Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:11

Astarada məzar daşını borca düzəltdirənlər var


Usta Feyruz Ramazanovun karxanası Bakı-Astara yolunun yaxınlığında yerləşir.
Usta Feyruz Ramazanovun karxanası Bakı-Astara yolunun yaxınlığında yerləşir.

Astara şəhər sakini, 67-yaşlı məzar daşı ustası Feyruz Ramazanovun sexi Bakı-Astara yolunun kənarında yerləşir. O, məzar daşının başdaşı hissəsinə kiçik, qara lövhə yapışdırırdı. Yoldan fasiləsiz keçən maşınların səsləri belə onu işdən yayındırmırdı...

"Borcları nisyə dəftərinə yazıram"

F.Ramazanov deyir ki, başdaşı hazırlamaq ağır və çətin işdir. Onun sözlərinə görə, artıq 25 ildir məzar daşı hazırlayır. O əlavə edir ki, kasıblar, adətən, yas mərasimlərində yığılan pulları məzar daşına, məclisə xərcləyirlər: "Bu koronovirus pandemiyası dövründə təqribən iki il yas mərasimlərini qadağan etdilər. Adamlar toplaşmadı, pul yığılmadı. O dövrdə hazırladığım başdaşılarının pullarını bugünə qədər ala bilmirəm. Dəfn pulu işsizə vermirlər. Borcları nisyə dəftərinə yazıram".

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi tətbiq edilir. Son aylar karantin bir xeyli yumşaldılıb, artıq kütləvi yas mərasimlərinə də icazə verilir.

F.Ramazanov
F.Ramazanov

"Heç kim başdaşına görə borclu qalmaq istəmir"

Başını qaldırıb düzülmüş başdaşılarını əli ilə göstərib deyir ki, sifarişlə gələn daşlar olsa da, pulları verilməyib. O, bəzi işlərdə gəlirinin olmadığını da söyləyir: "Kasıb adamdır, gəlir, xahiş edir. Amma illər keçsə də, insanlar gəlib pulunu verirlər. Heç kim başdaşına görə borclu qalmaq istəmir. Ayda ağdaşdan orta hesabla altı-yeddi başdaşı düzəldirik. Mərmər daş bahadır, hər kəs onun sifarişini vermir. Ayda iki-üç ədəd olur".

Daş, mərmər bahalaşıb

Usta başdaşıların da bahalaşdığını bildirir. O bunun səbəbini ölkədə gedən bahalaşmada, yolların bağlanmasında görür: "Qara mərməri, əsasən, Rusiyadan gətirirlər. Yollar bağlıdır, ona görə bahalaşır. Ağdaşı Qaradağdan gətiririk. Hündürlüyü 1 metr 50, eni 40 santimetr olan daşlar ötən il 70 manata idi, indi olub 170 manata".

Ustanın sözlərinə görə, qara mərmər isə təqribən 50 faiz bahalaşıb. Vurğulamasına görə, mərmərin keyfiyyətindən asılı olaraq qiyməti dəyişir.

"Başdaşı hazırlamaq çətindir".
"Başdaşı hazırlamaq çətindir".

"Fikirləşirsən ki, doğma adamı rəhmətə gedib..."

F.Ramazanov dikəlib alnındaki təri silir. Hazırladığı başdaşını kənara qoyub yanındakı dəftərə qeydlər edir. Yorğun görünür. Amma deyir ki, əlindəki işi həmin gün başa çatdırmalıdır: "Bahalaşma adamları kasıblaşdırır. Qiymət deməkdə utanırsan. Fikirləşirsən ki, doğma adamı rəhmətə gedib, əli də aşağı. Karxana mənimdir, daşlar başqasının. Pandemiya dövründə gündə bizi yoxlayırdılar, işləməyə qoymurdular. Onda sifarişlər çox idi. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi dövründə həlak olanlarımız oldu".

Onun sözlərinə görə, son dövrlər ölüm hadisələri artıb: "Elə gün olub yeddi qəbir qazdırmışam. Təzə qəbiristanlığa da mən nəzarət edirəm. Əhalinin qidalanması pisdir. Kasıbçılıqdır. Ölənlərin arasında 60-70 yaş həddində olanlar çoxdur".

Başdaşı üstündə iş saatlar aparır.
Başdaşı üstündə iş saatlar aparır.

"Qəbiristanlıqda da göstərmək istəyirlər ki, pulları var"

F.Ramazanov bu işdən gəlir götürsə də, təmtərağın, böyük xərclərin əleyhinədir. Deyir ki, mərmər başdaşı qoymaq artıq xərc çəkməkdir: "Varlı adamlar başdaşı qoymaqda bəhsə giriblər. Biri gəldi 2 min manata qara mərmərdən başdaşı sifariş verdi. Bir müddət keçdi, onun qonşusunda ölən oldu. Həmin qonşu gəldi dedi ki, mənim üçün 2 min 300 manata başdaşı hazırla, məndə baha olsun. Bahalı başdaşı qoyulmasına tərəfdar deyiləm. Qəbiristanlıqda da göstərmək istəyirlər ki, pulları var...".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG