Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:21

Astaralı satıcı: 'Nisyə alıcıların sayı iki dəfə artıb'


Astara bazarı

Astaranın mərkəzi bazarında əvvəlki qələbəlik yoxdur. Bazarda alıcıdan daha çox satıcı gözə dəyir. Elə satıcı var ki, yoldan keçənin də qarşısını kəsir, malını təklif edir...

Kənd təsərrüfatı məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan bir sahibkar deyir ki, adamların alıcılıq qabiliyyəti aşağı düşüb: «Kartof İranındır. Yerli məhsul daha gətirilmir. Bir kiloqramı 70 qəpiyədir. Arpanın bir kiloqramı 42, buğda isə 40 qəpiyədir. Arpa yoxdur. Dedilər Rusiyadan gələcək, hələ ki, yoxdur. Kəpək ötən ilə nisbətən bahadır, kisəsi 5 manata. İçində 20 kiloqram kəpək var. Qoz, fındıq özümüzündür, kilosu 7 manatadır. Kələm, çuğundur, yerkökü müxtəlif rayonlardan gətirilir. Almanın qiyməti bir qədər qalxıb - 20-30 qəpik. Kələm ötən ilə nisbətən bahadır, kilosu 1 manatadır. Ötən ilə nisbətən qazanc azdır...».

«SOĞAN ƏKƏNLƏRİN BELİ QIRILDI»

O deyir ki, soğanın qiyməti dəyişməyib: «Soğanın bir kisəsi 5 manatdır. Kisədə 35 kiloqram soğan var. Bu məhsulu Ağdamdan gətirirlər. Soğanı gətirən adam şikayət edirdi ki, yolpulunu belə çıxarda bilmir. Soğanı xaricə buraxmadılar, bu məhsulu əkənlərin beli qırıldı. Bu il çətin ki, bu qədər soğan əksinlər. Bu ilin sonunda soğanın qiyməti kəlləçarxa çıxacaq».

Soğanın bir kisəsi 5 manatdır.
Soğanın bir kisəsi 5 manatdır.

Alıcılardan biri deyir ki, göyərti istəyir, gücü buna çatır: «Yaşım 70-i ötüb. Həyat yoldaşımla yaşayıram. İkimiz də pensiya alırıq. İşığı, qazı bahalaşdırdılar, pulun yarısı ora gedir. Yaşlı adamlarıq. Bizə istilik yemək qədər vacibdir. Gecə-gündüz soba yanır. Dərman alırıq. Bir övladımız Rusiyadadır. O olmasa, vəziyyətimiz daha da pis olar. Yediyimiz elə şorbadır. Tərəvəz tökürəm üstünə, bir təhər dolanırıq. Əsas odur ki, sakitlik olsun...».

«6-7 SAAT AYAQ ÜSTƏ, SOYUQ HAVADA...»

Akif adlı satıcı deyir ki, əvvəlki qazancı yoxdur: «Nə qazanc? Rəhmətliyin oğlu, söhbət çörəkpulundan gedir. İşsizlikdəndir. İş olsa, gedib işləyərəm də. 6-7 saat ayaq üstə, soyuq havada, adam istəyərəm dözsün».

O, vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edir.

«İKİ AY ƏRZİNDƏ ƏTİN QİYMƏTİ 2 MANAT QALXIB»

Bunu isə qəssab deyir. Onun deməsinə görə, ətlik mal-qaranın da sayı azalıb:

Astara bazarı.
Astara bazarı.

«Ötən ilin payızında xəstəlikdən xeyli mal-qara öldü. Ətlik maldan ötrü dağa qalxıram, 24 kilometr yol gedirəm, Sım kəndinə. Orda da mal-qara azalıb. Bazarda 7 yerdə ət satırdılar, indi 4-ü qalıb. Ət alan da azdır. 200 qram ət alırlar. İlin bu vaxtları balıq ovu aktivləşir. Balıq olur, ətdən də ucuz. Toyuq əti də ətdən ucuzdur».

«YAĞLAR HƏR AY 5-10 FAİZ QALXIR»

Supermarketlərdə vəziyyət bir qədər fərqlidir.

Burda satılan istehlak malların çoxu xaricdən gətirilib. Ona görə də qiymətlər daim yüksələn xətlə dəyişir. Mağaza sahibinin deməsinə görə, qiymət artımına öyrəşiblər: «Şəkər, qənd özümüzündür. Qəndin bir kiloqramı 1 manat 90 qəpik, şəkər tozu isə 1 manat 30 qəpiyə satılır. Quş əti 4 manat 30 qəpiyədir, 5 manata gətirmişdilər, götürmədim. Yağlar hər ay 5-10 faiz qalxır. Bu ayda ən çox düyü qalxıb, 5 kiloqramlıq düyü 15 manat 50 qəpik olub. Əvvəllər 11 manata idi. 50 kiloqramlıq un 28 manatdır. Nisyə alıcıların sayı iki dəfə artıb. İndi çörəyi də nisyə alırlar. Əvvəllər belə şey yox idi. İndi mağazaya gələnlər uzaqbaşı 4-5 manat xərc çəkirlər, o da zəruri ərzaq məhsulları alırlar. Çox çətindir. Dərdini kimə deyəsən?».

Fayıq Cəfərzadə
Fayıq Cəfərzadə

«İKI MAĞAZANI BAĞLADIM....»

Astara rayonunun Ərçivan kənd sakini, işadamı Fayıq Cəfərzadə isə deyir ki, ticarət obyektləri bağlanır: «İki mağazanı bağladım. Xərci qazancından çox çıxırdı. Gündə ərzaq məhsulların qiyməti dəyişir. Bezdim. Bu qovhaqovda monopolistlər qazanır. Halalıq itib. İndi çəltik əkini ilə məşğulam. Obyektlərimi icarəyə vermək istəyirəm».

Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalı istehlak mallarının qiymətlərin dəyişməsini təbii sayır: «İdxaldan asılıyıq. Xaricdən gələn məhsullar dollarla alınır, dollar da manata nisbətən bahalaşır. İstehlak məhsullarının çoxu xaricdən dollarla alınır, ölkədə isə manatla satılır. Bu nisbətə görə xaricdən gələn malların qiyməti dəyişir».

«BAHALAŞMA ÜZÜ YUXARI GEDİR»

İqtisadçının dediyinə görə, bahalaşma kənd təsərrüfatına da təsir edəcək: «Toxumluq kartofu Rusiyadan gətirirlər. Rusiya kartofu manatla satmaz ki? Eşitdiyimə görə, Astarda toxumluq çəltiyi İrandan gətirirlər. Yəqin ki, İran da bu toxumluğu dollarla satar. Bu baxımdan, alınan toxumlar baha başa gələcək. Hər kəs üçün əlçatan olmayacaq. Bahalaşma üzü yuxarı gedir...».

XS
SM
MD
LG