Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

'İki il əvvəl hamının danışdığı dörd körpəm aclıq çəkir'


İsmayıl Mahmudov

Zəhra, İsrail, İsail və İbrahim Mahmudovlar birgə doğulublar.

2015-ci il fevralın 2-də dünyaya göz açıblar. Bu ilin martında ailənin sayı bir nəfər də artıb. Adını İgid qoyublar.

Uşaqların atası, Astara rayon Miki kənd sakini İsmayıl Mahmudov ailəsinin çətin dolanmasından gileylənir: «Əkizlər dünyaya gələndə 800 yüz manat yardım etdilər. Bu pul də şəxsi vəsait idi. Ondan sonra problemlərlə bağlı hökumətə dəfələrlə müraciət etmişəm, kömək istəmişəm, əl tutmayıblar. Evimiz də yoxdur. Kirayədə qalıram. Bir otaqlıdır. Eni 3, uzunluğu isə 4 metrdir».

«ÜÇÜNCÜ QRUP ƏLİLƏM, 47 MANAT PENSİYA ALIRAM»

İ.Mahmudovun deməsinə görə, çıxılmaz duruma düşüb: «Mən özüm üçüncü qrup əliləm, 47 manat pensiya alıram. Ancaq işləmək qabiliyyətim var. Lakin daimi işim yoxdur. Arabir evlərə çağırırlar, fəhlə kimi həyətlərdə işləyirəm. Kənddə də bir-iki nəfər olar ki, imkanı var, həyətində adam işlədir».

O, söhbətinə fasilə verib kədərli görkəmdə gözlərini yerə dikir... Sonra yenə sözünə davam etdirir: «Çox vaxtı özümü qınayıram ki, nə üçün bu körpələri dünyaya gətirdim. Əzab çəkmək üçünmü? Sonra belə düşündüyümdən peşman oluram. Körpələrə yazığım gəlir. Amma onları sevirəm. Onlar ac qalanda özümü öldürmək istəyirəm. Çox vaxtı onlara pampers taxmırıq. Valideynlərimiz dadımıza çatmasa, bir ayda məhv olarıq. Həyat çox ağır, üzücüdür. Axı dövlətimizin hər şey var, varlı dövlətdir. Belə ölkədə körpələrim aclıq keçirir. Bu ailədə gələcəyin 4 əsgəri böyüyür. Yarı ac, yarım tox. Bu necə həyatdır?».

Əbülfət Mahmudov
Əbülfət Mahmudov

BABA ALTI DƏFƏ ƏMƏLİYYAT OLUNUB

İsmayılın atası Əbülfət Mahmudov söhbətə qarışır. Deyir ki, əvvəllər az-çox qazancı olub. İndi o da oğlunun ailəsinə kömək göstərə bilmir: «Mən baba kimi indiyə qədər onlara qayğı göstərmişəm. İndi imkanım yoxdur. Sığınacaqları yoxdur. Bununla bağlı dəfələrlə müraciət etmişik. Xeyri yoxdur. Səhhətimdə problemlər yaranıb. Müalicəyə ehtiyacım var, altı dəfə əməliyyat olunmuşam. Əkizlərdən başqa bir uşaq da dünyaya gəlib, indi ailənin sayı 7-yə çatıb».

UŞAQLAR DOĞULANDA BORCA DÜŞÜBLƏR

Ə.Mahmudovun bildirməsinə görə, körpələr çətinliklə dünyaya gəliblər: «Əkizlər 6 aylıqda əməliyyat nəticəsində dünyaya gəliblər. Uzun müddət müalicə alıblar. Böyük vəsait xərcləndi. Borca düşdük. Xəstələnəndə başqaları kimi pul verib, müalicə etdiririk. Çox vaxtı həkim gəlmir. Qidalanmaları zəif olduğu üçün tez-tez xəstələnirlər. Paltarlarını birtəhər tapırıq. İndi imkan tükənib. Yaş da öz işini görür. Özümüzün də həm qayğıya, həm də müalicəyə ehtiyacımız var. Çox çətindir».

BABA: « UŞAQLAR XƏSTƏDİR. TÜRKƏÇARƏ İLƏ KEÇİNİRİK»

Miki kəndi dağ yamacında yerləşir. Babanın deməsinə görə, bu kənddə qış sərt keçir. Qışda günlərlə işıq olmur: «Belə anlarda özümüzü yaddan çıxardırıq. Çalışırıq ki, körpələr tələf olmasın. Qış çox ağır keçir. Yemək, isti yer lazım olur. Odun tədarük edirik. O da baha başa gəlir. İndi özünüz görürsünüz körpələr nə qədər narahatdırlar, xəstədirlər... Pul da yox. Türkəçarə ilə keçinirik».

Əkizlərin anası Rəisə Mahmudova
Əkizlərin anası Rəisə Mahmudova

ANA: «KÖRPƏLƏRİ QOYUB İŞLƏMƏYƏ GEDƏ BİLMİRƏM»

Əkizlərin anası Rəisə Mahmudova da dövlətdən kömək umur: «Kirayədə qalırıq. Bir otaqda yaşayırıq. Körpələri qoyub işləməyə gedə bilmirəm. Bir az böyük olsaydılar, özüm bir işin qulpundan yapışardım. Bütün günü onlarla evin içindəyəm. Qidalanmaları zəifdir. Özləri də zəifdirlər. Heç gözləmirdik ki, 4 uşaq birdən olacaq. Bu həyat yuxu kimi gəlir mənə. Elə bilirəm haçansa evimiz, doyunca yeməyimiz olacaq».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən bildirdilər ki, Mahmudovlar ailəsi ünvanlı sosial yardım alır. Azərbaycan Respublikasının qanunlarında əkiz doğulanlardan ötrü xüsusi güzəşt nəzərdə tutulmur.

Astara rayon Mərkəzi Xəstəxanasının uşaq poliklinikasından isə dedilər ki, həmin uşaqlar bir il-il yarım yaşına kimi sahə həkimin nəzarətində olub. İndi xəstələnəndə çağırış olunmalıdır.

İsmayıl Mahmudov isə deyir ki, 2 il əvvəl dörd uşağı birdən doğulanda, bütün ölkədə hamı onun ailəsindən yazıb. İndi isə onları yada salan, dərdlərinə dərman olan kimsə yoxdur...

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG