Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Astarada bəzi ailələrə“dərd batmanla gəlir”


Astara rayon xəstəxanası
Astara rayon xəstəxanası

“Rusiyaya yaxınlarımın yanına getmişdim, bir ay orada qaldım. Bizi müxtəlif ailələr qonaq çağırırdılar. Onların diş fırçasından istifadə edirdim. Azərbaycana-evə qayıtdım. Bir ay keçəndən sonra özümü pis hiss etmyə başladım. Həkimə getdim. Dedilər heç nə yoxdur.”

Rayon sakini Asəf (ad şərtidir ) tez-tez əlini dizinə çırpır. Ümidsiz halda sözünə davam edir:

“Yadıma düşdü ki, Rusiyada qonaq getdiyim evlərdə...”

“Mənə dedilər ki, get qanını yoxlatdır. Qanı yoxladılar. Dedilər ki, sən QİÇS-ə ( Qazanılmış İmmun Çatışmazlığı Sindromu-r) yoluxmusan. İnanmadım. Yenidən yoxlatdırdım, eyni cavab aldım. Ha fikirləşdim ki, harda səhvə yol vermişəm. Yadıma düşdü ki, Rusiyada qonaq getdiyim evlərdə başqasının diş fırçası ilə dişimi fırçalamışam. Bir balam var ona yazığım gəlir. Evdə sərbəst hərəkət edə bilmirəm. Birinə dərdimi danışdım, çatdırdılar iş yerimə. Müxtəlif bəhanələrlə məni işdən çıxartdılar. Məhkməyə verə bilərdim, özüm vermədim. Bu nə bəladır başıma gəldi? Heç yerdə işə yaxın buraxmırlar. Birtəhər dolanıram...”

Həkim qeydləri...

Lənkəran rayonlararası HİV/QİÇS Diaqnostikası Laboratoriyasının baş həkimi Rəmiəli İbişov deyir ki, bu xəstəliyə yoluxmuş adamların adları anonim qalır:

“Bu barədə yalnız xəstə məlumat verə bilər. QİÇS-lə Mübarizə Mərkəzi var. Onlar xəstəni sənədlərlə təmin edirlər.QİÇS-ə yoluxmuş adamların işləyib- işləməməsi qanunla tənzimlənir. Kimsə nə isə deyə bilər. Xəstəliyə yoluxmuş adamlar bəzi yerlərdə işləyə bilməzlər.Amma elə yer də var ki, işləyə bilərlər. Belə xəstələr xəstəlyi yoluxdurmurlar.”

Amma Asəf Astara rayonunda xəstəliklə bağlı işsizlik problemi ilə üzləşən yeganə adam deyil. Astara rayon sakini Sevda Həbibzadə də xəstələndikdən sonra işini itirib. Onun isə hepatit xəstəsi olduğu deyilir:

Sevda Həbibzadə
Sevda Həbibzadə

“ Qazanc çörəyə çatmır”

“Bir uşağım var. Bacımla birlikdə 3 nəfər kirayədə qalırıq. Yeganə qazancımız, bacımın əlilliyə görə aldığı az miqdarda puldur. O da çörəyə çatmır. İcra hakimiyyəti başçısının yanında oldum. O da məni şəhər üzrə nümayəndəyə tapşırdı. Ona dedi ki, kömək elə, ona iş tap. Astara şəhər nümayəndəliyinə bir neçə dəfə getmişəm, bahanə gətirirlər. Məşğulluq idarəsində də olmuşam. Hepatit xəstəsiyəm. Bildim ki, xəstəliyimə görə, məni yaxına buraxmırlar.”

“Hiss edirəm ki, xəstəliyimlə bağlı mənə yaxın durmurlar.”

S. Həbibzadənin sözlərinə görə, əvvəllər yaxınları onlara kömək ediblər. Deyir ki, indi onların da imkanları yoxdur:
“Çox vaxt ac qalırıq. Aylarla dilimizə ət dəymir. Üstəlik, mənim xəstəliyim də müalicə istəyir. Dərmanlar bahadır. Heç nə edə bilmirəm. Köməksiz qalmışıq. İşləsəm, problemlərimiz qismən həll olunar.Sanki biz atılmış adamlarıq. Hiss edirəm ki, xəstəliyimlə bağlı mənə yaxın durmurlar.”

“Əgər yararsızamsa, onda əlillik versinlər”

S. Həbibzadə deyir ki, ən çox onu uşağının gələcəyi narahat edir:

“Özüm heç. Uşağa görə narahatam. Məktəblidir, geyim istəyir. O normal qidalanmalıdır. Bunlar isə yoxdur. Əgər yararsızamsa, onda əlillik versinlər. Onu da vermirlər. Biri deyir sağlamsan, işləyə bilərsən, digəri əksinə deyir.”

Astara rayon Mərkəzi Xəstəxanasının həkmi Fuad Səmədov deyir ki, Sevda Həbibzadə onlara müraciət edib:

“O xəstə bizdə qeydiyyatda var. Hepatitdir. Gəlsin, yenidən yoxlatdıraq, əmin olaq. Amma burda olub. İşləyə bilər.”

Astara rayon İcra hakimiyyətinin binası
Astara rayon İcra hakimiyyətinin binası

İcra Hakimiyyəti nə deyir?
Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri üzrə ərazi nümayəndəsi Şahaverən Cavadov da Sevda Həbibzadənin onlara müraciət etdiyini təsdiq edir: “ İcra hakimiyyəti başçısının qəbulunda olub.Sonra məlum oldu ki, xəstədir. Ona müəyyən qədər vəsait verdik ki, getsin Bakıda yenidən yoxlamadan keçsin.”

Hüquşünas rəyi

Hüquqşünaslar isə deyir ki, əgər şəxs xəstədirsə dövlət onu köməksiz qoya bilməz. Həttda onların sözlərinə görə, QICS-ə yoluxanlar belə işləmək hüququndan məhrum edilməyiblər.
Üstəlik, qanunvericlik onlarla bağlı bəzi informasiyaların məxfi saxlanmasını tələb edir.

Xatırlatma

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ingiliscə AIDS) özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir .

HİV və ya İİV –insanın immun çatışmazlığı virusudur. O, insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir.

QİÇS diaqnozu, adətən, İİV-ə yoluxandan bir neçə il sonra- insanda bir və ya bir neçə ciddi xəstəliklər yarandıqda qoyulur. Bu zaman CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətləri opportunistik infeksiyalar, yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.

Hepatit A xalq arasında sarılıq xəstəliyi kimi tanınır. Hepatit B qaraciyər ltihabı və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir.

Hipatit C isə qaraciyər sirrozuna gətirə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG