►"Neftin ucuzlaşması və manatın qiymətdən düşməsi..."
11 müxalifyönümlü siyasi partiya fevralın 3-də Bakıda Antiböhran Koalisiyası yaratdıqlarını elan ediblər.
Siyasilərin toplantısı Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında baş tutub. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliiyev Azadlıq Radiosuna toplantıda ölkənin iqtisadi durumunun müzakirə olunduğunu deyib.
Toplantıya qatılan müxalifyönlülər neftin qiymətinin düşməsi və manatın məzənnəsinin dəyişməsi ilə bağlı yaranmış böhranlı iqtisadi durumdan narahatlıqlarını bildiriblər.
Bir araya gələn siyasi partiyalar Antiböhran Koalisiyasında məsləhətləşmələri davam etdirəcəklər. (Ardı aşağıda)
Bunlara da bax: |
Yeni elan olunan koalisiyaya VİP, Ümid, Böyük Azərbaycan, Xalq, Azadlıq, Klassik Xalq Cəbhəsi, Gələcək Azərbaycan, Milli Konqres, Liberal Demokrat, Dünyəvi Bozqurd və Aydınlar partiyaları daxildir.
Yada salaq ki, bundan əvvəl də Milli Şura ilə Müsavat Partiyası yaranmış vəziyyətdən çıxış kimi ölkədə yeni parlament və prezident seçkilərinin keçirilməsini təklif etmişdilər.Ancaq hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzazadə bunu absurd istək adlandırmışdı. Aydın Mirzazadə deyirdi ki, heç həmin partiyaların namizəd olmağa kifayət qədər üzviləri yoxdur. Onun fikrincə müxalifət yaxşı olar ki, vaxtında keçirləcək seçkilərə hazırlaşsın...