Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:03

Aqil Hümbətov xəstəxanadan buraxılıb


Aqil Hümbətov
Aqil Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov bu gün, iyulun 1-də Bakı Ruhi Əsəb Dispanserindən evə buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov bu gün, iyulun 1-də Bakı Ruhi Əsəb Dispanserindən evə buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

Aqil Hümbətov aprelin 3-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə Bakı Ruhi Əsəb Dispanserinə yerləşdirilmişdi.

Məhkəmə aprelin 2-də saxlanan Aqil Hümbətovun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar qəbul etmişdi.

AXCP üzvünün sözlərinə görə, onu iyulun 1-də günorta saatlarında baş həkimin yanına çağıraraq evə buraxıldığını bildiriblər.

"Kağız verdilər ki, evə buraxılıram. Başqa heç nə demədilər".

Aqil Hümbətovun sözlərinə görə, o şərlənərək ruhi əsəb xəstəxanasına yerləşdirilib.

"Şərləmə idi, amma indi hər şey yaxşıdır, azadlıqdayam",- partiya üzvü bildirib.

Xatırlatma

Küçələrdən plastik qablar, karton və sair toplayıb satmaqla üç azyaşlı uşağını dolandıran Aqil Hümbətov ötən ilin martında da 30-günlük inzibati həbslə cəzalandırılmışdı.

O, polisə müqavimətdə təqsirləndirilsə də, cəbhəçi həbsini iki gün öncə prezidenti tənqid etməsi ilə izah etmişdi.

Aqil Hümbətov bu il martın 29-da canlı yayımda uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini demiş, prezident İlham Əliyevi və komandasını tənqid etmişdi.

Azərbaycan rəsmiləri ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını bildirirlər.

XS
SM
MD
LG