Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:21

'Bu yolla büdcənin neftdən asılılığını sıfıra endırmək istəyirlər'


C.Abbasov
C.Abbasov

"Borca düşmüşəm"

Yataq xəstəsi olduğu bildirilən Xanağa Abbasov əlillik almayıb. O, danışa da bilmir. Yaxınları bir ildən çoxdur ki, onun yataq xəstəsi olduğunu söyləyirlər. Oğlu Ceyhun Abbasovun deməsinə görə, atasına əlillik almaq istəyir, lakin indiyə kimi buna nail ola bilməyiblər: "Ötən ilin mayında insult keçirtdi. Bu yaxınlarda onu ikinci dəfə insult vurdu. Onun həyatda qalması üçün 4-5 min manat xərc çəkilib. Borca düşmüşəm. Özümün maddi vəziyyətim pisdir. Ailəmizdə heç kimin daimi işi yeri yoxdur. Kiminsə həyətində bir iş olanda məni çağırırlar,10-15 manat günə ödəyirlər. Belə işlər də həmişə olmur. Özümü və ailəmi yaddan çıxartmışam. Onun dərmanına pul da çatmır".

"Qanuni yolla atam üçün əlillik ala bilmirəm"

Oğlunun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanasında olub, lakin atasının əlillik problem həll olunmayıb: "Cəmi bir dəfə həkim ona baş çəkib. Xəstəxanada mənə dedilər ki, atana əlillik düşür. Ancaq qanuni yolla atam üçün əlillik ala bilmirəm. Mənim elə tanışlarım var ki, əlil olan uşağının pensiyasını kəsiblər. Fikirləşdim ki, dövlətimiz mənə belə ağır vəziyyətdə kömək edər, atam üçün əlillik kəsərlər. Alınmır".

R.Abbasova
R.Abbasova

"Evdə iki məktəbli uşaq var"

C.Abbasovun həyat yoldaşı Rəvanə Abbasova bütün günü xəstənin yanında olduğunu deyir: "Evdə iki məktəbli uşaq var. Məktəbə göndərmək üçün çətinlik çəkirəm. Qayınatam sağlam olanda belə çətinliklər yox idi. O, işləyirdi, yoldaşım da 5-6 manat pul gətirirdi, dolanırdıq. İndi qayınatam yataq xəstəsidir, ayağa dura bilmir. Hər işlərini biz görürük. Maddi vəziyyətimiz yaxşı deyil... Əl çəkdik. Yorulduq. Gördük ki, mümkün deyil".

"Əlində sənədi yoxdur"

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev yataq xəstələri ilə bağlı problemlərin olduğunu təsdiq edir. O, eyni zamanda, vurğulayır ki, bu problemlər xəstəxana ilə bağlı deyil: "Əlilliyi biz vermirik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Sənədlər olandan sonra "forma 88" düzəlir. Bunun heç nəyi yoxdursa, "forma 88"i yaza bilmirik. O evdə yataq xəstəsidirsə əlillik düşür. Amma əlində sənədi yoxdur. Bakıda akt alıb gətirməyib, ixtisaslı xəstəxanada müalicəsi yoxdur. Əldə bu sənədlər yoxdur. Sənədlər olanda sistemə yerləşdiririk. Onun əlilliyi müəyyənləşdirilir".

Yataq xəstəsi X.Abbasov
Yataq xəstəsi X.Abbasov

"Əlilliyi pul ilə düzəltmək mümkün deyil, böhtandır"

Baş həkimin sözlərinə görə, yataq xəstəsi olan X.Abbasov xəstəxanada müalicə almayıb: "Vətəndaş müalicə olunmadığı halda ona necə əlillik vermək olar? Belə olanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası onlara əlillik təyin edə bilmir. Aparılması mümkün olmayan xəstə yoxdur. Nazirlər Kabinetinin qərarına əsasən hərəkət edirik. Bizdə əlilliyi pul ilə düzəltmək mümkün deyil, bu böhtandır. Ən yaxşı halda xəstəni Tibbi Sosial Ekspert Komissiyasına əyani müayinəyə aparsınlar. İxtisaslaşmış xəstəxanadan sənəd olmadan əlillik mümkün deyil. Hökmən olmalıdır".

Onun vurğulamasına görə, belə yataq xəstəsi olanlarla bağlı müraciət edilib, amma müsbət cavab alınmayıb.

"Uşaqpulu vermirlər"

İctimai fəal Vaqif Əhmədoğlunun isə vurğulamasına görə, bu günlər bir çox yerli saytlar rəsmi şəxslərə istinadən belə məlumatlar yayıblar ki, son illər əsassız pensiyaların ləğvi ilə 500 milyon manata qənaət olunub: "Bunu necə qənaət etmək olar? Saxta əlillik alan, ola bilsin, 10-15 min nəfər olsun. Rəqəm özü hər şeyi deyir. Bu, həmin yataq xəstələridir. Əlilliyi əlindən alınmış insanlardır. Uşaqpulunu vermirlər. Bu yolla büdcənin neftdən asılılığını sıfıra endırmək istəyirlər".

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG