Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Bir dövlət üç hərflə belə incidilərmiş


Ağ Evin yeni sözçüsü Sean Spicer Krımın işğalı barədə sualın cavabında Ukraynanın adını çəkərkən, bu ölkənin adının önündə “the” artikli işlədib

Ağ Evin yeni sözçüsü Sean Spicer Krımın işğalı barədə sualın cavabında Ukraynanın adını çəkərkən, bu ölkənin adının önündə “the” artikli işlədib. İngilis dilində ismin qarşısında bu artiklin işlənib-işlənməməsi çox şey ifadə edir. O ki qaldı bir dövlətin adının qarşısında işlənib-işlənməməsinə, bu həm də böyük siyasi məna kəsb edə bilər.

İngilis dilində “The Ukraine” dedikdə Ukrayna bir coğrafi ərazi kimi nəzərdə tutulur. Bu, ukraynalıların çoxunun gözündə onların dövlət müstəqilliyinin sual altına alınması deməkdir. Sean Spicer-in qəsdən, yoxsa bilməyərəkdən “the Ukraine” söylədiyi hələ bilinmir.

"The" artiklı həm məntiq, həm də tarixdir

Bütövlükdə götürəndə, “the” artiklı yalnız bəlli ölkə adlarının qarşısında işlədilir ki, bunun da öz məntiqi və ya tarixçəsi var.

Məsələn, dövlət ayrı-ayrı adalardan ibarətdirsə, adın qarşısında “the” işlədilir –Maldiv (the Maldives), Baham (the Bahamas) və Filippində (the Philippines) olduğu kimi.

Amerika Birləşmiş Ştatları (the USA), adından da göründüyü kimi, vaxtilə ayrıca dövlət olmuş müxtəlif ştatların bir araya gəlməsi nəticəsində yarandığından, onun da adının önündə artikl işlədilir.

Eyni qayda Birləşmiş Krallıq (the United Kingdom) və SSRİ (the USSR) üçün də keçərlidir.

Xahişli "the", yığışdırılan "the"

Artikl "the"
Artikl "the"

Qambiya da artikllı dövlətlərdən biridir. Amma onun fərqli tarixçəsi var. 1964-cü ildə Qambiya baş nazirinin ofisindən Britaniyanın coğrafi adların rəsmi yazılışını təsdiqləyən müvafiq idarəsinə bir məktub gəlir. Məktubda indən belə Qambiyanın adının qarşısında “the” artiklının yazılması xahiş edilir. Xahişi əsaslandıran səbəblərdən biri kimi də Qambiyanın adının o vaxt təzəcə yaranmış Zambiya ilə dəyişik salınması olub.

Adının önündə əvvəllər artikl işlənib sonradan yığışdırılan ölkələr də var. Livan, Konqo və Sudan belə ölkələrdəndir. Linqvistlərin bir qismi bunu Livanın adının oradakı Livan dağları, Konqonun adının oradan axan Konqo çayı, Sudanın adınınsa oradakı Sudan səhrası ilə eyni olması ilə izah edir. Bəzi linqvistlər bunu həmin dövlətlərin müstəqillik əldə etmələrinin uzun zaman almasına da bağlayırlar. Gerçək necə olsa da, fakt budur ki, indi bu üç dövlətin adı artikllə işlənmir.

Müstəqillik həm də "the"sizdir

Ukraynaya gəlincə, Sovet İttifaqının tərkibində olarkən, onun adının qabağında “the” yazılırdı. Müstəqillikdən sonra ingilisdilli qəzetlər onun adından artiklı atdı. Bunu ilk edən də 1991-ci il dekabrın 3-də Associated Press agentliyi oldu. Ovaxtdan xarici ölkələrdə yaşayan ukraynalılar ölkələrinin adının önündə artikllə rastlaşanda, buna etiraz edirlər.

Ukrayna SSR-nin qarşısında "the" artikili ilə yazılıb
Ukrayna SSR-nin qarşısında "the" artikili ilə yazılıb

ABŞ-dakı son prezident seçkiləri kampaniyasında namizədliyə iddiaçılardan iki respublikaçı - John Kasich və indiki prezident Donald Trump debatlardaUkraynanın adını çəkərkən, artikldan istifadə etmişdilər. Görünür, indi Sean Spicer də öz liderindən örnək götürüb.

Bir dəfə sabiq prezident Barack Obama da Maydan hadisələrindən danışarkən ağzından “the Ukraine” ifadəsini çıxarmışdı. O vaxt “Time” jurnalı dərhal bir yazı çap edərək, bunun yolverilməz olduğunu bildirmişdi. Amerikanın 44-cü prezidenti daha sonra bir daha Ukraynanın adını artikllə çəkməmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG