Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

'Bunu həbs edin, hamının canı qurtarsın'


Aslan İsmayılov
Aslan İsmayılov

“Bu adam özbaşına deyil, onu himayə edənlər var. Himayəçiləri də Fikrət Məmmədov, Əli Həsənovdur...” - hüquqşünas Aslan İsmayılov iyulun 5-də məhkəmədə onun həbsini tələb edən işadamı, “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənov haqqında deyib.

Mürvət Həsənov Aslan İsmayılovun CM-in 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılıb həbs olunmasını istəyir. Onun iddiasına görə, hüquqşünas Facebook sosial şəbəkəsində onu “dələduz” adlandırıb.

Mürvət Həsənov ilə “Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Oral arasında yaşanan qalmaqalda türk biznesmenin vəkili Aslan İsmayılovdur.

Aslan İsmayılov deyir ki, “Siyəzən Broyler”in Ömür Orala göndərdiyi 3 milyon 800 min dolların 1 milyon 800 minini Mürvət Həsənov mənimsəyib. Bununla bağlı şikayətlərdən sonra Həsənov haqqında prokurorluqda və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar aparılıb. Hüquqşünasın sözlərinə görə, Mürvət Həsənov həmin məbləği qaytaracağı haqda öhdəlik götürəndən sonra onun haqqında cinayət işinə xitam verilib. Üstündən xeyli vaxt keçsə də, Həsənov pulu qaytarmayıb. Vəkil bildirir ki, ona görə də Facebook səhifəsində onun haqqında “dələduz” ifadəsini işlədib.

“Elə indicə həbs eləyin, hamının canı qurtarsın”

İyulun 5-dəki məhkəməyə xüsusi ittihamçı qismində qatılan işadamı hüquqşünasın həbs olunmasını istəyib: “Mənim Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində 3 gün saxlanmağım barədə dedikləri yalandır. Araşdırma üçün dəvət ediblər, izahat verib gəlmişəm. Möhtərəm hakim, bu adam şər-böhtanlarıyla hamının canını boğazına yığıb. Biz də bu prosesin artıq bitməsini istəyirik. Elə indicə bunu həbs edin, hamının canı qurtarsın”.

Məhkəmə həm prokurorluğa, həm də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Mürvət Həsənov barədə materialların surətlərinin alınmasından ötrü sorğu göndərmişdi. Materiallar göndərilib, amma Aslan İsmayılov sənədlərin tam olmadığını deyir.

Təqsirləndirilən hüquqşünas özəlliklə prokurorluqda Mürvət Həsənovla Ömür Oral arasındakı üzləşmə protokolunun surətinin alınmasını istəyib və həmin ərəfədə Mürvət Həsənovla aralarındakı söhbət barədə də bunları deyib:

“Bu adam ilk məhkəmə iclaslarında deyirdi ki, heç kimə borcu yoxdur, hüquq-mühafizə orqanları heç vaxt onu dindirməyiblər. Bu günsə başqa söz deyir. Mən onu tanımırdım. “Siyəzən Broyler” müqavilə üzrə Ömür Orala olan borcunu ödəmirdi, biz də ona görə məhkəməyə müraciət etdik. Bundan sonra deputat Kəmaləddin Qafarov mənə zəng elədi, görüşdük. Dedi ki, 3 milyon 800 min dollar qəpiyinədək Mürvət Həsənova verilib ki, çatdırsın. Bu adam da o puldan cəmi 2 milyon 100 min göndərib. Sonradan özü də mənimlə görüşəndə dedi ki, heç ona da 3 milyon 800 min tam verilməyib. O bildirdi ki, 3 milyon verilib, 800 mini Cəmil Əliyevdədir. Mənə də o dedi ki, “Siyəzən Broyler”in bir hissəsi Cəmil Əliyevin, bir hissəsi də Fikrət Məmmədovundur. Bu adam məndən xahiş etdi, mən də Ömür Oraldan, beləcə, məbləğin bir hissəsini onun üçün keçdim. O sonda 1 milyon 300 mində dayandı”.

İşadamı hüquqşünasın yalan danışdığını, ona kimsə haqqında nəsə demədiyini, heç bir şey xahiş etmədiyini söyləyib.

Məhkəmə iyulun 31-də davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG