Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:40

'Torpaq məsələsi' də ASAN xidmətə verildi


İlham Əliyev ASAN xidmətin Qəbələ filialının açılışında (Foto arxivdəndir)
İlham Əliyev ASAN xidmətin Qəbələ filialının açılışında (Foto arxivdəndir)

“ASAN xidmət”in səlahiyyətləri artırılıb.

Prezident İlham Əliyev bu gün, oktyabrın 26-da bununla bağlı fərman imzalayıb.

Sənəd “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin 2012-ci ildə imzaladığı fərmana dəyişiklik edilməsini nəzərdə tutur.

Fərmana əsasən, “ASAN xidmət”ə bəzi əlavə səlahiyyətlər verilib.

Budan sonra torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi “ASAN xidmət” vasitəsilə mümkün olacaq.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyata alınması, qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı, hərbi qeydiyyatla bağlı sənədlərin verilməsi də bu quruma həvalə olunur.

Xatırlatma

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) 2012-ci ildə prezidentin fərmanı ilə yaradılıb.

Fərmana əsasən bu mərkəzlər dövlət orqanlarının göstərdikləri bir sıra xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

“ASAN xidmət”in əsas məqsədlərindən biri də, elan edildiyinə görə, şəffaflığın artırılması, korrupsiya ilə mübarizənin gücləndirilməsidir.

Xidmətin saytında yerləşdirilən məlumata görə, vətəndaşlar mərkəzlərdə şəxsiyyət vəsiqəsinin, ümummilli pasportların alınması, hərbu qeydiyyatın dəyişdirilməsi və notariat da daxil olmaqla bir çox xidmətə çıxışdan yararlana bilər.

Prezident İlham Əliyev bu günlərdə deyib ki, bu il “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə olmaqla yeni bölmələr açılacaq:

“Bu mərkəzlərdə 300-dən çox xidmət göstərilir...Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olub və onların mütləq əksəriyyəti təmin edilib”.

XS
SM
MD
LG