Onun haqqında cinayət işinə Binəqədi istisna olunmaqla, paytaxt Bakının digər rayon məhkəmələrindən biri baxacaq.
Buna Bakı Apellyasiya Məhkəməsi qərar verəcək
Xuliqanlıqda suçlanan keçmiş vəkil Aslan İsmayılov haqqındakı cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz edirdi.
İyunun 25-də keçirilən məhkəmədə onun etirazı bir daha müzakirəyə çıxarılıb.
CM-in 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunan Aslan İsmayılov deyib ki, haqqındakı cinayət işində şahid qismində dindirilən adamların əksəriyyəti Binəqədi Rayon Məhkəməsinin hakim və əməkdaşlarıdır. Cinayət işində iddia olunan xuliqanlıq hadisəsi də məhz bu məhkəmədə baş verib.
Hakim Mirheydər Zeynalov təqsirləndirilən hüquqşünasın etirazını təmin edib. Aslann İsmayılovun haqqında cinayət işinə Binəqədi istisna olunmaqla, paytaxt Bakının digər rayon məhkəmələrindən biri baxacaq. Buna Bakı Apellyasiya Məhkəməsi qərar verəcək.
Aslan İsmayılov AzadlıqRadiosu-na qərarı ədalətli saydığını bildirib: "Mənə fərqi yoxdur ki, hansı məhkəmə baxacaq. Əsas odur ki, bu gün doğru qərar verildi - bu işə maraqlı tərəf olan Binəqədi Rayon Məhkəməsi baxmayacaq".
Xatırlatma
Aslan İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpmasıyla məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salaraq, iş prosesini pozmaqda suçlanır.
İstintaq və məhkəmə dövründə onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: "İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır".
Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılan iddialar üzrə daha iki məhkəmə gedir.
Bunlardan birində iddiaçı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, digərində isə iş adamı Mürvət Həsənovdur.