xəstəlikdən ölsə, pulunu dövlət verir. İranda bir dərmanın qiyməti 10 qəpikdirsə, burada 10 manatdır. Burda satılan mal-qara dərmanları da keyfiyyətsizdir...".

O deyir ki, şəxsi təsərrüfatlarda inəklərin sayı sürətlə azalır: "Qəssablar mal üçün evbəev gəzirlər. Yoxdur. Qonşu rayonlarda da vəziyyət eynidir. Heyvandarlıqda qazanc az olduğundan gənclər bu işlə məşğul olmurlar. Fikirləşirəm, çıxış yolu tapa bilmirəm. Səhər saat 4-də, 5-də dururam, axşam saat 10-na kimi mal-qara ilə məşğul oluram. Heç nəyə vaxt qalmır".

Mal-qaranın sayı ildən-ilə azalır
Mal-qaranın sayı ildən-ilə azalır

"Güzəştli kredit almaq aylarla vaxt aparır"

Əhmədov onu da deyir ki, kənddə mal-qara saxlayanların sayı son 10 ildə yeddi-səkkiz dəfə azalıb: "Kəndimizdə torpaq əkənlərin və mal-qara saxlayanların sayı ildən-ilə azalır. Bir-iki baş inək saxlamaq sürünmək deməkdir. İnək saxlayır, südünü satır ki, balaları ac qalmasın. Özləri süd içmirlər. Kəndə yaşayanların vəziyyəti yaxşı deyil. Hansı ailədə pensioner varsa, çörək ala bilir. 200-300 manat pensiya ilə necə dolanmaq olar?! Kəndə 10 baş inək saxlayanları barmaqla saymaq olar. Halbuki, 10 il bundan əvvəl onların sayı 10-25 nəfər idi".

Sahibkar ona hökumətdən heç bir kömək göstərilmədiyini deyir: "Ehtiyacım olanda bankdan faizlə 10 min manat götürürəm, işimi yola verirəm. Yem alıram, heyvanların sayını artırıram. Kənd təsərrüfatında güzəştli kredit var. Şərtləri ağır olduğu üçün götürə bilmirəm. Məsələn, mənə bir-iki günə pul lazım olur. Güzəştli kredit almaq üçün aylarla vaxt sərf olunur. Hökumətdən zərrə qədər kömək görməmişəm".

"...Kəndlərin boşalmasına səbəb olur"

Onun deməsinə görə, kənd təsərrüfatında olan problemlərin həll edilməməsi kəndlərdə işsizlərin sayının artmasına və kəndlərin boşalmasına səbəb olur: "Rayonda, kəndlərdə işsizlikdir. Heyvandarlığın hesabına yaşayırıq. Ailə tanıyıram, nə torpaq əkə bilir, nə də mal saxlaya bilir. Pulu yoxdur. Kömək edən də yoxdur. Sərhəd qapılarının açılmasını gözləyirlər ki, kənddən çıxıb getsinlər. Kəndlərdə sönük həyat var".

2020-ci ilin yazından koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.

"Baxmasalar, bizə müraciət etsinlər, kömək edək"

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə deyir ki, mal-qaranın sayında azalma cüzidir: "Yemin bahalaşması ilə bağlıdır. Heyvandarlıqla məşğul olanlara subsidiya verilmir. Amma süni mayalanma olan inəklərin sahiblərinə hər doğulan buzova görə 100 manat yardım edilir. Əkiz doğulsa, 200 manat. Kənd təsərrüfatı ilə bağlı güzəştli kreditlər var. Lazım olan sənədlər toplanıb təhvil verilməlidir. Komissiya gəlib təsərrüfata baxır. Qeydiyyata düşmək lazımdır. Baxmasalar, bizə müraciət etsinlər, kömək edək. Müraciət edəndən sonra bir həftə ərzində cavab verilməlidir".

Üstəlik, o vurğulayır ki, peyvəndlər pulsuzdur: "Baytarlıq xidməti pulludur, lakin qarayara, dabaq, brusellyoz peyvəndləri pulsuzdur".

XS
SM
MD
LG