Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov Vəkillər Kollegiyasına bu qurumun üzvü Aqil Layıcovdan şikayət edib, onun cəzalandırılmasını istəyir. Hakim şikayətində yazıb ki, A.Layıcov məhkəmə iclasında vəkil mantiyası geyinməyib, zaldan çıxanda qapını çırpıb gedib.
“’Əvəz-əvəz’ prinsipi ilə cəzalandırılmağımı istəyir”
Vəkil isə deyir ki, haqqında yazılanlar yalandır. Sadəcə, bu hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etdiyinə görə ona qarşı qərəzlidir. A.Layıcovun sözlərinə görə, əlində vəkil orderi olmasına baxmayaraq, hakim C.Qədimov onu prosesə buraxmayıb:
Buna da bax: HRW vəkilin kollegiyadan uzaqlaşdırılmasından yazır
“Məndən əlavə etibarnamə də istədi. Bu da qanunsuzdur. Mən prosesə buraxılmamışam, əgər buraxılsaydım, həmin vaxt çantamda olan mantiyanı çıxarıb geyinəcəkdim. ‘Qapını çırpmaq’ məsələsi də ağ yalandır. Məhkəmə zalındakı kameraların yaddaşına baxılsa, bu görünər. Mən dekabrın 14-də hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etmişəm. Dekabrın 20-də şikayətim Suraxanı Rayon Məhkəməsinə göndərilib. Hakim də bundan xəbər tutan kimi ‘əvəz-əvəz’ prinsipi ilə məndən Vəkillər Kollegiyasına şikayət edib, cəzalandırılmağımı istəyir”.
Məhkəmə bildirişi, yoxsa hədə məktubu?
A.Layıcov deyir ki, buraxılmadığı məhkəmə işiylə bağlı növbəti prosesin vaxtı ilə əlaqədar ona elə həmin hakim bildiriş göndərib. Məhkəmə bildirişində hakim vəkili məhkəmə iclasının vaxtı haqda məlumatlandırmaqla yanaşı, həm də onun Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə ünvanladığı şikayətlərə cavab verib. Həmçinin müdafiəçinin nəzərinə çatdırılıb ki, onun özündən də Vəkillər Kollegiyasına şikayət göndərilib. A.Layıcov bildirir ki, bu cür bildirişin özü də qanun pozuntusudur:
Buna da bax: Ekspert: 'Azərbaycanda məmur yaxınlarına hər yerdə yaşıl işıq var' [video]
“Bunun adı ‘bildiriş’dir, özü hədələməkdir. Mülki Prosessual Məcəllənin 138 və 139-cu maddələrində məhkəmə bildirişinin məzmunu öz əksini tapıb. Orada məhkəmənin adı, vaxtı, baxılan iş və s. göstərilməlidir. Məhkəmə bildirişində şikayətə cavab verilə, yaxud hədələyici məlumatlar yazıla bilməz”.
Xatırlatma
A.Layıcov Beynəlxalq Bankın həbsdə olan sədri Cahangir Hacıyevin də vəkilidir. Noyabrın 22-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti C.Hacıyevin hər iki vəkilinin cəzalandırılması haqda qərar çıxarıb – Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb, A.Layıcova isə töhmət verilib. Onlar C.Hacıyevin mətbuatda onun barəsində yazılan ittihamlara cavab açıqlamasını jurnalistlərə verməkdə günahlandırılıb.
Amma vəkillərin heç biri özünü günahkar saymır. F.Mehdiyev deyir ki, müvəkkilinin özünü müdafiə eləmək hüququ var və onun açıqlamasının mətbuata yayılması qanun pozuntusu deyil. A.Layıcov isə ümumiyyətlə, bu açıqlamanın necə yayılmasından xəbərsiz olduğunu bildirir. F.Mehdiyev də onun söylədiklərini təsdiqləyərək bildirir ki, A.Layıcovun bu məsələyə aidiyyəti olmayıb.