Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:55

Artuba sakini : ‘Bizim çörəyimiz çəltikdən çıxır’


Astara rayonu, Artuba kəndi, çəltik əkini
Astara rayonu, Artuba kəndi, çəltik əkini

Ölkədə düyü ilə tanınan Astara rayonun Artuba kəndinin çəltik sahələrində tək-tük adam gözə dəyir. Çəltik sahəsində rast gəldiyimiz, amma adının çəkilməsini istəməyən kənd sakini deyir ki, əkin başa çatıb:

“Çəltik əkilib, şitil sahələrə köçürülüb. İndi əsas məsələ əkin sahələrini alaq otlarından təmizləmək və su ilə təmin etməkdir. Ona görə sahələrdə adamlar azdır...”
“Ayaqyalın girirlər suya, işləyirlər”

Onun deməsinə görə, Azərbaycanda iyirmi il bundan əvvəl çəltikçilik necə idisə elə də qalıb:

“Traktorlar iki işi görürlər, şimlayırlar, malalayırlar,vəssalam.Ondan sonra bütün işlər əl ilə görülür. Şitili sahələrə qadınlar köçrürlər. May ayında su suyuq olur.Ayaqyalın girirlər suya, işləyirlər.Çəltikçilikdə işləyən qadınlar “qara” gündədirlər. Bizdə sağlam qadın tapmaq çətin məsələdir.”

Çəltikçi Sakit İmanovun sözlərinə görə də, bu sahədə problemlər çoxdur:

Sakit İmanov
Sakit İmanov

“30 sot "Haşimi" düyüsü əkmişəm, bazarlarda yaxşı satılır.Yenicə əkilmiş çəltik sahələrində daimi su olmalıdır. Ötən il su çox idi. Qarşıdan iyul, avqust ayları gəlir.Suyun səviyyəsi sürətlə enir.Su ilə müqavilə bağlamışıq. Ayda 7 manat köçürdürəm. ”

Əl əməyi

Onun deməsinə görə, texnikaya ehtiyac var:

Ezəm Kərimov
Ezəm Kərimov

“Çəltikçiliyə aid mini taraktorlar olmaldır. Çəltikçiliklə məşğul olan bir sahibkar mini texnika gətirmişdi. O bizə sərf etmir.Biz çəltik şitilini yaxın əkirik, texnika isə məsafə çox buraxır. Həmin texnika ilə əksək məhsuldarlıq bir dəfə aşağı düşər...”

Kəndin başqa sakini Əzəm Kazımov söhbətə qoşulur:

“Biz, demək olar ki, dərman vermirik”

“Ötən ildən düyüm qalıb. Lənkəran bazarında satıram. Bir kilosunu 4-5 manata satırdım.Xaricdən gəlmiş düyünü gətirb tökdülər bazara. Qiyməti 1-2 manat.Bizim düyünün qiyməti düşdü. Düyünün mayə dəyəri bizə təxminən 2 manata başa gəlir. Biz, demək olar ki, dərman vermirik. Hətta alaq otlara görə də dərman verilmir.Çünki dərman bahadır, həm də yoxdur. İrandan gətirirlər, gömrük də qoymur.Dədə-baba qaydası ilə yetişdiririk...”

“Gündəlik işinə görə fəhləyə 25 manat pul veririk”

Astara rayon unda çəltik sahəsi
Astara rayon unda çəltik sahəsi

O lazımı texnika ilə təmin olunacaqlarına da inanmır:

“Texnikanı dediklərinə görə, 5 il bundan əvvəl gətirməli idilər. Çəltikçlik həm də xərc çox istəyir. Gündəlik işinə görə fəhləyə 25 manat pul veririk. Kəndimizdə iki dənə texinka var. Onlardan biri qonşu kəndən gəlir. Ərazi böyük, texnika çatdıra bilmir.Düyünün satış qiyməti aşağı düşür, maya dəyəri isə qalxır. İndi "Haşmi" düyüsü 4 manatdır.Keçən il 5 manat idi."Haşmi"nin məhsuldarlığı da aşağıdır.Hər hektaradan 1-1,5 ton məhsul verir.”

Sahibkar Mehman Quliyev da deyir ki, çəltikçilik kəndin əsas qazanc mənəbəyi hesab olunur:

“Hərəsinin çörəyi bir yerdən çıxır. Bizim çörəyimiz isə çəltikdən çıxır. Hazırda bizim ən yaxşı, keyfiyyətli düyümüzün bir kiloqramı 4 manatadır...”

Rayon Mexaniki Suvarma idarəsinin işçisi Əilbaba Əliyev isə deyir ki, Astaraçayda su tədricən azalır:

“Suyu Astaraçaydan götürürük. Qar yağmadı, yağış da az oldu.Bu il ümumiyyətlə su azdır...”
Onun deməsinə görə, əlavə artezian quyusu olarsa su təlabatını tam ödəmək mümkündür.
Astara Rayon İcra Hakimiyyətinin saytında isə bildirilir ki,2017-ci ildə bu rayonda 447 haktarda çəltik əkilib. Əkin sahəsindən 1700 ton çəltik tədarük edilib.

Ölkə prezidenti bu il fevralın 9-da “Azərbyacan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı ”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Proqramda əsas hədəflərdən biri bu sahədə maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsidir.

İqtisadçı : “Dövlət ordu üçün bu düyüdən sifariş verə bilər”

İqtisadçı Vidadi Mirzəyev hesab edir ki,təkcə sərəncamla kifayyətlənmək olmaz. Dövlət səviyyəsində çəltik istehsalı ilə məşğul olanların maraqları təmin olunmalıdır:

“Azərbaycanın düyüyə illik tələbatı 30 min tondur.Az deyil.Azərbycan düyüyə tələbatının heç 15-20 faizini ödəyə bilmir. 2016-cı ildə Azərbyacana 31,8 milyon dollarlıq düyü gətirlib. Dünyanın heç də hər ölkəsində düyü əkilmir.Barmaqla sayılası ölkələr var ki,bununla məşğuldurlar. Çəltikçilik sözdə yox əməldə inkişaf etdirilsə istehsalı artırmaq olar. Ötən il ölkə bazarlarında yerli düyülərin qiyməti yüksək idi.Təxminən 5-6 ayda qiymət düşüb.Ölkə daxilində düyü istehsalı o qədər də çox deyil ki,qiymətə təsir etsin.Deməli ölkəyə daha çox düyü gətirilir. Nəticədə xaricdən gətirlən düyülər ucuz satılır,yerli düyülər baha olduğu üçün qalır. Düyünün idxalını daxildə istehsal olunan düyünün həcminə uyğun olaraq azaltmaq lazımdır. Digər tərəfədən yerli düyülər keyfiyyətlidir. Dövlət ordu üçün bu düyüdən sifariş verə bilər. Bu da düyü istehsalına müsbət təsir edər. Əsgərlərimiz də kefiyyətli məhsulla qidalanarlar...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG