Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:19

Suriya danışıqlarında razılığa gəlinib, amma...


Suriya sülh danışıqları - Astana, 23 yanvar 2017
Suriya sülh danışıqları - Astana, 23 yanvar 2017

Suriya danışıqları Rusiya, Türkiyə və İran arasında anlaşmayla başa çatdı, amma Suriyadakı qüvvələr razılığa gələ bilmədilər.

Rusiya və Türkiyənin təşkil etdiyi Astana danışıqları 2 gün çəkib, dünən – yanvarın 24-də qurtarıb. «Reuters» xəbər agentliyi xarici qüvvələrin sülh planını dəstəklədiyini, amma qiyamçıların hələ müxtəlif cəbhələrdə vuruşduğunu yazır.

ATƏŞKƏSİ POZAN ƏN BÖYÜK AMİL

Qazaxıstanın xarici işlər naziri Kairat Abdrakhmanov deyib ki, aparıcı ölkələr atəşkəsə əməl olunması və prosesə nəzarət, təxribatları əngəlləməkdən ötrü ümumi sistem yaratmaqla bağlı razılığa gəliblər. Sənədi Suriyanın danışıqlardakı təmsilçisi Bashar Jaafari də alqışlayıb, amma Dəməşqin qərbindəki qiyamçılara qarşı hücumların davam etdiriləcəyini vurğulayıb. Qiyamçılarsa bunun atəşkəsi pozan ən böyük amil olduğunu söyləyiblər.

Müxalifətçilərdən Mohammad Alloush isə İranın roluna etirazını bildirib, anlaşma sənədinin İranın Suriyada qan tökməsini leqallaşdırdığını, qiyamçılarla vuruşan şiə yaraqlılarının rolundan bəhs etmədiyini deyib.

«Reuters» agentliyi danışıqlarda təmsil olunan iki qüvvənin – cihadçı «Cəbhət Fateh əl-Şam» qrupuyla Azad Suriya Ordusunun hazırda ölkənin şimal-şərqində bir-biriylə döyüşdüyünü qeyd edir. Cihadçılara uduzmaqda olan Azad Suriya Ordusunun danışıqlardan da nə isə əldə etməsi sual altındadır.

Qiyamçıların nümayəndə heyətinin rəhbəri Mohammad Alloush.
Qiyamçıların nümayəndə heyətinin rəhbəri Mohammad Alloush.

ATƏŞKƏSƏ NƏZARƏT MEXANİZMİ YOXDUR

Astana danışıqlarında qiyamçılarla Suriya hökumət qüvvələri ilk dəfə idi bir araya gəlirdilər. Onların arasında anlaşma alınmasa da, Rusiyanın təmsilçisi Alexander Lavrentyev narazılıq etməyib, «Biz Astana prosesinin başlanmasına nail olduq», – deyib.

«Reuters» agentliyi isə danışıqların Rusiya, Türkiyə, həm də İran arasında xüsusi ittifaqla sonuclandığını, amma BMT-nin, eləcə də başı daxili məsələlərə qarışmış ABŞ-ın Suriya münaqişəsinin həllindəki rolunun aydın olmadığını qeyd edir.

Atəşkəsə nəzarət mexanizmi də hələ ortalıqda yoxdur. «Reuters» Rusiya, Türkiyə və İran təmsilçilərinin fevralın 6-da yenə Astanada görüşmək, nəzarət mexanizmini hazırlamaq qərarına gəldiyini yazır.

Staffan de Mistura
Staffan de Mistura

«PROSES DAVAM ETMƏLİDİR»

ABŞ toplantıya nümayəndə heyətini göndərməsə də, səfirlik səviyyəsində təmsil olunub. Vaşinqton «ittifaq» üzvlərini Suriya rejiminə və rejim tərəfdarı qüvvələrə, eləcə də müxalifətə təzyiq göstərməyə, atəşkəsə əməl etməyə, Suriyanın daxili siyasi qüvvələri arasında danışıqların başlanmasına şərait yaratmağa çağırıb.

BMT-nin Suriya elçisi Staffan de Mistura da toplantıya qatılıb və jurnalistlərlə söhbətində gələn ay Cenevrə toplantısında sülh danışıqlarının bərpa ediləcəyinə ümidli olduğunu deyib: «Bu proses Cenevrədə davam etməlidir…Biz daha bir atəşkəsin, siyasi prosesin irəliləməməsi üzündən batmasına imkan verə bilmərik».

«Reuters» hər şeyə rəğmən, Astana danışıqlarında həm Assad tərəfdarlarının, həm də opponentlərinin kimin qiyamçı, kimin cihadçı olduğunu müəyyənləşdirdiyini yazır.

Suriyada hökumət və müxtəlif qiyamçı qruplar arasında döyüşlər – vətəndaş müharibəsi 6 ildən çoxdur davam edir. Müharibədə 400 min adam ölüb, yüz minlərlə insan vətənindən didərgin düşüb.

XS
SM
MD
LG