Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:09

'Rusiya əvvəl separatçılara ürək-dirək verirdisə...'


Araik Arutyunyan cəbhə xəttinə səfər edir. 2021-ci il
Araik Arutyunyan cəbhə xəttinə səfər edir. 2021-ci il

Qarabağ separatçılarının lideri Araik Arutyunyan "prezident" vəzifəsindən istefa verir. Bu barədə o, Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında bir neçə gün əvvəl qəbul edib. "Bu, məndə olan məlumatlara və təhlillərin nəticələrinə əsaslanaraq yalnız tərəfimdən verilən balanslaşdırılmış qərardır", - Arutyunyan yazıb.

Arutyunyanın avqustun 31-də verdiyi fərmanı ilə tanınmayan qurumun "təhlükəsizlik şurasının katibi" Samvel Şahramanyan "dövlət naziri" təyin edilib. Bir müddət öncə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşə Qarabağ ermənilərinin nümayəndəsi kimi S.Şahramanyan qatılmışdı.

Arutyunyanın istefasından sonra Ermənistanın bəzi siyasi şərhçiləri bu prosesin Azərbaycanın xeyrinə olduğunu dedi. Onların fikrincə, bununla Azərbaycan Qarabağdakı mövqelərini bərkitdi.

Azərbaycanda isə bəzi müşahidəçilər hesab edir ki, bu istefa Ermənistan-Azərbaycan arasında gedən sülh danışıqlarına müəyyən təsirlər göstərəcək.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Azərbaycanın iradəsi Xankəndidə qəbul olunmaqdadır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu da "Turan"a deyib ki, Azərbaycan onun istefasını istəyirdi: "Azərbaycanın iradəsi Xankəndidə artıq qəbul olunmaqdadır".

Deputatın sözlərinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, Xankəndidə artıq ciddi fikir ayrılığı mövcuddur: "Arutyunyanın fəaliyyəti orada yaşayan erməniləri qane etmir, orada ona qarşı ciddi narazılıqlar var. Bu da 2020-ci ildə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Yerevandakı vəziyyəti xatırladır. O vaxt ağır məğlubiyyətə uğrayan Nikol Paşinyan Ermənistan xalqı narazı olduğuna görə məcbur olaraq növbədənkənar seçki elan etdi".

"Arutyunyan özbaşına istefa verməyib"

Komitə üzvünün fikrincə, Arutyunyan bununla belə prosesin üzərində öz nəzarətini saxlamaq istəyir: "Amma Azərbaycanın iradəsi Xankəndidə artıq kifayət qədər keçərlidir. Digər tərəfdən, Ermənistan da artıq dərk edir ki, Azərbaycanla mütləq şəkildə hansısa formada razılığa gəlmək lazımdır. Azərbaycan tərəfini qane etməyən reallıqları da aradan qaldırır, çünki Arutyunyan özbaşına istefa verməyib".

Mirbəşiroğlu hesab edir ki, bundan sonra Xankəndinin özündə separatçı qruplar arasında mübarizə dərinləşə bilər: "Xankəndidə bu siyasi xaosun əlamətləri özünü daha ciddi şəkildə göstərəcək. Azərbaycan isə hər gün bütün əraziləri boyunca suverenliyinin tam təmin olunması hədəfinə yaxınlaşmaqdadır. Artıq separatçıların manevr imkanları qalmayıb. Arutyunyanın bu istefası çarəsizlikdən gələn bir addım idi".

Z.Əlizadə
Z.Əlizadə

"Belə düşünmək üçün heç bir əsas yoxdur"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Şahramanyan Azərbaycanla danışıqlarda humanitar siyasəti müzakirə etməkdən boyun qaçırmışdı: "Bəziləri hesab edir ki, bu, Azərbaycanın xeyrinə olan təyinatdır, amma belə düşünmək üçün heç bir əsas yoxdur. Ola bilsin, Şahramanyan vəziyyətini nəzərə alıb danışıqlara daha mülayim döndü".

Ekspertin sözlərinə görə, Qarabağ separatçıları hesab edirlər ki, inteqrasiya başlasa, onları həbs gözləyir: "Ona görə də başlayırlar qaçmağa, gizlənməyə, istefa verməyə. Ümid edirlər ki, helikopterlə uçacaqlar Ermənistana, oradan da Rusiyaya".

Politoloq separatçıların Moskvadan idarə olunduğunu düşünür. O vurğulayır ki, Qarabağ separatçılarının rəhbərləri indi Azərbaycanla danışıqlara getməyə məcburdurlar: "Amma bunu daha çox Qarabağın əhalisinin fəalları, ağsaqqalları edə bilər. Hər halda, üzdə olan siyasi xadimlər onun öhdəsindən gələ bilməyib".

Əlizadənin fikrincə, Rusiya əvvəl Qarabağ separatçılarına "mövqeyinizdə möhkəm durun" deyib ürək-dirək verirdisə, hazırda yumşalmağa başlayıb.

İstefadan əvvəl...

Bu ilin əvvəlində Azərbaycan Qarabağdakı erməni əhalisinin təmsilçiləri ilə danışıqlara başlandığını açıqlamışdı. Amma prosesin ardı gəlmədi, separatçı qurumun təmsilçiləri bəyan etdilər ki, baş tutan bir görüşdə də reinteqrasiya müzakirə edilməyib.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44-günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG