Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Aqil Abbas: 'Görünür, Seymur Həzinin Avropada day-dayları yoxdur'


A.Abbas
A.Abbas

Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına tapşırığından sonra yanvarın 22-də videobloqer Mehman Hüseynovla bağlı yeni ittihamlara xitam verilib. AzadlıqRadiosu bununla bağlı deputat Aqil Abbasla danışıb.

- Aqil müəllim, prezidentin müdaxiləsindən sonra bloqer Mehman Hüseynovla bağlı yeni ittihama son verildi. Bunu necə dəyərləndirirsiniz?

- Parlament möhtərəm prezidentin tövsiyəsi ilə Cinayət Məcəlləsinə düzəlişlər və əlavələr edib. O dəyişikliklərə görə, hər kəsə həbs sanksiyası verilməməlidir, yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məsələn, iki qonşu dava edir, kiçik münaqişə olur, bu cür insanları həbs etmək olmaz. Cəzaların yüngülləşdirilməsi ilə bağlı qanunda çox ciddi dəyişiklik edilib. İndi bu hadisədə də möhtərəm prezident baş prokurora tövsiyə edir ki, araşdırın, görün, ağır hadisə deyilsə, həmin maddə orda tətbiq edilə bilər.

- Belə bir sual yaranır, qanunda bu cür vəziyyətlərlə bağlı yüngülləşdirici hallar nəzərdə tutulursa, niyə onun tətbiqi məhz prezidentin müdaxiləsindən sonra mümkün olur? Hüquq-mühafizə orqanları buna prezidentsiz qərar verə bilməzdilər?

- Prezidentin müdaxilə etməsi ondan irəli gəlir ki, Mehman Hüseynov cənab prezidentə müraciət edib. Eyni zamanda, QHT-lər də müraciət edib, Sahib Məmmədovgil, Əliməmməd Nuriyevgil. Prezidentə həmin müraciəti çatdırıblar, o da cavab olaraq belə bir addım atıb. Tövsiyə edib ki, imkan daxilində baxın görək nə məsələdir. Tapşırılıb prokurorluğa. Buna da baxıblar. Yəni, bunun müraciətindən sonra. Şəxsən mən çox istəyərdim ki, Seymur Həzi də azadlığa buraxılsın. Amma mənlik deyil. Buraxılmır. O da jurnalistdir, çox yaxşı da jurnalistdir. Küçədən keçən kimləsə qovğa ediblər, adama bir su butulkası atmaqla o qədər iş veriblər. İstərdim onun cəzası da yüngülləşsin. Yaxud da başqalarının. Həbsdəki hər kəs azadlığa qovuşsun istərdim təbii ki, qatillərdən, namusa toxunan və oğrulardan başqa.

- Cinayət Məcəlləsindəki yüngülləşdirici amillər niyə Seymur Həziyə də tətbiq edilmir?

- Qızım, mən indi nə deyim. Özü də siz bir sual dediniz, artıq ikisinə cavab verdim. Mən istəyirəm belə olsun. Özü də ona o vaxt 5 il iş verilib, deyəsən. O cəza bəlkə də düşmür ora. Mənim əlimdə onun maddələri yoxdur. Yəni, hansı maddəylə tövsif olunur və hansı maddələrə də yüngülləşdirici cəza tövsiyə olunur, o əlimdə deyil, bilmirəm. Amma mən istərəm Qarabağ döyüşçüsü var, hansısa hərəkətinə görə həbs olunub... Bu, Qarabağ döyüşçüsüdür, Qarabağ əlilidir, buna güzəşt etmək olar.

- Məhkəmədə istintaq zamanı işgəncələrə məruz qaldığını iddia edən Babək Həsənovu deyirsiniz?

- Bəli, onu deyirəm. Dünya dağılmayacaq ki. Və bir şeyi də deyim, görünür, Seymur Həzinin Avropada day-dayı yoxdur.

- Onda belə çıxır ki, kimin Avropada day-dayı varsa, hökumət onun qabağından geri çəkilir?

- Adi bir şeyi Avropa Parlamenti dərhal müzakirəyə çıxardı, «adə, qoyma gəldi». Xarici nümayəndələr gəldi, görüşdü, dərhal Azərbaycana ultimativ sözlər-filan. Bax, bu bir az adama qəribə gəlir də. Nə oldu başqaları haqda olmadı, dərhal Mehmanla bağlı oldu? Və bir də, həmişə demişəm, qəzetimdə də yazmışam ki, Mehman Hüseynovu tutmaq lazım deyil. Mehman Hüseynovu o vəziyyətə salmaqda kimlərsə maraqlı olub, yəni münaqişə yaransın və bu da getsin Avropaya, ajiotaj yaradılır. Bax, o adamları həbs etmək lazımdır.

- Onlar kimlərdir?

- Bilmirəm. Falçı deyiləm. Yazıçıyam, millət vəkiliyəm. Onu Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq tapa bilər, mən yox.

- Mehman Hüseynovla bağlı ittihamlara xitam verilməsində Avropa Parlamentindəki müzakirələrin, ötən şənbə müxalif qüvvələrin keçirdiyi mitinqin də təsiri oldumu, sizcə?

- Nə mitinq?! 50 dəfə mitinq olub, nəsə tələb edilib. Ya Avropa Parlamenti dəfələrlə kimisə cərimələyib, filan edib. Möhtərəm prezident bunu istəyib. Bu, məsələnin bir tərəfi. İkincisi də, Avropa Parlamentində görüləsi o qədər işlər var ki, amma heç birini görmür. Avropa Parlamentinə maraqlı deyil sənin orda bir milyon qaçqının var, ya yox. Ona Azərbaycan hökumətinə qarşı təzyiq vasitəsi maraqlıdır. Bundan da istifadə edirlər. Bizə də təzyiq göstərməyə çalışırlar. Kim istəyər ki, Azərbaycan inkişaf etsin və söz sahibi olsun? Heç buna gücləri də çatmaz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG