Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Mart, çərşənbə, Bakı vaxtı 17:03

Merkelin varisi Annegret Kramp-Karrenbauer kimdir?


Xristian Demokrat İttifaqının yeni lideri Annegret Kramp-Karrenbauer (solda) və kansler Angela Merkel

Almaniyada kansler Angela Merkelin hakim Xristian Demokrat İttifaqının (CDU) qurultayında qatı katolik, mühafizəkar siyasətçi Annegret Kramp-Karrenbauer partiyanın yeni sədri seçilib. Bu qurultayın əvvəlində Angela Merkel partiyanın liderliyindən getdiyini elan etmişdi.

Kramp-Karrenbauer liderlik uğrunda çox qızğın yarışda multimilyarder biznesmen Friedrich Merz-ə cəmi 25 səs fərqi ilə qalib gəlib.

Partiya daxilində “mini-Merkel” ayaması qazanmış Kramp-Karrenbauer qeyri-rəsmi olaraq Merkelin namizədi kimi tanınırdı və onun yeni partiya lideri seçilməsi o demədkir ki, Angela Merkel 2021-ci ildə başa çatan kanslerlik müddətini axıradək davam etdirə bilər.

Guardian yazır ki, səsvermənin nəticələri elan edildikdən sonra xanım Kramp-Karrenbauer göz yaşlarını silərək vəzifəni qəbul etdiyini deyib.

O vəd edib ki, partiyanın keçmiş qüdrətini və onu tərk edərək sağçı populistlərə və Yaşıllar partiyasına qoşulmuş tərəfdarları geri qaytaracaq.

“Mini-Merkel”

Qəzet yazır ki, partiya daxilində “mini-Merkel” ayaması ilə tanınan Kramp-Karrenbauer bu ləğəbi üstündən götürməyə çalışacaq.

Kansler Merkel onun namizədliyini rəsmən qəbul etməsə də, namizədi bütün mümkün vasitələrlə dəstəkləyirdi.

Merkel qurultay günü Kramp-Karrenbauer-in xidmətlərini tərifləyən çıxış etmişdi.

Rəğbətlisinin bu qələbəsi Merkelin özünə müddətinin sonunadək kansler postunda qalmaq imkanı verəcək. Onun özü də bu niyyətdə olduğunu elan edib və rəy sorğuları almanların 56 faizinin bu qərarı dəstəklədiyini göstərir.

Kramp-Karrenbauer səsvermənin birinci dövrəsində 1001 nümayəndədən 450-sinin səsini qazanmışdı, ikinci dövrədə bu rəqəmi 517-yə çatdıra bildi.

Xristian Demokrat İttifaqının yeni baş katibi Annegret Kramp-Karrenbauer
Xristian Demokrat İttifaqının yeni baş katibi Annegret Kramp-Karrenbauer

Onun 63 yaşlı rəqibi, iqtisadçı-hüquqşünas Merz Xristian Demokrat İttifaqının parlament fraksiya lideri vəzifəsindən 2002-ci ildə Merkel tərəfindən uzaqlaşdırılmışdı.

O partiya liderliyinə səsvermə zamanı birinci dövrədə 392, ikinci dövrədə isə 482 səs qazana bilib.

O bank sənayesindəki çox yüksək vəzifəsini buraxıb partiya işinə qayıtmaq niyyətini bəyan edəndə, bir çoxlarını təəccübləndirmişdi. O da partiyanın itirilmiş seçicilərini və nüfuzunu ona qaytarmağı vəd edirdi.

Tərəfdarları Merz-in daha güclü lider olacağında israr edirdilər, çünki o seçilsəydi, partiyanı Merkelin mərkəzçi mövqeyindən saga doğru çəkəcəkdi.

Merkelin Annegret Kramp-Karrenbauer qambiti

Guardian yazır ki, Annegret Kramp-Karrenbauer-in lider seçilməsi 1945-ci ildə yaradılmış və son 70 ilin 50 ilini Almaniyanı kanslerlə “təchiz” etmiş partiyanın tarixində yeni eranın başlanğıcı olacaq.

Soyadının uzunluğuna görə daha çox onun qısaldımış AKK variantı ilə tanınan Kramp-Karrenbauer, partiyası 2021-ci il seçkisini udarsa, Almaniyanın yeni kansleri olacaq.

Üç uşaq anası, qatı katolik olan Kramp-Karrenbauer uzun müddət Saarland torpağının dövlət başçısı və daxili işlər naziri olmaqla tam 18 il lider rolunu oynayıb.

Namizədlər Annegret Kramp-Karrenbauer, Jens Spahn (ortada) və Friedrich Merz
Namizədlər Annegret Kramp-Karrenbauer, Jens Spahn (ortada) və Friedrich Merz

Bu yarışda üçüncü namizəd olan 38 yaşlı Jens Spahn partiyadaşlarının çağırışlarına baxmayaraq namizədliyini geri götürməyib.

Bundan altı ay əvvəl Merkel hökumətində səhiyyə naziri vəzifəsinə irəli çəkilmiş Spahn-a bir çoxları Merkelin siyasi varisi və səsvermənin potensial qalibi kimi baxırdılar. Lakin marafona qüdrətli Merz-in qoşulması Merkel və tərəfdarlarının son anda Kramp-Karrenbauer-ə üz tutması ilə nəticələnib.

Onu da demək lazımdır ki, Merz-in namizədliyini Bundestaqın spikeri və keçmiş iqtisadiyyat naziri Wolfgang Schäuble kimi ağırçəkililər dəstəkləyirdilər.

Spahn bir çoxlarının gözlədiyindən daha çox – 175 səs toplasa da ikinci tura adlaya bilməyib.

Erdoğan və Putin kimi avtokratların qabağında dayanmaq

Guardian yazır ki, CDU xristian demokratları həqiqi dilemma qarşısında idilər: partiya ya Merkelin tutduğu mərkəzçi mövqedə qalmalı, seksual azlıqların müdafiəsi, minimum maaş və siyasətdə qadınlar üçün kvota strategiyasını davam etdirməli, ya da ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına meyllənmiş elektoratı qaytarmaq üçün saga doğru əyilməliydi.

Buna görə də partiya Kramp-Karrenbauer-i lider seçməklə Merz-lə müqayisədə daha salamat variantı seçib. Onun seçilməsi partiyanın Merkel xəttini davam etdirmək istəyini göstərir.

Buna baxmayaraq Kramp-Karrenbauer liderlikdə öz yolunun olacağını vəd edir. Hər şeydən əvvəl o, daha mühafizəkardır və “mini-Merkel” ləqəbindən xoşlanmır.

Merkeli 2015-ci ildə miqrant böhranı zamanı dəstəkləsə də Kramp-Karrenbauer miqrasiyanın cilovlanmasını istəyir, eynicinslilərin nikahlarına qarşıdır və abortları edən həkimlərə məhdudiyyət qoyulmasının tərəfdarıdır.

Bir çoxları onun barəsində hələ də kifayət qədər bilmədiklərini söyləyirlər.

Bir 77 yaşlı hamburqlu Guardian qəzetinin müxbirinə deyib: “Mənim qəlbim AKK ilədir, başım Merz-lə. Düşünürəm ki, Kramp-Karrenbauer daha yaxşıdır, çünki onun arxasında Merz-dən daha çox siyasi uğurlar var. Amma mən narahatam ki, görəsən o da Erdoğan və Putin kimi avtokratların qabağında Merkel kimi dayana biləcəkmi?”

Günün bütün mövzuları

XS
SM
MD
LG