Səbayel Rayon Məhkəməsi hüquqşunas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırıb. İş adamı, “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənovun hüquqşunasa qarşı tələbləri qismən təmin edilib.
Mürvət Həsənov ilə “Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Oral arasında yaşanan maliyyə qalmaqalında ikinci şəxsin vəkili Aslan İsmayılovdur. Mürvət Həsənov iddia edirdi ki, hüquqşünas Facebook sosial şəbəkəsində ona “dələduz” deyib.
Bu gün, iyulun 31-də Səbayel Rayon Məhkəməsində iş adamının iddiası üzrə sonuncu məhkəmə iclası keçirilib.
Hakim Azər Tağıyevin məhkəmə istintaqının yekunlaşdığını elan etməsinə Aslan İsmayılov etiraz etsə də, onun etirazı qəbul edilməyib. Tərəflər son söz deyiblər.
İş adamı Mürvət Həsənov hakimdən xahiş edib ki, Aslan İsmayılov məhkəmə zalında həbs edilsin.
Aslan İsmayılov isə ona qarşı irəli sürülən ittihamı rədd edib.
Məhkəmə qısa müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, Aslan İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmçinin, onun qazancından 15 faiz dövlət nəfinə tutulmalı və o 1500 manat cərimə ödəməlidir.
Aslan İsmayilov məhkəmədən sonra bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.
“Bu mənim ictimai fəaliyyətimlə bağlı hökumətin təqibidir. ”, deyə o qeyd edib.
Amma iş adamı, “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənovun hökümə münasibətini, hələlik, almaq mümkün olmayıb.
Xatırlatma
İş adamı Mürvət Həsənovla “Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Oral arasında borc qalmaqalı baş verib. Ömür Oralın vəkili Aslan İsmayılov olub.
Mürvət Həsənov məhkəmədə iddia edib ki, Aslan İsmayılov "Facebook” səhifəsində, mediaya açıqlamalarında onun ünvanına böhtan məzmunlu ifadələr işlədib.
O, hüquqşunasın böhtana görə həbs edilməsini istəyirdi. Aslan İsmayilov isə qarşı tərfin iddialarını əsassız sayırdı.