Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:54

Əcnəbilər ASAN-da qeydiyyata düşə biləcək


Bundan sonra əcnəbilər, vətəndaşlığı olmayan şəxslər regional miqrasiya idarələrindən başqa, Bakı və Sumqayıtın "ASAN xidmət"lərində də qeydiyyata düşə biləcəklər.

Bu gün, mayın 17-də Miqrasiya Xidməti və ASAN Agentliyi arasında bununla bağlı sənəd imzalanıb.

Həmin sənədə əsasən, Miqrasiya Xidməti on gündən artıq müvəqqəti ölkə ərazisində olan əcnəbilərin müraciətlərini ASAN mərkəzlərdə qəbul edəcək və onları qeydiyyata salacaq.

Yuxarıda adı çəkilən şəxslərin yaşayış yerində qeydiyyatı pulsuz və dövlət rüsumu olmadan həyata keçirilməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayanlar bilavasitə müraciətlə yanaşı, Miqrasiya Xidmətinin saytı üzərindən də qeydiyyata düşə biləcəklər.

Xatırlatma

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayanlar indiyədək Miqrasiya Xidmətinə yazılı müraciət etməli, qeydiyyata alınmalarını bir neçə gün gözləməli idi.

“ASAN xidmət” mərkəzləri 2012-ci ildə prezidentin fərmanına əsasən yaradılıb. Fərmana əsasən bu mərkəzlər dövlət orqanlarının göstərdikləri bir çox xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

“ASAN xidmət”in əsas məqsədlərindən biri də şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir.

Xidmətin saytında yerləşdirilən məlumata görə, vətəndaşlar mərkəzlərdə şəxsiyyət vəsiqəsinin, ümummilli pasportların alınması, hərbi qeydiyyatın dəyişdirilməsi və notariat da daxil olmaqla 20-dən çox xidmətə çıxışdan yararlana bilər. Sonradan bu xidmət vasitəsilə vizaların verilməsi də sadələşdirilib.

XS
SM
MD
LG