Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Antalya Kino Festivalının acığına “alternativ festival”


Antalya şəhəri
Antalya şəhəri

Türkiyədə keçiriləcək 54-cü Beynəlxalq Antalya Kino Festivalında “milli kino kateqoriyasının”, bəzi məlumatlara görə siyasi səbəblər üzündən ləğv edilməsinə cavab olaraq bir qrup kinematoqrafçıaltenativ festival keçirmək qərarına gəlib.

Middle East Eye saytı yazır ki, alternativ festivalın təşkilatçıları əsl festivalı bütün aspektlərdə təqlid etməyə çalışıblar.

54-cü Antalya Beynəlxalq Kino Festivalına bir növ etiraz olaraq keçirilən “54-cü Milli Kino Festivalını” Türkiyə kino sənayesinin bir qrup nümayəndəsi təşkil edib.

Bəziləri bu qənaətdədirlər ki, hökumət Antalya festivalının milli kino kateqoriyasını sadəcə olaraq tənqid eşitməmək üçün ləğv edib. Çünki ənənəyə görə Antalya festivallarında mükafat alan qaliblər təntənəli nitqlərini hökumətin tənqidinə həsr edərdilər.

Hökuməti qəzəbləndirən son insident 2015-ci ildə keçirilən festivalda baş vermişdi. Burada milli kino kateqoriyasında özünün “Sarmaşıq” filmi ilə qalib olmuş Tolga Karaçelik, mükafatını məhbus jurnalistlər Can Dündar və Erdem Gülə ithaf etdiyini bildirmişdi.

Jurnalistlər Dündar və Gül Türkiyə kəşfiyyatının Suriyaya gizli silah göndərməsini faş edən reportajlarına görə həbs edilmişdilər.

Sonradan onların hər ikisi zaminə buraxılmışdı. Ölkə xaricində olan Dündar Türkiyəyə qayıtmamaq qərarı vermişdi və hazırda Almaniyada yaşayır.

Türkiyə kinossenaristi və rejissoru Kaan Mujdecinin təşəbbüsü olan alternativ festival əsl festivalın keçirildiyi yerdən 700 kilometr aralıda, İstanbulda açılacaq.

Jurnalistlər Can Dündar (sağda) və Erdem Gül
Jurnalistlər Can Dündar (sağda) və Erdem Gül

Bu festivalın özünün təqdim olunmuş filmlər siyahısı və yüksək səviyyəli münsiflər heyəti var.

Antalya festivalı ilə eyni vaxtda, oktyabrın 26-da açılacaq alternativ festivalda yarışa səkkiz film buraxılır.

Alternativ festival hələ açılmadan hökumətin ona qarşı hücumları başlanıb. Antalyanın hakim Ədalət və İnkişaf Partiyasından olan meri Menderes Türel bu festivalın internet saytının bağlanması üçün məhkəməyə müraciət edib.

Mujdeci internet saytını yenidən bərpa etməli olub. Bu internet saytından Antalya festivalına bütün bənzərliklər yığışdırılıb. Lakin Türel bununla da sakitləşməyib və ikinci dəfə məhkəməyə müraciət edib.

Məqalədə deyilir ki, alternativ internet saytında təhqirlər olmasa da, onun ilkin versiyasında Antalya merinə atmacalar vardı.

Mer Hürriyet qəzetinə müsahibəsində deyib ki, milli filmlər kateqoriyasının ləğvi barədə qərar birdən birə qəbul edilməyib və əslində bu barədə müzakirələr 2015-ci ildən bəri davam edib.

O əlavə edib ki, milli filmlər kateqoriyası olmasa da, milli filmlərin festivalda iştirakı təmin edilib.

Qəzetin belə bir qərarın qəbulundan əvvəl hər hansı rəy sorğusu keçirilib-keçirilmədiyi barədə sualına mer orjinal cavab verib. O deyib ki, ən mötəbər rəy sorğusu 2014-cü ilin seçkisi olub. Bu seçkidə o Antalya meri seçilib.

XS
SM
MD
LG