Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

'Aqrolizinq'in həyətində seçicilərlə görüş


Namizədlər seçki təbliğatlarını harda aparacaqlar?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Namizədlər seçki təbliğatlarını harda aparacaqlar?

Bu il fevralın 9-da Azərbaycanda keçirilməsi gözlənən növbədənkənar parlament seçkilərində hazırda qeydiyyat mərhələsidir.

Deputatlığa namizədlərin qeydə alınması üçün sənəd qəbulu müddəti yanvarın 10-da bitib. Yanvarın 17-nə qədər namizədlərin qeydə alınması mərhələsinə tam yekun vurulmalıdır. Hələlik, 1047 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı bildirilir. Yanvarın 17-dən isə parlament seçkiləri üzrə seçkiqabağı təşviqat mərhələsi başlamalıdır. Bu mərhələ isə səsverməyə 24 saat qalmış başa çatmalıdır. Artıq bu məqsədlə Mərkəzi Seçki Komissiyası (MSK) «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq, bütün ölkə üzrə 128 açıq və 128 qapalı yer müəyyən etdiyini açıqlayıb.

G.Aslanlı
G.Aslanlı

«Bu qədər məhdud yer ayrılması o deməkdir ki,...»

Müsavat Partiyasinin Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, seçkiöncəsi təşviqat üçün bütün ölkə üzrə 128 qapalı və 128 açıq yer ayrılması olduqca azdır: «Bu qədər məhdud yer ayrılması o deməkdir ki, insanlar bütün iş-güclərini atıb, ancaq namizədlərlə görüşə bilmək üçün yollar axtarmalıdırlar».

G.Aslanlı məcburi köçkünlər məskunlaşan rayonlarda isə vəziyyətin daha biabırçı olduğunu iddia edib:


«Məsələn, Ağdam rayonu üzrə seçki məntəqələrinin bir qismi Ağdamda, bir qismi Gəncədə, bir qismi Bakıdadır. Seçicilər namizədlərlə görüşmək üçün ya hamısı Ağdama, ya da Gəncəyə getməlidir...».

G.Aslanlı iddia edib ki, ölkədə əsl seçki mühitinin yaranması hakimiyyətə sərf etmir: «Həmin yerlərə bütünlükdə baxmaq lazımdır ki, qış fəslində bu yerlərin isitmə sistemi hansı vəziyyətdədir, şəraiti necədir?».

80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizədlərin toplantıları üçün açıq məkan kimi «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) İmişli filialının həyəti, qapalı yer isə Allahmədətli Kənd Klubu təklif olunur.

Seçicilərlə görüş. Foto arxiv-2009
Seçicilərlə görüş. Foto arxiv-2009

«Darlıq var»

Müsavat Partiyasının həmin dairədən namizədi Razim Əmiraslanov deyir ki, İmişlidəki «Aqrolizinq» ASC-nin həyətində darlıq var və seçicilərlə görüş üçün əlverişli deyil. «Amma bu barədə oradan namizədliyim qeydə alınandan sonra açıqlama ilə çıxış edəcəyəm», - R.Əmiraslanov vurğulayıb.

Namizədliyi 79 saylı İmişli seçki dairəsindən qeydə alınmış, bitərəf İlqar Hüseyn də ayrılan yerləri az və seçicilərlə görüş üçün münasib saymır, görüş yerlərinin sayının artırılmasına zərurət yarandığını deyir.

Hakim Yeni Azərbaycan Partiyasının namizədlərindən isə bu yerlərlə bağlı hər hansı tənqidi fikir səslənməyib.

MSK isə deyir ki...

«Turan» agentliyinin xəbərinə görə, bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, əgər seçicilərlə görüş yeri münasib deyilsə, namizədlər konkret dairə seçki komissiyasına müraciət etməklə həmin yerin daha münasib yerlə əvəzlənməsinə nail ola bilərlər: «Bu yerlərin hamısını MSK-nın tənzimləməsi mümkün deyil, odur ki, DSK-lar bunu edə bilərlər».

Hələlik, 79 saylı İmişli dairə seçki komissiyası ilə danışmaq mümkün olmayıb.

M.Pənahov
M.Pənahov

«Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər»

MSK sədri Məzahir Pənahov da bu gün, yanvarın 13-də bu məsələyə münasibət bildirərək daha açıq şəkildə mövzu ilə bağlı mövqeyini ifadə edib. MSK sədri bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb. «Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər», - APA-nın xəbərinə görə, MSK sədri deyib.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG