Prezident İlham Əliyev bu gün, yanvarın 14-də “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yeni qurum yaradılır.
Bu qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi olacaq.
Fərmanın verilməsi aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədi ilə izah edilir. Bundan başqa, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması kimi məqsədlərdən bəhs edilir.
Prezident Kənd Təsərrüfatı Nazirliyinə Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb ona təqdim etməyi tapışrıb.
Agentliyin əsasnaməsi təsdiq edilənədək Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti öz fəaliyyətlərini davam etdirəcəklər.
Xatırlatma
Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev çıxışında ciddi struktur islahatları anonsu verib: “İndi struktur islahatı gözlənilir. Çünki idarəetmədə struktur köhnəlib”, deyə o vurğulamışdı.
Prezident habelə deyib ki, yeni idarəetmə strukturu daha çevik, daha yığcam, daha məqsədyönlü olmalıdır: “Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib».