Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:39

Novruz Məmmədov ARDNF-nin Müşahidə Şurasının sədri oldu


Novruz Məmmədov
Novruz Məmmədov

Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

Qərar ARDNF Müşahidə Şurasının bu gün, iyulun 6-da keçirilmiş iclasında qəbul edilib.

Fondun açıqlamasına görə, iclasda bu qurumun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabata baxılıb, habelə, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələləri müzakirə edilib.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi hesabatları məqbul hesab edib.

Yekunda ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və qurumun 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmasından ötrü Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

Xatırlatma

Dövlət Neft Fondunun Müşahidə Şurası 6 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir.

Şuraya baş nazir rəhbərlik edir. Bu il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra baş nazir postuna Artur Rəsizadənin yerinə Novruz Məmmədov gətirilib.

Ötən ay Azərbaycanın dövlət büdcəsinə dəyişiklik edilib. Dəyişikliyədək büdcədə Fonddan daxilolmalar 9 milyard 216 milyon manat nəzərdə tutulurdu. Dəyişiklikdən sonra həmin məbləğ 10 milyard 966 milyona qaldırılıb.

Fondun ilin əvvəlində təsdiq edilmiş 2018-ci il büdcəsinin gəlirləri 11 milyard 559 milyon 956 minmanat, xərcləri isə 9 milyard 730 milyon 221 min manat məbləğində təsdiq edilmişdi.

Yenilənmiş büdcənin detalları açıqlanmır.

Bu il ölkə büdcəsinin də gəlir və xərcləri təqribən 2 milyard manat artırılıb.

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 milyard manat, xərcləri isə 23,061 milyard manat məbləğində nəzərdə tutulur.

XS
SM
MD
LG