Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:06

Astara sakini: 'Kanalizasiyası olmadan böyük tikililərə necə icazə veriblər?'


Yaşayış binaları sıradan çıxır
Yaşayış binaları sıradan çıxır

S.Vurğun küçəsi Astara şəhərinin mərkəzində yerləşir. Bu küçədə dördmərtəbəli yaşayış binasının zirzəmisi çirkab suyu ilə doludur. Zirzəmiyə gedən yolu dəmir lövhə ilə qaynaq ediblər. Ancaq balaca pəncərələri açıqdır. Elə yerlər var ki, oradan çirkab suyu daşır.

"Kanalizasiya xətti işləmədiyinə görə..."

Bina sakini Səkinə Ağayeva (ad şərtidir ) deyir ki, burda yaşamaq çətinləşib: "Kanalizasiya xətti işləmədiyinə görə mənzillərin çirkab suları zirzəmiyə axır. Elə vaxtlar olur ki, zirzəmi də daşır. Şikayət edirik, gəlib nasosla çəkirlər, bir neçə gün keçməmiş yenə dolur. Binanın sovet dövründə inşa ediblər, o vaxtları çirkab suyu normal axırdı. Zirzəmidə Mülki Müdafiə Qərargahı fəaliyyət göstərirdi. Təmiz və quru idi. İndi dəhşətdir. Müxtəlif xəstəliklər var".

Yaxınlıqda olan beşmərtəbəli yaşayış binasında da eyni vəziyyətdir. Rayonun su-kanal sahəsinin işçiləri çirkab sularını binanın zirzəmisindən motor vasitəsilə xəttə vururdular. Onların demələrinə görə, ərazidə 10-dan çox dörd- və beşmərtəbəli yaşayış binası var: "Kanalizasiyanın xətti köhnədir, onun vasitəsi ilə axıdırıq".

Yaşayış binasının zirzəmisi
Yaşayış binasının zirzəmisi

"Varlı dövlətimiz var, kanalizasiya qura bilmir?"

Həmin binanın bir sakinin də deməsinə görə, zirzəmi çirkab suları ilə həmişə dolu olur: "20 ildən çoxdur bura köçmüşəm, elə belə görmüşəm. Payızda, qışda vəziyyət daha pis olur, çirkab suları ətrafa yayılır. Yaxınlıqdan Bakı-Astara yolu keçir. Oradan dövlət adamları, rəhbərlər də keçir. Bir fikirləşmirlər ki, əhali burda çirkab suyunda boğulur? Varlı dövlətimiz var, kanalizasiya qura bilmir? Axşam olur, milçək, ağcaqanad basır buranı".

"İldə dörd dəfə 60 manatdan pul toplayıb çirkab sularını..."

Şəhərdəki ikimərtəbəli yaşayış binalarında vəziyyət fərqlidir. Sakinlər demələrinə görə, çirkab sularını özləri daşıyırlar. Sakinlərdən biri Əmir Qasımov bildirir ki, bunun üçün pul ödəyirlər: "Gömrüyün önündə olan ikimərtəbəli yaşayış binasında yaşayıram. İldə dörd dəfə 60 manatdan pul toplayıb çirkab sularını anbardan daşıtdırırıq. Gördük ki, heç kim əhəmiyyət vermir, özümüz üstünə düşdük. Çirkab sularını hara daşıyırlar, bilmirik".

Çirkab suyu axan xətt
Çirkab suyu axan xətt

Astara şəhərində 20-yə yaxın iki- və çoxmərtəbəli yaşayış binası var. Son illərdə daha bir doqquzmərtəbəli yaşayış binası inşa edilib.

Şəhərin Xəzər dənizinə baxan hissəsində inşa edilən binaların sayı 50-yə yaxındır. Bunların heç birində kanalizasiya xətti yoxdur. Tikilən binalarla yanaşı, çirkab suları üçün anbar da inşa edilir.

Kələdəhnə çayı...

Şəhərin mərkəzindən 7-8 kilometr kənarda Kələdəhnə çayı keçir. Çay Xəzər dənizinə axır. Kanalizasiya xətti də bu çayın üstündən çəkilib. Çürüyüb dağılmış xətdən ətrafa çirkab suyu daşır. Məhəllənin sakinlərindən biri Vasif Mirzəyev problemin həllini vacib sayır: "Kanalizasiya xətti çayın üstündən keçirdi. İndi dağılıb, yaşamaq olmur. Mal-qara var ətrafda, ev quşları çirkab suda üzür. Mənim 70 yaşım var. Gözümü açıb bu kanalizasiya xəttini belə görmüşəm. Hər dəfə gəlib qaynaq edirlər. Bu xətti heç vaxt dəyişməyiblər".

Asən Həşimli
Asən Həşimli

"Gec partlayan minaya bənzəyir"

Sakinlərdən inşaatçı- mühəndis Asən Həşimli deyir ki, 30 ildən çoxdur Astara şəhərinin kanalizasiya xətləri dağılıb: "Fərdi evlərdə də vəziyyət yaxşı deyil. Çirkab suların az bir hissəsi köhnə xətlə dənizə axıdılır. Dənizi də çirkləndirirlər".

Onun sözlərinə görə, kanalizasiya xətti olmadan çoxmərtəbəli yaşayış binalarının inşası düzgün deyil: "Astara şəhəri İranla sərhəddə yerləşir. Şəhərin 20 minə yaxın əhalisi var, bir o qədər də yayda adamlar bura istirahətə gəlirlər. Şəhərin Xəzər dənizinə yaxın olan hissəsində çoxmərtəbəli hotellər, müxtəlif tikintilər inşa edilib. Çirkab sularının axıdılması üçün bunların heç birisinin normal şəraiti yoxdur. Məəttəl qalmışam ki, kanalizasiya olmadan böyük tikililərə necə icazə veriblər? Antisanitariya var... Kanalizasiyanın olmaması gec partlayan minaya bənzəyir".

Çirkab suyu çaya tökülür
Çirkab suyu çaya tökülür

Onun xatırlamasına görə, Astara şəhərində kanalizasiyanın inşası dəfələrlə dövlət proqramlarına salınıb: "...İndi Astara rayonunda kanalizasiyanın tikilməsi barədə, ümumiyyətlə, söhbət getmir".

İcra hakimiyyəti: "...Problem həllini tapacaq"

Astara rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Balacan Həbibov isə məsələ ilə bağlı yalnız bunları söylədi: "Astara şəhəri içməli su ilə təchiz olunub. Bu problem həll edilib. Şəhərdə yeni kanalizasiya xəttinin çəkilməsi "Regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramı"na salınıb. Müharibə başladı, işlər dayandı. İcra hakimiyyəti başçısı bu barədə məktubla müraciət edib. Çirkab suları anbarlardan maşınla daşınır. Yeni tikilən binalarda da vəziyyət eynidir. Bu məsələ bizi narahat edir. Yəqin ki, yaxın vaxtlarda bu problem həllini tapacaq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG