Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:46

Keçmiş nazir müavininin oğlu məhkəmədə dindirildi


Dollar
Dollar

2017-ci ilin fevralına qədər nəqliyyat nazirinin müavini, ondan öncə də uzun illər (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərov oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, müxtəlif adamlardan birgə biznes adı ilə pul alıb qaytarmamaqda suçlanan və CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə mühakimə olunan xalası oğlu Emil Hüseynovun məhkəməsində şahid qismində ifadə verib.

Bu iş üzrə zərərçəkmişlər Emil Hüseynovla yanaşı, Elnar Əsgərovu da günahlandırırlar. Deyirlər ki, verdikləri pul keçmiş nazir müavininin oğluna çatıb, onlarla iş söhbətini də Elnar aparıb. Elə bu məsələyə görə E.Əsgərovun dindirildiyi məhkəmə də qarşılıqlı ittihamlarla keçib. E.Əsgərov zərərçəkmişlərin yalan danışdığını, bütün günahın xalası oğlunda olduğunu deyib. Xalası oğlu da əksinə, onu suçlayıb.

***Buna da bax- Keçmiş nazir müavininin oğlu ilə baldızı oğlu arasında qalmaqal

«GÜNAHKAR ÖZÜDÜR»

E.Əsgərov ifadəsinin əvvəlində təsdiqləyib ki, təqsirləndirilən E.Hüseynov xalası oğludur:

«Yaxın qohumluq münasibətimiz olub. Anam ona analıq edib. Amma bu işdə mənimlə bağlı səslənən fikirlərlə, atamın adının hallanması ilə razı deyiləm. Atam uzun illər Dövlət Dəmir Yol İdarəsinin rəhbəri olsa da, mənim o qurumla heç bir əlaqəm olmayıb. Zərərçəkmiş Emin Məmmədov mənim adımı çəkir ki, guya, xalam oğlu ondan pulu alıb mənə verib. Halbuki, mənim onunla biznes əlaqəm olmayıb. Dostlarla birlikdə futbol oynayanda Emin Məmmədovu tanımışam. Mənim xalam oğlu Emilin kimlərdənsə pul almasından xəbərim olmayıb. Bütün bu işlərdə günahkar özüdür».

İstintaqdan yayındığı, ölkəni tərk etdiyi haqda yayılan xəbərləri təkzib edən Əsgərov deyir ki, xalası oğlunun zərərçəkmiş Emin Məmmədovla biznes əlaqəsindən sonradan xəbər tutub:

«Emilgilin onlarla torpaq məsələsi olmuşdu, girov qoyulmuşdu, deyəsən. Emin Məmmədovu mən də tanıyırdım deyə, xalam məndən xahiş elədi ki, həmin torpağın sənədini ondan alım. Xalam dedi deyə, mən də bu haqda Emin Məmmədovla danışdım».

***Buna da bax-Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi

XALASINDAN 500 VƏ 200 MİN ALDIĞINI DEYİR

E.Əsgərov onu ittiham edən zərərçəkmiş Emin Məmmədovla həftədə iki-üç dəfə futbolda görüşdüyünü, yalnız bu adamın xalası oğlu ilə problem başlanandan sonra onunla telefonla danışdığını söyləyir. Dediyinə görə, xalası Lətifə ona birinci dəfə 500 min, ikinci dəfə 200 min olmaqla, iki dəfə pul verib, zərərçəkmiş Emin Məmmədova çatdırmasını istəyib. O da bu işi görüb.

Xalası oğlu isə E.Əsgərovun yalan danışdığını, həqiqəti gizlətdiyini bildirib. Təqsirləndirilən E.Hüseynov deyir ki, zərərçəkmişlərdən aldığı pulların bir çoxunu keçmiş nazir müavininin oğluna verib. Təqsirləndirilən onu da söyləyib ki, zərərçəkmişlərin hamısına dəymiş ziyan ödənilib, bircə Emin Məmmədov qalıb.

Zərərçəkmiş E.Məmmədov da E.Əsgərovun yalan danışdığını bildirib:

«Görülən işlərdən Elnarın xəbəri olub. Aramızda telefon danışıqlarımız, mesajlar var. Elnar özünə sərf eləyənləri danışır burada. Mən ona yazanda ki, «Elnar, mənə bu qədər borcun qaldı», niyə demirdi ki, «mənim sənə borcum yoxdur»? Bu mesajlar var axı…».

«EMİL ŞÜKÜR ELƏSİN Kİ...»

Təqsirləndirilən şəxsin vəkili də E.Əsgərovun məhkəmədə söylədikləri ilə istintaqa ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Ziddiyyətli ifadələr elan olunarkən aydınlaşıb ki, keçmiş nazir müavinin oğlu istintaqda biznes əlaqələrini təsdiqləyib.

Dindirmənin sonunda E.Əsgərov xalası oğlunun ona da borclu olduğunu deyib:

«Emilin başqa adamlardan aldığı pulları mən qaytarmışam. İndi Emil şükür eləsin ki, mən ondan şikayətçi olub, həmin pulları istəmirəm».

Məhkəmə davam edir.

İttihama görə, təqsirləndirilən E.Hüseynov zərərçəkmişlərdən Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pul alıb qaytarmayıb. Pullar Gürcüstandan, Türkiyədən izolyasiya materialları və digər avadanlıqlar gətirmək adı ilə alınıb.

E.Hüseynov öncə həbs olunsa da, sonradan istintaq və məhkəmə dövrü üçün ev dustaqlığına buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG