Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Suriya prezidentinin qohumları Moskvada azı 19 mənzil alıblar


Vladimir Putin (solda) və Bashar al-Assad ötən il Soçidə

Suriya prezidenti Bashar al-Assad-ın qohumları Rusiya paytaxtının Moskva-Siti yaşayış kompleksinin ərazisində azı 19 mənzil alıblar.

Bu barədə korrupsiya ilə mübarizə qeyri-hökumət təşkilatı Global Witness qrupundan aldığı sənədlərə istinadən Financial Times qəzeti yazıb.

Suriya liderinin qohumlarının Moskvada aldığı daşınmaz mülkiyyətin ümumi dəyəri 40 milyon dollardır.

Bu sənədlərdən məlum olur ki, Bashar al-Assadın dayısı Mohammad al Makhlouf-un ailə üzvləri sözü gedən mənzilləri 2013-cü ildən almağa başlayıblar.

Bu mənzillərdən 13-ü prezidentin dayısı oğlu Hafez Makhlouf-un və ona aid şirkətlərin mülkiyyətindədir.

Assadın digər dayısı oğlu Rami Makhlouf-un arvadı burada iki lüks mənzilə sahiblənib.

Moskva göydələnlərindəki mənzillərdən üçünü başqa Makhlouf qardaşları alıblar.

Financial Times yazır ki, bu mənzillərin azı dördündən yaşayış üçün istifadə edilir.

Assadın Moskvada ev almış qardaşlarının hamısı beynəlxalq sanksiya siyahısındadırlar.

Rusiya bankları

Məqalədə deyilir ki, daşınmaz əmlakın alınması üçün əsasən ofşor şirkətlərdən istifadə edilib.

Beləki mənzillərin rəsmi sahibləri Livana aid ofşor şirkətləridir.

Financial Times yazır ki, nə Assadın qohumları, nə də ofşor şirkətlər onun sorğularına cavab verməyiblər.

Global Witness təşkilatının məlumatına görə Makhlouf ailəsinə məxsus olan Rusiya şirkətlərindən azı biri Sberbanka xidmət göstərib.

Qəzet yazır ki, Sberbank və Makhlouf-lar arasında sövdələşmələr iri Rusiya banklarının Assad rejiminə dəstəyinin geniş sxeminin bir hissəsidir.

2012-2013-cü illərdə Reuters və Wall Street Journal xəbər verirdilər ki, Assad rejimi Rusiyanın iki böyük bankında – Gazprombank və VTB-də hesablara malikdir.

Global Witness təşkilatı bildirir ki, daşınmaz əmlak sövdələşmələri Rusiyanın Suriya rejiminin Moskvada gizlənən və öz ölkələrində qanlı müharibənin getdiyi bir vaxtda dəbdəbəli həyat keçirən əlaltılarına köməyini göstərir.

Москва-Сити
Москва-Сити

Kreml bilmir və bilmək də istəmir

Assadın dayısı oğlu Rami Makhlouf uzun müddət Suriyanın ən zəngin biznesmeni hesab olunub.

Suriyadakı mobil telefon əməliyyatçısı – Syriatel onun mülkiyyətindədir.

2011-ci ilin mayında Avropa İttifaqı ona qarşı “nümayişçilərə zor işlədən rejimi dəstəklədiyinə görə” sanksiyalar elan edib.

2019-cu ildə kütləvi-informasiya vasitələri xəbər verirdilər ki, Bashar Assad Rusiyaya borcların ödənməsindən imtina edən dayısı oğlu Ramini ev məhbusu edib.

Rusiya Qərbin insan haqlarının pozulmasında və hərbi cinayətlərdə ittiham etdiyi Assada həlledici dəstək verir.

2015-ci ildə Rusiya Suriyaya hərbi müdaxilə edəndə Assad rejimi devrilmək üzrə idi.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, Kremldə bu mənzil sövdələşmələri barədə heç nə bilmirlər və “əslində bilməməlidirlər”.

"Rusiya tamamilə azad bazardır. Burada çox sayda Rusiya və xarici ölkə vətəndaşları daşınmaz əmlak obyektləri alırlar. Bu, normal və geniş yayılmış praktikadır”.

XS
SM
MD
LG