Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

Arif Hacılı Ədalət Vəliyevlə görüşüb


Arif Hacılı

Oktyabrın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Azadlıq Radiosuna Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, görüş Prezident Administrasiyasının təşəbbüsü ilə baş tutub:

"Görüş Qarabağ ətrafında yaranan vəziyyətlə bağlı idi. Müzakirə apardıq. Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq".

Ari Hacılı qeyd edib ki, bu görüşlərin tez-tez olacağına inanmır:

"Lakin konkret Qarabağla və Azərbaycanla bağlı olan əlavə məsələləri müzakirə etmək üçün zərurət yaranarsa, yeni görüşlər baş verə bilər".

Məsələyə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin özündən isə münasibət almaq mümkün olmayıb.

Ədalət Vəliyevin bundan əvvəl də əksər siyasi partiya rəhbərləri ilə görüşü olub.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir.

Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Şərhlər

Multimedia

XS
SM
MD
LG