Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:54

Türkiyə Suriyanı atəşə tutdu, yenə “müharibədən danışır”


Türkiyənin baş naziri Ahmet Davutoğlu
Türkiyənin baş naziri Ahmet Davutoğlu

Türkiyə Suriyanın şimalındakı kürd qüvvələrinin mövqelərini atəşə tutmaqla, Münhendə dünya gücləri arasında əldə olunmuş atəşkəs razılaşmasını pozmuş olub.

Türkiyə artilleriyası Suriyanın şimalındakı kürd qüvvələrinin mövqelərini atəşə tutmaqla, Münhendə dünya gücləri arasında əldə olunmuş atəşkəs razılaşmasını pozmuş olub.

Bütün Suriya ərazisi boyunca atəşkəs barədə qərarı ABŞ dövlət katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə elan etmişdi.

Türkiyə Suriyanın şimalındakı kürd qüvvələrini atəşə tutduğunu təsdiq edib və bəzi xəbərlərə görə Suriya ərazisinə Səudiyyə Ərəbistanı ilə birgə müdaxilə edə bilər.

Rəsmi Ankara bildirib ki, Türkiyə onun sərhəd postlarının atəşə tutulmasına cavab olaraq Kürd Demokratik İttifaq Partiyası PYD-nin və Suriya hökumətinin mövqələrinə toplardan atəş açıb.

Agentlik həmçinin bildirib ki, Suriyanın hökumət qüvvələri Türkiyənin cənubundakı Hatay rayonunda sərhəd postlarını atəşə tutduqdan sonra Türkiyə cavab atəşi açıb.

Kürdlər İŞİD-i, türklər də kürdləri vururlar

Türkiyənin baş naziri Ahmet Davutoğlu PYD mövqelərinə zərbələr endirilməsini təsdiq etsə də, heç bir təfərrüat açıqlamayıb.

Ankara bildirir ki, Suriyanın şimalındakı kürd qüvvələrinə sərhəd bölgələrindən çıxmaları üçün xəbərdarlıq edilmişdi.

PYD döyüşçüsü Suriya-Türkiyə sərhədində
PYD döyüşçüsü Suriya-Türkiyə sərhədində

Suriyanın şimalındakı kürd rəsmilər bildiriblər ki, Türkiyə Hələbin şimalındakı Menaq hava bazasını atəşə tutub, halbuki kürd qüvvələri bu bazanı İŞİD-in əlindən yenicə almışdılar.

Kürd rəsmilər bildirirlər ki, bu məntəqədə faktiki olaraq Türkiyə və İŞİD-in mövqeləri üst-üstə düşüb.

ABŞ İŞİD-ə qarşı döyüşən PYD kürd qüvvələrini dəstəkləyir və bu yaxınlarda prezident Obama-nın xüsusi nümayəndəsi Kobane şəhərindəki kürdlərin hərbi liderləri ilə görüşmüşdü. Bu görüşdən qəzəblənən Türkiyə prezidenti Erdoğan Vaşinqtonu kəskin tənqid etmişdi.

Son məlumatlara görə ABŞ PYD-ni və Türkiyəni təmkinə çağırıb.

Türkiyə Səudiyyəni hərbə çəkir

Bu arada Münhen görüşünün ardınca Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, Türkiyə Səudiyyə qüvvələri ilə birlikdə Suriya ərazisinə müdaxilə edə bilər.

Ankara bəyan edib ki, birləşmiş Türkiyə-Səudiyyə qüvvələri İslam Dövləti adlanan təşkilata qarşı döyüşmək niyyətindədir.

Çavuşoğlu deyib ki, “bəziləri Türkiyənin İD-ə qarşı vuruşmağa həvəsli olmadığını iddia edirlər”.

Türkiyə xarici işlər naziri bunu da bildirib ki, Səudiyyə Ərəbistanı Suriyaya mümkün müdaxilə məqsədilə İncirlik hərbi hava bazasına təyyarələrini göndərir.

Çavuşoğlu Səudiyyədən ümumilikdə neçə təyyarə gələcəyini hələ bilmədiyini söyləyib.

O deyib ki, ehtiyac olarsa, Səudiyyə quru qoşunlarını da göndərməyə hazırdır.

Bu arada Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir deyib ki, hazırda quru qoşunlarının göndərilməsi məsələsi müzakirə edilir.

Bundan əvvəl Səudiyyə Suriyaya ABŞ koalisiyasının qərarı olarsa, müdaxiləyə hazır olduğunu bildirmişdi. Buna görə də bəzi təhlilçilər Türkiyənin Səudiyyə və başqa Körfəz ölkələrini müharibəyə sövq etməyə çalışdığını söyləyirlər.

Assad-ın nəzərləri Raqqada

Bu da xəbər verilir ki, hazırda Suriya ordusunun nəzərləri İD-in de facto paytaxtı olan Raqqa istiqamətinə yönəlib.

Eyni zamanda Suriya ordusu Hələb yaxınlığındakı strateji məntəqələrə nəzarət edir.

Suriya ordusunun əsgəri Türkiyə ilə həmsərhəd bölgədə
Suriya ordusunun əsgəri Türkiyə ilə həmsərhəd bölgədə

Suriya hökuməti Səudiyyənin mümkün müdaxiləsini önləmək üçün İŞİD-in istehkamı olan Raqqa üzərinə hücuma hazırlaşır.

Suriyanın hərbi mənbələrinin verdiyi məlumata görə hökumət qoşunları Hama və Raqqa arasındakı mühüm mövqeləri ələ keçiriblər.

Həmin mənbə bildirib ki, Raqqa üzərinə əməliyyat Tabqa ətrafında əməliyyatlarla başlanacaq.

Tabqadakı hərbi hava bazası hazırda İŞİD-in əlindədir. Hökumət qoşunları bazanın 35 kilometrliyinədək irəliləyə bilib.

49, yoxsa 51 faiz?

ABŞ dövlət katibi John Kerry Rusiyanı, əldə edilmiş atəşəkəs sazişinə hörmət göstərməyə, “legitim müxalifətin” mövqelərinə və dinc əhaliyə qarşı hava zərbələrini dayandırmağa, əvəzində İŞİD mövqelərini hədəfləməyə çağırıb.

Dünya gücləri arasında əldə olunmuş atəşkəs razılaşması hələlik rəsmi status almayıb, çünki bu sazişi Assad qüvvələri və üsyançılar imzalamayıblar.

Münhendə atəşkəsin nə dərəcədə möhkəm olduğu barədə suala Lavrov “49 faiz” cavabını verib.

Eyni suala Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier-in cavabı “51 faiz” olub.

XS
SM
MD
LG