Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Azərbaycanlılar avrointeqrasiyanı dəstəkləyirlər


►“Atlas” Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuya görə, bu il müharibə gözləntisi var

“Atlas” Araşdırmalar Mərkəzi 2015-ci ilin sonunda “xarici siyasət və təhlükəsizlik” mövzusunda sorğu keçirib. Yanvarın 7-də sorğunun nəticələrini açıqlayan Mərkəzin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna müsahibəsində həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin gözləntilərindən söz açıb.

– Elxan bəy, əvvəlcə sorğunun nəticələrinə nəzər salaq. 500 respondent arasında keçirilən sorğuda hansı suallar qoyulmuşdu və cavablar necə olub?

– Respondentlərdən soruşmuşduq ki, “Hansı dövlətlər Azərbaycanın müttəfiqidir?” Sorğuya cavab verən respondentlərin əksəriyyəti 5 dövlətin adını çəkiblər: Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ. “Dağlıq Qarabağda müharibə başlayarsa, hansı dövlət Azərbaycana hərbi dəstək verəcək” sualına respondentlərin 82 faizi Türkiyənin adını çəkiblər, sonrakı yerlərdə Pakistan (10%) və Səudiyyə Ərəbistanı (8) gəlir. “2016-cı ildə Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 86 faizi “xeyr”, 14 faizi “bəli” cavabını veriblər. Bu sualın davamı olan “2016-cı ildə müharibə başlaya bilərmi” sualına isə respondentlərin 56 faizi “müharibə mümkündür”, 23 faizi “müharibə ehtimalı azdır”, 21 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini deyiblər. “Azərbaycan xarici siyasət və təhlükəsizlik sahəsində hara inteqrasiya olmalıdır: NATO, Avropa Birliyi, yoxsa Avrasiya İqtisadi Birliyi?” sualına respondentlərin verdikləri cavab belə bölünüb: NATO və Avropa Birliyi – 72 faiz, Avrasiya İqtisadi Birliyi – 16 faiz, 12 faiz seçimlərində çətinlik çəkdiklərini bildiriblər.

Buna da bax: "Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb"

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Qərbə zəif Azərbaycan lazım deyil”

- 72 faiz avrointeqrasiyanı dəstəkləyir, eləmi?

- Bəli, sorğunun da nəticəsindən bunu görmək olar ki, Azərbaycan vətəndaşları Türkiyə və Qərblə daha sıx inteqrasiyaya üstünlük verirlər. Bu, onunla əlaqədardır ki, Türkiyə və Qərb ölkələri, o cümlədən NATO və Avropa Birliyi Azərbaycanın inkişafında və sabitliyində maraqlıdırlar. Doğrudur, ABŞ və Avropa Birliyi Azərbaycanın demokratikləşməsi və insan haqlarının qorunması tələbini də irəli sürürlər, ancaq Vaşinqton və Brüssel bunu Azərbaycanın zəifləməsi hesabına başa gəlməsini istəmir. Əksinə, zəifləyən və sabitliyi pozulan Azərbaycan müxtəlif istiqamətlərdən hədəf götürülə biləcəyindən, bu, Qərbin maraqlarına cavab vermir.

Qarabağ münaqişəsinin həlli yolundakı yeni əngəllər

- Ancaq respondentlərin böyük çoxluğu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bu il irəliləyiş olacağını düşünmür, əksinə, müharibə başlayacağı ehtimalını bölüşənlər var. Bu ümidsizliyin səbəbləri nədir?

- Ümidsizliyin səbəbi odur ki, Azərbaycan cəmiyyəti münaqişənin danışıqlar yolu ilə həll olunmayacağını özü üçün aydınlaşdırıb. Böyük dövlətlər Ermənistana təzyiq etməlidirlər. Bu olmadığına görə də Ermənistan hakimiyyəti öz istəyi ilə, ilkin addım olaraq, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq. 2016-cı ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət nəticə qazanılacağını gözləmək problematikdir. Birincisi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi buna imkan vermir. İkincisi, Suriyadakı müharibə, böyük dövlətlərin maraqlarının kəsişməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə əngəldir. Rusiyanın ABŞ-la, o cümlədən, Türkiyə ilə maraqları Ukrayna və Suriya məsələlərində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarının üst-üstə düşəcəyəni gözləmək çətindir. Buna baxmayaraq, cəbhə bölgəsindəki gərginlik zaman-zaman “müharibəmi başlayır” sualını aktuallaşdıracaq. Ancaq müharibəyə başlanmasının özü böyük riskdir. Unutmayaq ki, müharibə başlasa, biz iki dövlətlə - Ermənistan və onun arxasındakı Rusiya ilə savaşmalı olacağıq.

XS
SM
MD
LG