Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 14:40

ANS Teleradio Şurasını ittiham edir


ANS Telekanalının vitse-prezidenti Mirşahin Ağayev
ANS Telekanalının vitse-prezidenti Mirşahin Ağayev

.


ANS televiziyasının nümayəndəsi Muxtar Mustafayev noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində deyib ki, ​Milli Televiziya və Radio Teleradio Şurasının (MTRŞ) ANS-də hər hansı verilişi dayandırmaq səlahiyyəti olmayıb. "Salam Azərbaycan" və digər verilişlərin yayımını müvəqqəti dayandırmaqla faktiki səlahiyyət həddini aşıb.

Məhkəmədə ANS telekanalının MTRŞ-a qarşı iddiasını araşdırır.

Buna da bax: ANS-i külli miqdarda cərimələdilər

“HƏLƏ YÜNGÜL CƏZA VERİLİB”

Muxtar Mustafayevin sözlərinə görə, Teleradio Şurası hər hansı verilişin yayımının dayandırılmasını istəyirsə, məhkəməyə müraciət etməli idi: "Yalnız məhkəmə qərarı ilə verilişin yayımı dayandırıla bilərdi. Amma Teleradio Şurası özbaşınalıq edib".

Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını bildirərək, ANS-ə hələ yüngül cəza verildiyini vurğulayıb: "2015-ci ilin yanvarında Teleradio yayımı haqqında qanuna bir sıra dəyişikliklər edilib. Dəyişiklikdən sonra Teleradio Şurası öz qərarları ilə yayımı bir ay müddətinə dayandıra bilər. "Salam Azərbaycan" verilişində hər gün qanunun tələbi pozulub. ANS-ə hələ yüngül cəza verilib. Bir ay, ümumiyyətlə, efirin və ya proqramın dayandırılması da ola bilərdi".

ANS "Salam Azərbaycan" verilişinin dayandırılması barədə MTRŞ-nın oktyabrın 5-də çıxardığı qərarın dayandırılması üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdi. Hakim Müseyib Bayramov iddianı təmin etməyib. Oktyabrın 9-da çıxarılan qərardadda göstərilib ki, Teleradio Şurasının sözügedən qərarı müvəqqəti xarakter daşıyır. Onun müvəqqəti dayandırılması üçün müdafiə xarakterli mexanizm yoxdur.

Buna da bax: Şura ANS-i yenə cərimələdi

ŞİKAYƏT QİSMƏN TƏMİN EDİLİB

Teleradio Şurasının qərarına əsasən, "Salam Azərbaycan"ın yayımı oktyabrın 6-dan 16-na qədər dayandırılıb. Yəni bu qərardad çıxarılarkən artıq Teleradio Şurasının qərarı icra olunmaqda idi.

Bakı Apellyasiya Məhkəməsində Nurəddin Mustafayevin sədrlik etdiyi hakimlər kollegiyası ANS-in şikayətinin qismən təmin olunması barədə qərar çıxarıb. Qərara əsasən, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadı ləğv edilib.

Qeyd olunub ki, o məhkəmənin ümumiyyətlə, bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki qanunun tələbinə görə, Teleradio Şurasının qərarından birbaşa apellyasiya məhkəməsinə şikayət oluna bilər. Ona görə də ANS-in iddiasına noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində baxılmasına qərar verilib.

Eyni zamanda, hakim Teleradio Şurasının sözügedən qərarının artıq icra olunduğunu və onu dayandırmağın qeyri-mümkün olduğunu əsas gətirərək, ANS-in nümayəndəsinə iddia tələbində dəyişiklik olunmasını tövsiyə edib.

XS
SM
MD
LG