Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:49

Baş Prokurorluq cəbhəçi ilə bağlı açıqlama yayıb


A.Hümbətov

Bu gün, avqustun 18-də Baş Prokurorluq həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, son zamanlar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə onun əsassız cinayət məsuliyyətinə cəlb olunmasına dair məlumatlar yayılıb.

Vurğulanır ki, A.Hümbətovun qonşusu Yamən Məmmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirməsi faktına görə Bakı şəhəri, Xəzər rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır: "İstintaqla Aqil Hümbətovun üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir".

Bildirilir ki, A.Hümbətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Aqil Hümbətovdan yeni məlumat var

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan üzvü Aqil Hümbətovla bağlı yeni şikayət səslənir.

Yaxınlarının iddiasına görə, A.Hümbətov deyib ki, Xəzər Rayon Polis İdarəsində ağır işgəncələrə məruz qalıb: "Aqil Hümbətov xəbər göndərib ki, onu soyundurub zorlayacaqları ilə hədələyiblər".

Vurğulandığına görə, A.Hümbətov məhz buna görə etirafedici ifadələrə qol çəkdiyini iddia edib. Üstəlik, onun özünə qarşı irəli sürülən ittihamları rədd etdiyi bildirilir.

Avqustun 16-da vəkil Nemət Kərimli də A.Hümbətovla Şüvəlanda saxlandığı 3 saylı İstintaq Təcridxanasında görüşüb. O, görüşlə bağlı geniş danışmaq istəməyib, yalnız onu deyib ki, müdafiə etdiyi şəxslə bağlı prokurorluğa şikayət verilib.

DİN təkzib edir

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, həmin iddialar əsassızdır: "Heç bir halda istintaq orqanında şübhəli bilinən, ittiham olunan şəxsi fiziki təzyiqə məruz qoymağa ehtiyac yoxdur. İddialar əsassızdır. Həmin başlanmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir".

E.Hacıyev həmçinin əlavə edib ki, vətəndaşın istintaqın gedişatı ilə bağlı hər hansı narazılığı varsa, onun şikayət etməyə hüququ var.

Yaxınları Aqil Hümbətovun şərləndiyini bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun hazırda Şüvəlan təcridxanasında saxlandığı, məhkəmənin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi deyilir.

AXCP-dən verilən məlumata görə, A.Hümbətov dünən, avqustun 15-də xanımına zəng vuraraq şərləndiyini bildirib.

"Turan" agentliyinin xəbərinə görə, onun həyat yoldaşı Aygün Hümbətova da deyib ki, əri Zirə qəsəbəsində bir necə manat qazanmaq üçün əhalinin tulladığı zibil, habelə kağız-karton yığmaqla məşğul olub. Xanımı vurğulayıb ki, ərinin deməsinə görə, həyətlərdən birinə sifarişlə çağırılıb və orada şərlənib.

Yaxınlarının söyləməsinə görə, A.Hümbətov habelə deyib ki, fiziki təzyiq yolu ilə ondan etirafedici ifadələr də alınıb.

Səslənən iddialara cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə "Turan"a deyiblər ki, A.Hümbətov aidiyyəti üzrə istintaq orqanına şikayət edə bilər və araşdırma aparılaraq onun dediyi mütləq yoxlanılar.

Cəbhəçi fəal bıçaqlamada günahlandırılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov avqustun 11-də saxlanıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. Onun sözlərinə görə, A.Hümbətov dünən, avqustun 11-də axşam evə gəlib şam yeməyini yeyib, evdən çıxıb və geri qayıtmayıb: "Gecə mənə Xəzər rayon Polis İdarəsindən zəng vurub bildiriblər ki, Aqil cinayət törətməkdə şübhəli bilinərək saxlanıb".

Lakin həyat yoldaşının vurğulamasına görə, A.Hümbətovun nədə şübhəli bilindiyi ona deyilməyib.

Rəsmi məlumat

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də "Turan"a A.Hümbətovun saxlanmasını təsdiq ediblər: "O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanıb. Hazırda istintaq aparılır".

Xatırlatma

Küçələrdən plastik qablar, karton və sair toplayıb satmaqla üç azyaşlı uşağını dolandıran A.Hümbətov 2019-cu ilin martında 30 günlük inzibati həbslə cəzalandırılmışdı. O, polisə müqavimətdə təqsirləndirilsə də, cəbhəçi həbsini bir neçə gün öncə prezidenti tənqid etməsi ilə izah etmişdi. A.Hümbətov ötən il martın 29-da canlı yayımda uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini demiş, prezident İlham Əliyevi və komandasını tənqid etmişdi. Bundan sonra isə o, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Bakı Ruhi Əsəb Dispanserinə yerləşdirilmişdi. Bu qərar ondan üç nəfərin şikayəti ilə izah edilib. Həmin ilin iyulun 1-də A.Hümbətov evə buraxılıb və bir müddət sonra yenidən hökuməti tənqid etməyə başlayıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını bildirirlər.

XS
SM
MD
LG