Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

Arif Əliyev: ' “Turan” Agentliyi bğlananda...'


Arif Əliyev 13 oktyab 2009
Arif Əliyev 13 oktyab 2009

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev avqustun 1-dən fəaliyyətləri dayandırılan “APA Holdinq” MMC-yə daxil olan saytlarla bağlı hadisələrə kənardan baxsa da, gedişatın ona aydın olduğunu deyir.

Arif Əliyev bu barədə AzadliqRadiosu-na danışıb.

O, iddia edir ki, APA-nin bağlanacağı söhbəti çoxdan gedirdi. Hətta bir ara holdinqdə ixtisarlar da oldu.

“İndiki halda prezidentin çıxışında hansısa bir ifadənin səhv yazılması nəticəsində o boyda strukturun fəaliyyətinin dayandırılması “od olmasa, tüstü çıxmaz” məsəlinə uyğun gəlir. Amma bununla belə APA heç nəyə baxmadan öz işini görən, kifayət qədər böyük dairəni əhatə edən, bazarı olan və bacarıqlı həmkarlarımızın işlədiyi media orqanı idi. Birdən-birə bu orqanın bu cür dayandırılması bir daha göstərir ki, Azərbaycanda hətta oturuşmuş peşəkar komandaya, şəbəkəyə malik kütləvi informasiya vasitəsini (KİV) bir günün içində qapamaq mümkündür”

Arif Əliyev hesab edir ki, ANS-nin və çökdürülmüş qəzetlərin taleyində də eyni proses yaşanıb:

“Bu, Azərbaycanın acınacaqlı media reallığıdır. Hər hansı KİV-in hansı çəkiyə, gücə və komandaya malik olmasından asılı olmayaraq onun taleyini bir gündə həll etmək mümkündür”.

Arif Əliyev deyir ki, məhkəmə qərarı olmadan hər hansı saytı, yaxud, portalı, KİV-i bağlamaq olmaz:

“Hər bir KİV-in fəaliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə vasitəsilə gerçəkləşməlidir. Amma biz şahidi olduq ki, onlarla sayt, qəzet, televiziyaların fəaliyyəti dayandırılıb. İkinci, icra orqanlarının təsiri ilə KİV-in fəaliyyətinin birdən-birə dayandırılması yerli qanunların da çərçivəsinə sığmır. Təəssüf ki, belə bir ənənə artıq formalaşıb”

Arif Əliyevin sözlərinə görə, belə hallara etiraz əvvəllər daha güclüydü:

“Çünki media dairəsi də geniş və güclüydü. Həm də hakimiyyətin belə yanaşma tərzi yeniydi. İndi o qədər adiləşib ki, hakimiyyət media orqanın qapayanda susqunluqla yanaşırlar”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri “ bu hadisə ilə “ Turan” Agentliyi ətrafında baş verənlər arasında da paralellər aparır ( Ötən il Vercilər Nazirliyi “ Turan” agentliyini cərimə etmiş, bunun ardınca direktor Mehman Əliyev həbs edilmişdi. Agentlik fəaliyyətini dayandırmışdı. Heç bir ay keçməmiş M. Əliyev buraxıldı, cərimə ləğv edildi):

“ “Turan” Agentliyi bağlananda məsələ fərqli oldu. Əsas agentliyin öz reaksiyası idi. Əgər agentlik bəyanat versəydi ki, hər şey yaxşıdır, kiçik bir problem var, araşdırırıq, sonra açıqlayacağıq, o zaman heç bir yerli və xarici jurnalist birlikləri müdafiəyə qalxmayacaqdılar. Müstəqil media orqanı həqiqətən KİV kimi davranır və buna müvafiq olaraq ictimaiyyətə müraciət edir, yaxud başqa bir yanaşma sərgiləyir. Ancaq bəyanat verəndə ki, öz daxili işimizdir, müdaxilə etməyin, sonra məlumat veriləcək. Bunlar tamamilə fərqli yanaşmalardır. Ona görə bu cür vəziyyətlərdə KİV-lərin tutduğu mövqedən çox şey asılıdır”.

Xatırlatma

Avqustun 1-i axşam saatlarından «APA Holdinq» MMC-yə daxil olan APA, Lent.az və APA Sport kimi bir sıra agentliklərə girişdə məhdudiyyət yaranıb.

Həmin məhdudiyyət yaranmazdan az öncə APA agentliyi bir təkzib yaymışdı. Orada bildirirdi ki, prezident İlham Əliyevin avqustun 1-də müharibə əlillərinə ev, maşın verilməsi mərasimindəki çıxışının dərcində yanlışlığa yol verilib. Təkzibdə vurğulanırdı ki, dövlət başçısının «Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq» sözləri təhrif edilib. Həmin cümlə yanlış olaraq «Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib Ermənistanı çökdürəcəyik» kimi təqdim edilib.

Holdiniqin prezidenti V.Mahirqızı nəhayət avqustun 3-də Facebook səhifəsində yazıb ki, hazırda saytların fəaliyyətini şirkətin özü dayandırıb:

“Müəyyən problemlər yarandığına görə “APA Holdinq”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG