Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:51

Aprelin 20-nə kimi dərs olmayacaq


Məktəbdə dizinfeksiya. Foto arxiv

Bütün təhsil müəssisələrində tədrisin dayandırılması aprelin 20-nə kimi uzadılıb.

Bununla bağlı bu gün, martın 20-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir:


«Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub».

Bundan əvvəl koronavirus infeksiyası ilə bağlı Azərbaycanda orta və ali məktəblərdə dərslər martın 2-dən bir həftə dayandırılmışdı. Bu müddət sonradan martın 29-na qədər uzadılmışdı.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

XS
SM
MD
LG