Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Baş nazir: 'Azərbaycanda 1 milyon 900 min iş yeri açılıb' [yenilənib] [video]


Artur Rasizadə Milli Məclisdə hesabat verdi [1-ci hissə]
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Artur Rasizadə Milli Məclisdə hesabat verir [video]

«Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3.2 dəfə, sənaye istehsalı 2.6 dəfə, əhalinin adambaşına düşən gəliri 7.2 dəfə, əməkhaqqı 6.8 dəfə artıb».

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri baş nazir Artur Rasizadə martın 16-da Milli Məclisin plenar iclasında hökumətin hesabatını təqdim edərkən bildirib. Onun deməsinə görə, yoxsulluq səviyyəsi 44.7 faizdən 5.4 faizə enib.

«Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib. 14 il ərzində 1 milyon 900 mindən çox iş yeri açılıb», - baş nazir söyləyib.

Baş nazir vurğulayıb ki, neft-qaz sənayesinin aparıcı rolu Azərbaycanın nüfuzunun artmasına töhfəsini verəcək və başqa sahələrin inkişafına kömək edəcək.

A.Rasizadə əlavə edib ki, əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəlib.

Parlament hökumətin hesabatını qəbul edib

Milli Məclisin bu gün, martın 16-da keçirilən iclasında Nazirlər Kabinetinin 2017-ci il üzrə hesabatı müzakirələrdən sonra səsə qoyulub.

Deputatlar ümumilikdə hesabatı müsbət dəyərləndirib, sənəd qəbul edilib.

Əli Məsimli
Əli Məsimli

Deputat: «Problemli kreditləri həll etmədən…»

«Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir».

APA-nin xəbərinə görə, bunu isə Milli Məclisin iclasında deputat Əli Məsimli deyib. Onun bildirməsinə görə, bankların ənənəvi sürətdə yüksək faizlə qazanc əldə etməsi bu sektora heç bir perspektiv vəd etmir: «Bunun əvəzinə banklar daha perspektivli yolla biznes layihələrinin maliyyələşdirilməsinə keçə və real addım atıla bilər. Bundan başqa, problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Biz təkliflər hazırlayıb aidiyyəti orqanlara göndərmişik ki, bu yük yalnız bir qurumun üstünə düşməsin. Xarici valyutadakı kreditlərin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini isə əhali öz üzərinə götürməlidir».

Problemli kreditlərin 1.7 milyard manata yaxınlaşdığı bildirilir.

Nemət Əliyev
Nemət Əliyev

Ekspert hökumətin hesabatını «qırıq valla» müqayisə etdi

«Son 14 ildə ümumi daxili məhsulun (ÜDM) həcmində artım olub, bu inkaredilməzdir. Amma buna nəyin hesabına nail olunub, məsələnin mahiyyəti məhz buradadır».

İqtisadçı-ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev bunu baş nazir A.Rasizadənin parlamentə hesabat verərkən səsləndirdiyi fikirlərə münasibətdə deyib.

Ekspert hesab edir ki, ÜDM-in artmasının əsası neft hasilatının artmasına və «qara qızıl»ın dünya bazarında qiymətinin bahalaşmasına söykənib:

«ÜDM son illər iki dəfə azalıb»

«Bu qırıq valın təkrar-təkrar istifadə olunması kimi bir şeydir, bu öz yerində. Nazirlər Kabineti bu sula cavab verməlidir. Necə oldu ki, son 3-4 ilə kimi 75 milyard dollardan çox olan ümumi daxili məhsul iki dəfədən də çox azalaraq 35 milyard dollar səviyyəsinə düşdü?».

N.Əliyev hesab edir ki, Nazirlər Kabineti ölkənin dayanıqlı inkişafını təmin edə bilməyib. Onun fikrincə, ölkə iqtisadiyyatı rəqabətədavamlı deyil.

N.Əliyev deyib ki, 14 il əvvəlki manatla indiki manatı müqayisə etmək və bunun üzərində iqtisadi göstəricilər ortaya qoymaq qüsurludur.

Azərbaycanda iş tapmaq nə dərəcədə asandır?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

«Açılan iş yerindən danışırlar, bağlanan iş yerləri barədə susurlar»

O, son 14 ildə 1 milyon 900 minə yaxın iş yerinin açılmasını da real saymır: «Açılan iş yerləri haqqında danışırlar, amma bağlanan iş yerləri barədə susurlar. Hökumətə qalsa, açdığı iş yerlərinin sayı ilə təkcə əhalinin əməkqabiliyyətli hissəsini yox, məktəbliləri də işlə təmin etmək mümkündür».

N.Əliyevə görə, yoxsulluğun 5 faiz olması barədə deyilənlər də əsassızdır: «Biz hökumətin təqdim etdiyi rəsmi göstəricilərə əsasən apardığımız hesablamalarda ölkədə yoxsulların sayının 1 milyon nəfərdən çox olmasını ortaya qoyduq. Halbuki, daha geniş informasiyaya malik olsa idik, daha dəqiq rəqəmləri ortaya qoya bilərdik. Burada rəqəmlər birtərəflidir, odur ki, etimad doğurmur».

«Bahalaşma gəliri üstələyir»

Ekspert deyir ki, əhalinin gəlirlərinin artması, həyat şəraitinin yaxşılaşması haqqında deyilənlər də gerçəklikdən uzaqdır: «Hələ hökumət özü rəsmi elan edir ki, bu il əhalinin gəlirləri 3 faiz, qiymət bahalaşması isə 5 faiz olub. Amma hamı yaxşı bilir ki, qiymət bahalaşması azı 20 faiz ətrafındadır. Belə olan halda əhalinin maddi durumunun yaxşılaşmasından necə danışmaq olar?».

N.Əliyev vurğulayır ki, sahibkarlar sıxışdırılır, əlverişli investisiya mühiti yoxdur.

Hadı Rəcəbli: “Mən gərək hesabatı pisləyim?”

“Hökumətin hesabatını çox yüksək qiymətləndirirəm. Bu qane edir sizi? Mən gərək hesabatı pisləyim? Yüksək dəyərləndirirəm”, – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan partiyasının üzvü Hadı Rəcəbli AzadlıqRadiosu-nun “Hökumətin hesabatını necə dəyərləndirirsiniz” sualına cavab olaraq söyləyir.

Hadı Rəcəbli
Hadı Rəcəbli

Martın 16-da Nazirlər Kabinetinin sədri Artur Rasizadə parlamentə hesabat təqdim edib. Hesabatda tək bir ildə deyil, son 14 ildə görülən işlərdən danışılıb.

Hadı Rəcəbli parlament müzakirələrində hökumətin ünvanına tənqidlər səsləndiyini söyləyir, amma tənqidlərin, çatışmazlıqların üzərində dayanmadan hökumətin fəaliyyətini “təqdirəlayiq” sayır:

“Nəyə görə yüksək dəyərləndirirəm, deyim. Rəqəmlər, göstəricilər, dünyada gedən proseslər... Mən sosial-iqtisadi proseslərin içərisindəyəm. Əlimdə olan bütün rəqəmlər deməyə əsas verir ki, hökumətin gördüyü işlər mütərəqqidir, yaxşıdır. Buna baxmayaraq parlamentdə tənqidi fikirlər də səsləndirdilər. O fikirlər də diqqəti cəlb edəndir. Məsələn, Azərbaycanda yol infrastrukturunun qurulması istiqamətində nə qədər yaxşı işlər görülüb, amma bununla yanaşı Bakı-Astara yolunun təmiri yubanır. Bu da tənqid edildi. Buna oxşar fikirlər də səsləndi. Amma bütövlükdə hökumətin işi təqdirəlayiqdir”.

“Aqressiv yanaşmayın. Yaxşını da deyin, pisi də”

Hesabatla çıxış edən baş nazir Artur Rasizadə ölkə “böyük önəm kəsb edən” prezident seçkiləri ərəfəsində olduğu üçün dövlətin son 14 ildə əldə etdiyi “əsas nailiyyətlər”dən danışmağa üstünlük verib. Amma bu, bir sıra iqtisadçılarda sual doğurub: “Niyə baş nazirin çıxışı son bir ilin deyil də, son 14 ilin uğurları üzərində qurulur?”

AzadlıqRadiosu-na danışan iqtisadçı Nemət Əliyev bu haqda deyir: “14 il əvvəlki manatla indiki manatı müqayisə etmək və bunun üzərində iqtisadi göstəricilər ortaya qoymaq qüsurludur”.

Hadı Rəcəbli isə parlamentdə son bir ilin rəqəmlərinin də müzakirə edildiyini bildirir: “Xeyr, mənim əlimdə son bir ilin hesabatıdır. 14 ilin hesabatı da ola bilər. Burda nə var ki. Mən çıxışa bir ilin hesabatı ilə bağlı hazırlaşmışdım. Orda çox yaxşı göstəricilər var. Əlimdədir o göstəricilər. Məsələlərə aqressiv yanaşmayın. Yaxşını da deyin, pisi də”.

Hökumətin hesabatındakı ayrı-ayrı məqamlara, təfərrüatlara toxunmaq istəməyən Hadı Rəcəbli başqa sualları cavablandırmayıb. Söhbəti elə bununla da bitirib.

Artur Rasizadə Milli Məclisdə hesabat verdi
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

XS
SM
MD
LG