Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

ASAN xidmətin bəzi icazələri ləğv etməsinin səbəbi nədir


ASAN xidmət
ASAN xidmət

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - ASAN Xidmət iyulun 5-də xüsusi karantin müddətində işləməyə icazəsi olanların bir çoxunun icazəsini ləğv edib. Son iki gündə bu, ən çox müzakirə edilən məsələdir və iş adamları narahatlıqlarını ifadə edirlər. Məsələn, işadamı Nigar Köçərli AzadlıqRadiosuna bununla bağlı narazılığını bildirib. O, bəzi işçilərin icazələrinin ləğvindən xəbərsiz olduğunu və işə gedərkən cərimələndiklərini deyir.

Naşir Şahbaz Xuduoğlu isə sosial mediada yazır ki, "10 manatlıq kitab çatdırmağa gedən insanımız 200 manat cərimə edildi".

İqtisadçı Rövşən Ağayev isə Facebook-da hökumətin karantin prosesini idarə edə bilmədiyinə toxunur: "Qadağan olunmayan fəaliyyət sahələrinin siyahısına düşməyən sahibkarlara elektron icazə verilməməsi, icazə verilmiş insanların icazəsinin az sonra ləğvi, bu məsələlərlə bağlı sosial şəbəkələrdə qaldırılmış suallara rəsmi şəxslərin adekvat olmayan və qeyri-müəyyən cavabları, çağrı telefonlarında bu tip şikayətləri ünvanlamaq üçün müvafiq düymənin olmaması da bunu təsdiq edir".

N.Köçərli
N.Köçərli

Nigar Köçərli: "4 işçini yolda saxlayıblar, 200 manat cərimələyiblər"

"Əli və Nino" mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli AzadlıqRadiosuna əməkdaşlarından dördünün 200 manat cərimələndiyini bildirir. Onun dediyinə görə, iyulun 5-dək mağazalar şəbəkəsinin 80 işçisindən 30 nəfərinə işləməyə icazə verilsə də, ayın 5-də bütünlükdə idarənin icazəsi ləğv edilib.

N.Köçərlinin fikrincə, bu, təkcə "Əli və Nino" mağazalar şəbəkəsinin problemi deyil, həm də bu vəziyyətə düşmüş minlərlə insanın problemidir: "Yaxşı, onlayn çatdırmanı etməliyik, amma bunu edən şəxsin icazəsi yoxdur. Neçə belə kommersiya qurumunun icazəsi ləğv edilib və faciəvi vəziyyət yaranıb. Evə getməyə icazə ala bilmirlər, risklə evə qayıdıblar. O da dördünü yolda saxlayıblar, 200 manat cərimə yazıblar. Bu nə deməkdir? Görünür, bunu tətbiq edənlər nə etdiklərinin fərqində deyillər".

N.Köçərli vəziyyəti aydınlaşdırmaq üçün müvafiq orqanlara müraciət etsə də, cavab ala bilmədiyini, telefon zənglərinə cavab verilmədiyini bildirir. O hesab edir ki, işçilərin işə çıxmasına limit tətbiqi düzgün deyil: "Ona görə ki, bunu kim, nəyin əsasında təmin edir, məlum deyil".

"Nəyisə məhdudlaşdırırsansa, əvəzini ödə..."

"İlk mənada bu məsələyə fəlsəfi baxış budur ki, dövlətlər, hökumətlər nəyisə qadağan edirsə, ya məhdudlaşdırırsa, onun əvəzini ödəməyi bacarmalıdır. İşçi sayı və ya iş fəaliyyəti, ya fəaliyyət qrafiki olsun, bunun bədəli ödənilməli, əvəzi verilməlidir. Yoxsa iş adamlarını yükləməklə bu iş yürüdülə bilməz", - REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli söyləyir.

N.Cəfərli
N.Cəfərli

Ekspert Azərbaycanda iqtisadi tənəzzül yaşandığını, rəsmi rəqəmlərə görə, ÜDM-in 1.7% aşağı düşdüyünü söyləyir. Onun qənaətincə, doğru hesablama aparılsa, az qala bundan iki dəfə çox rəqəm alınar: "Çünki xidmət sahəsi, qeyri-ərzaq ticarəti, turizm sahəsi, demək olar ki, dördüncü aydır ki, qapalıdır. Ona görə də hökumət tərəfdən qadağalar məhdudiyyətlər tətbiq edilirsə, iş adamlarına nəsə təklif olunmalıdır. Bizdə problem odur ki, qadağalar tətbiq edilir, bunun əvəzinə iş adamlarına heç nə təklif edilmir".

Ekspert hesab edir ki, iş adamları pandemiya dövründə öz hesabına bütün yükü daşıya bilmir və bir müddət sonra sonra ixtisarlara getməyə məcbur olacaqlar.

N.Köçərli isə şəbəkəyə daxil yeddi kitab mağazasından heç birinin açıq olmadığını bildirir və sual edir: "İşləməyə imkan yoxdursa, bu işçilərin maaşını nəyin hesabına verim? İkinci aydır ki, öz hesabıma verirəm".

Nazirlikdən açıqlama

İcazələrin ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyi hüquqi və fiziki şəxslərə ünvanlanan açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir: "İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşların infeksiyaya yoluxma riskinin azaldılması üçün ASAN xidmət iyulun 5-dən etibarən icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələblərinə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsini ləğv edib".

Nazirlik hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olaraq işçi heyətinin qeydiyyat məsələsini qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər: "İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır".

İyulun 3-də ASAN xidmətin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirmişdi ki, iyulun 5-də icaze.e-gov.az sistemindəki bütün icazələr silinəcək və təşkilatın işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə alınmalıdır.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələr müəyyən olunub, iyunun 25-də isə Nazirlər Kabineti icazə verilən sahələr sahəsinə məhdudiyyətlər tətbiq edib. 15 xidmət sahəsi (tərcümə, layihələndirmə, mebel istehsal və təmiri və s.) üzrə işçilərin 50%-nin işə çıxarılması barədə qərar verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG