Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34

Asif Yusiflinin cəzası 1 il azaldıldı (VİDEO)


Asif Yusifli

«Asif Yusifli birinci qrup Qarabağ müharibəsi əlili idi. Həbs olunandan sonra tibbi-sosial ekspert komissiyasından keçə bilmədiyinə görə əlillik dərəcəsini dəyişib, ikinci qrup eləyiblər».

Bunu vəkil Fəxrəddin Mehdiyev martın 2-də Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli haqqında danışarkən deyib.

Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası Asif Yusiflinin kassasiya şikayətinə baxıb.

Fəxrəddin Mehdiyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə Asif Yusifliyə 7 il 6 ay cəza verib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alıb, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edərək, cəza müddətini 6 ilə endirib.

«HARADA QALDI HUMANİZM PRİNSİPİ?»

2016-cı ilin iyununda qanunvericiliyə dəyişiklikdən sonra Asif Yusiflinin işində bəhs olunan 6 min 500 manatlıq ziyan artıq külli miqdar hesab olunmur. Ona görə də, Penitensiar Xidmətin təqdimatı əsasında Bakı Apellyasiya Məhkəməsi yenidən bu işə baxıb və ittiham 178.2-ci maddəyə tövsif olunub, amma cəza müddətini dəyişməyib.

Buna da bax-Asif Yusifli: '144 il azadlıqdan məhrum etsələr belə...'

«Ali Məhkəmə Asif Yusiflinin işindəki yüngülləşdirici halları nəzərə alıb, minimum həddən aşağı cəza təyin eləmişdi. Dəyişiklikdən sonra verilən maddədə 3 ildən 7 ilə qədər həbs, hətta 5 min manata qədər cərimə də nəzərdə tutulub. Apellyasiya məhkəməsi də 6 ili olduğu kimi saxlayıb. Demək olar ki, maksimum cəza verib. Bəs harada qaldı sosial ədalət, humanizm prinsipi?», – vəkil bildirib.

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Yüngülləşdirici halları sadalayan Fəxrəddin Mehdiyev deyib ki, maddi ziyan ödənilib, zərərçəkən şəxs məhkəməyə Asif Yusiflidən şikayət və tələbi olmaması haqda ərizə verib: «Asif Yusifli sağlamlığını Qarabağ uğrunda döyüşlərdə itirib, əlildir. Üstəlik, həbsindən bir müddət əvvəl ağır yol qəzası keçirib, hazırda əl ağacı ilə hərəkət edir. Ailə vəziyyəti ağırdır. İki azyaşlı övladı var, onların da biri ağır xəstəlikdən əziyyət çəkir. İlk məhkumluğudur, müsbət xarakterizə olunur».

«MƏHKƏMƏ ÖZ QƏRARINA HÖRMƏT ELƏMİR»

Fəxrəddin Mehdiyev çıxışında deyib ki, əslində, Asif Yusifli heç bir cinayət törətməyib. Vəkil çıxışının sonunda AXCP üzvü haqda hökmün dəyişdirilməsini, onun qalan cəzadan azad edilməsini istəyib.

Prokuror isə 6 illik cəzanın adekvat olduğunu bildirərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra şikayəti qismən təmin edib – Asif Yusiflinin cəzası 6 ildən 5 ilə endirilib.

Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna açıqlamasında qərarın ədalətsiz olduğunu deyib: «Ali Məhkəmə özü öz qərarına hörmət eləmədi».

XATIRLATMA

A.Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb. İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.

Məhkəmə prosesi zamanı Rafiq Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.

A.Yusifli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.

Asif Yusiflinin cəzası 1 il azaldıldı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG