Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Dedim, gözümün biri görmür, başıma vurmayın...'


Həbs
Həbs

Narkotik satışı suçlaması ilə məhkəmə qarşısına çıxarılan 48 yaşlı Araz Məmmədov deyir ki, onu Moskvadakı qruplaşmaların davasına görə şərləyib həbs ediblər. O, bu haqda yanvarın 12-də öz məhkəməsində danışıb.

İttihama görə, A.Məmmədovu Bakı Avtovağzalında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb, üstündən külli miqdarda heroin çıxıb. Polislərə də deyib ki, narkotiki saxlanmamışdan az öncə avtovağzalda zibil qutusundan tapıb.

Zibil qutusunda narkotik?

Amma A.Məmmədov məhkəmədə bildirib ki, üzərindən narkotik çıxması, onu zibil qutusundan tapması və polislərə belə deməsi haqda yazılanlar başdan-ayağa yalandır. Onun sözlərinə görə, həqiqətən avtovağzalda tutulub. Amma həmin vaxt Daxili İşlər Nazirliyində Əşrəf adlı vəzifəli şəxslə görüşdən çıxıb gəlib ki, Qazaxa qayıtsın. Təqsirləndirilən şəxs israr edir ki, telefon danışıqları araşdırılsın, o zaman aydınlaşar ki, onu həqiqətən zəng edib nazirliyə çağırıblar, Moskvadakı dava haqda sorğu-sual ediblər, oradan çıxandan sonra da tutublar.

***Buna da bax-'Lotu Quli'nin cəzalandırılan qohumu: 'Belə ölkə olar?!'

«Məni zəng eləyib çağırmışdılar, elə həmin gün Qazaxdan Bakıya gəldim. Çatanda Əşrəf müəllimə zəng elədim, məni nazirliyə aparıb, sorğu-sual elədilər ki, Moskvada filan davada olmusan, ya yox. Nə bilirdimsə, ətraflı danışdım, ifadə verdim. Oradan çıxıb avtovağzala getdim, az sonra polislər gəldilər. Onlara dedim ki, elə indicə nazirlikdən çıxıb gəlirəm. Fikir vermədilər, məni maşına basıb apardılar. Daxili İşlər Nazirliyinə gedən adamın üstündə narkotik olar? Mənə tutanlar heç nə eləmədilər, amma sonra başqa yerə göndərdilər. Nə oldusa, orada oldu...».

«Kişini döyərlər, daha əli bağlı döyməzlər də...»

Məhkəmədə polis əməkdaşları şahid kimi dindirilərkən məlum olub ki, A.Məmmədovu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər. Təqsirləndirilən şəxsin sözlərinə görə, orada onu döyüb işgəncə veriblər: «Onlara dedim ki, müharibədə zədə almışam, gözümün biri görmür, heç olmasa, başıma vurmayın. Kişini döyərlər, daha əli bağlı döyməzlər də...».

***Buna da bax-'Lotu Quli'nin qohumu: 'Dedim, bildiyim budur ki, adam 22 ildir həbsdədir...'

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polkovnik-leytenant Oqtay Əliyev də məhkəmədə ifadə verib. O isə deyir ki, A.Məmmədovda narkotik olması haqda üç gün əvvəl məlumat almışdılar, ona görə də əməliyyat keçirib, onu saxlayıblar: «Yaxınlaşıb dedik, üzərində qanunsuz nə varsa, təqdim elə. Cibindən pul və heroini çıxarıb verdi. Dedi ki, «aludəçisi deyiləm, iyirmi dəqiqə əvvəl avtovağzalda suqabını zibil qutusuna atanda paket görüb götürmüşəm, görmüşəm ki, narkotikdir».

«Azərbaycanlısan, niyə yalan danışırsan?»

Digər polis əməkdaşları Elman Quliyev, Qasım Hüseynov, hal şahidləri Ümid Qafarov, Elman Həsənov da bənzər ifadə veriblər.

A.Məmmədov polislərin də, hal şahidlərinin də yalan danışdığını bildirib.

«Sən də azərbaycanlısan, niyə yalan danışırsan? Mənim nəslimdə narkotikə yaxın duran olmayıb», - təqsirləndirilən şəxs hal şahidi Ü.Qafarova belə deyib.

Yanvarın 18-də bu məhkəmədə prokuror çıxış edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG