Keçid linkləri

2026, 07 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 14:12

Şura aqrar sektora yeni dəstək açıqladı, amma iqtisadçıdan da suallar var

'Sahəni şişirdirlər' - Şumlanmayan torpaqlara 24 milyonluq subsidiya necə ayrılıb
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

'Sahəni şişirdirlər' - Şumlanmayan torpaqlara 24 milyonluq subsidiya necə ayrılıb

Azərbaycanda aqrar sektorda subsidiyalarla bağlı bir sıra dəyişikliklər edilib. Sentyabrın 7-də açıqlanan dəyişiklikləri Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmi kimi təqdim edib.

Qurum dəyişikliklərin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən edildiyini açıqlayıb.

Bildirilir ki, proqrama əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə əkinlərdən iki dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək.

Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı, noxud, lobya, habelə digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb. Bundan əvvəl müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof üçün 360 manat olub.

Dağlıq rayonlara və Naxçıvana güzəşt

Üstəlik, dağlıq rayonlara dövlət dəstəyinin gücləndirildiyi bildirilir. Məsələn, dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında ( Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər əraziləri ilə quru sərhədləri yoxdur) kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektara 600 manata çatdırılır.

Həmçinin, lazer hamarlama texnologiyasının tətbiqinə yeni subsidiya veriləcək: "Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası 250 AZN/ha artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası 50 AZN/ton artırılaraq ödəniləcək".

Qurum əlavə edir ki, yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi məqsədilə texnoloji səviyyəyə və örtük materialına uyğun olaraq, hər hektar əkinə görə 500 manatdan 5 min manatadək əkin subsidiyası müəyyən edilib.

Yeni ixracyönümlü bitkilərin becərilməsi də dəstəklənməlidir.

Şuranın qərarı ilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib: "Aroniya bağlarının salınmasına görə birdəfəlik 7500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinə isə 6000 manat/ha subsidiya veriləcək".

Kiçik (butik) şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olmalıdır. "Təqdim edilən modeldə 5-20 ha olmaqla super-intensiv üzüm bağları üçün 20000 manat/ha, intensiv üzüm bağları üçün isə 10000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur", - qərarda əlavə edilir.

Buna qədər üzümdə məhsul subsidiyası əsasən 8 min manat olub.

Eyni zamanda, yeni qərarla pambıqda damcı suvarma tətbiqinə əlavə dəstək veriləcək: "Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada 215 manat/ton, damcı suvarmada isə 300 manat/ton müəyyən edilib".

Sərhədboyu əkinçiliyə əlavə dəstək

Yeni mexanizmə əsasən müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Qərarda habelə bildirilir ki, sərhədboyu əkinçiliyə əlavə dəstək veriləcək. Vurğulanır ki, siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçiliklə bağlı fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0.5 bənd yüksək hesablanacaq.

Üstəlik, balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq.

Naxçıvanda yumurta tədarükçülərinə pul veriləcək

Habelə, Naxçıvanda yumurta istehsalına xüsusi dəstək veriləcək. Söhbət orada tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası verilməsindən gedir.

Həmçinin, süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək: "Tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq".

"Qarabağ" və "dilbaz" atları da unudulmayıb

Qərarda qeyd edilir ki, 2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək.

Şabran kəndlilərinin harayı: 'Məcburuq ki, heyvanları satıb kənddən şəhərə köçək'
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Habelə, intensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq olunacaq. Bildirilir ki, bu il oktyabrın 1-dən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat/baş, ətlik cinslər üzrə isə 1000 manat/baş heyvan subsidiyası veriləcək: "Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il heyvan subsidiyası tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib".

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa da subsidiya verilməlidir. Lakin burda da şərtlər var. İstifadəsində azı 100 ha örüş, otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda bir heyvana görə 4 manat subsidiya veriləcək.

Bütün bunlardan başqa dəri və yuna da məhsul subsidiyası verilməlidir. Yəni, heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0.40 manat məhsul subsidiyası veriləcək.

Emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0.30 manat/ədəd, yuna isə 0.30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.

Amma bir çox müstəqil iqtisadçılar yeni mexanizmin müsbət tərəflərindən bəhs etməklə yanaşı, öz narahatlıqlarını da dilə gətiriblər. Onlar narahatdırlar ki, yeni mexanizmdən daha çox oliqarx məmurlar yararlana bilər.

"500 qoyun üçün 2000 manat subsidiya hansı dərdə dərman olacaq?!"

İqtisadçı Natiq Cəfərli isə Facebook səhifəsində yazıb ki, Kənd Təsərrüfatı Nazirliyi, nəhayət, iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasını, bununla da ölkədə ətin kəskin bahalaşmasını gördü və bu sahədə yeni subsidiyaların tətbiqinə qərar verdi: "Amma... Subsidiya şərtləri elə elan edilib ki, yenə kəndli, kiçik-orta sahibkar, fermerlər kənarda qalacaq. Məsələn, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək".

İqtisadçı daha sonra da bir sıra suallara yer verib: "Yaxşı, ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Və ya, 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?!.. Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı, münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır, ildə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?!".

Aqrar subsidiyaların verilmə tarixi və Hesablama Palatasının hesabatı

Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən — yanacağın qiymət artımı ilə paralel olaraq başlanılıb. Ötən illər ərzində subsidiyaların həcmi vaxtaşırı artırılıb.

Yeni qərara qədər bitkiçilik üzrə subsidiyaların baza məbləği 200 manat müəyyən edilib. Məsələn, 2024-cü ildə buğda üçün əkin əmsalı 1.1, əkin subsidiyasının məbləği isə 220 manat götürülüb. 2025-ci ildən etibarən müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinə görə əlavə 60 manat subsidiyanın veriləcəyi açıqlanıb. Təkrar əkinlərə görə subsidiyalar isə artıq yalnız suvarılan ərazilərə şamil edilib.

Hesablama Palatası bu il Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının son 3 illik fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu, uyğunsuzluq aşkar etdiyini açıqlamışdı. Orada bildirilirdi ki, hətta suvarılmayan sahələrə subsidiya verilib.

Bir il əvvəl isə Maliyyə Nazirliyi də əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasında uyğunsuzluğa diqqət çəkmişdi.

Xatırlatma

Azərbaycan özü ərzaq məhsullarına olan tələbatı əsasən ödəyə bilmir. Son illər isə ölkədə həm iri, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi azalma müşahidə edilir. Ekspertlər bunu 2015-ci ildən etibarən hökumətin pambıqçılığa diqqəti artırmaq adı ilə mal-qaranın istifadə etdiyi örüş yerlərini əkməsi ilə izah edirdilər.

Hətta bir çox qoyunçuluq təsərrüfatlarının sahibləri uzun müddətə icarəyə götürdükləri torpaqların əllərindən alınması ilə bağlı şikayətlər səsləndirmişdi. Onlar deyirdilər ki, torpaqların icarə müqavilələri ləğv edildiyindən qoyun-quzularını dəyərini gözləmədən satmaq məcburiyyəti qarşısında qalıblar. Amma rəsmi qurumlar belə şikayətlərin əsaslı olmasını təsdiqləməyiblər.

XS
SM
MD
LG