Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Moskva və Ankara ABŞ səfirliklərinin ünvanını dəyişir?


ABŞ-ın Moskvadakı səfirliyi
ABŞ-ın Moskvadakı səfirliyi

AzadlıqRadiosunun müxbiri Tony Wesolowsky yazır ki, ABŞ-ın Moskvadakı səfirliyinin ünvanı yaxın gələcəkdə dolaşıqlığa səbəb ola bilər.

Rusiya paytaxtının hakimiyyət orqanları ifrat millətçi Vladimir Jirinovskinin müavini tərəfindən verilmiş təklifi müzakirə etməyə hazırlaşır. Rusiyanın Interfax agentliyinin fevralın 12-də yaydığı xəbərdə deyilir ki, ABŞ səfirliyinin yerləşdiyi küçənin bir hissəsinə “Şimali Amerika Dalanı 1” (1 North American Dead End) adının verilməsi təklif olunub.

Dövlət Duması spikerinin müavini deyib ki, yeni ad Vaşinqtonun “müdaxiləçi” xarici siyasətini “şərəfləndirərdi”.

Bu təklifdən əvvəl ABŞ paytaxtı Vaşinqtonun şəhər şurası Rusiya səfirliyinin qarşısındakı küçə sektoruna qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adının verilməsi barədə qərar qəbul etmişdi. Bu qərar Moskvanın qəzəbinə səbəb olmuşdu.

Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi və islahatyönlü siyasətçi Boris Nemtsov 2015-ci ilin 27 fevralında Kremlin yaxınlığında güllələnərək öldürülüb.

Hazırda Vaşinqton və Moskva arasında Ukrayna və Suriya münaqişəsi, Rusiyanın ABŞ seçkisinə müdaxiləsi və bir sıra başqa xarici siyasət məsələlərində ciddi fikir ixtilafı mövcuddur.

Interfax agentliyinin fevralın 12-də yaydığı xəbərdə deyilir ki, Moskva şəhər bələdiyyəsi təklifə bu ay baxmağı planlaşdırır.

Moskvada ABŞ səfirliyinin yerləşdiyi ərazi
Moskvada ABŞ səfirliyinin yerləşdiyi ərazi

Interfax bildirir ki, ABŞ səfirliyinin yerləşdiyi küçəyə yeni ad verilməsini Jirinovskinin Liberal-Demokrat Partiyasından millət vəkili Mixail Deqtyarov təklif edib.

Dumanın idman, turizm və gənclərin işləri üzrə komitəsinin sədri Deqtyarov hələ yanvar ayında Moskva meriyasına yazdığı məktubda ABŞ səfirliyinin ünvanının “Şimali Amerika Dalanı, 1” adlandırılması təklifi ilə müraciət edib.

Deqtyarov məktubda yazır ki, “Moskva yeniyetmə kompleksləri olan Vaşinqtondan fərqli olaraq qədim tarixi şəhərdir”.

Moskvadakı ABŞ səfirliyi hazırda Bolşoy Devyatinski Döngəsi, 8 ünvanında yerləşir.

Deqtyarov məktubunda izah edir ki, o küçənin adının dəyişdirilməsini yox, bu küçənin hazırda adsız olan dalan çıxıntısının Şimali Amerika Dalanı adlandırılmasını və bunun ABŞ səfirliyinin poçt ünvanı kimi qeydiyyatdan keçirilməsini istəyir.

Deputat yazır: “Biz mövcud küçə və xiyaban adlarını ötəri siyasi ambisiya və mübahisələrə görə dəyişməyəcəyik”.

Başqa sözlərlə, söhbət küçə adının yox, səfirlik binası ünvanının dəyişdirilməsindən gedir.

Mixail Deqtyarov
Mixail Deqtyarov

ABŞ paytaxtının şəhər şurası yanvarın 9-da Wisconsin avenyusunun Rusiya səfirliyinin yerləşdiyi sektorunun Nemtsov meydanı adlandırılması barədə qərara səs verib. Qərar fevralın 6-da rəsmiləşdirilib.

Ankara Moskvadan nümunə götürür?

Reuters agentliyinin verdiyi xəbərə görə, Türkiyə paytaxtı Ankara ABŞ səfirliyinin yerləşdiyi küçənin “Zeytun budağı” adlandırılması barədə qərar qəbul edib. “Zeytun budağı” Türkiyənin Suriyada apardığı hərbi əməliyyatın kod adıdır.

Ankara Vaşinqtonun Suriya kürdlərinin YPG birləşmələri ilə müttəfiqliyindən qəzəblidir. Türkiyə hərbiyyəsinin “Zeytun budağı” əməliyyatı məhz YPG qüvvələrinə qarşı yönəlib.

ABŞ-ın Ankaradakı səfirliyinin giriş qapısı
ABŞ-ın Ankaradakı səfirliyinin giriş qapısı

Prezident Recep Tayyip Erdoğan Türkiyə sərhədini terrorçu adlandırdığı bu qüvvələrdən təmizləyəcəyini vəd edib. Ankaranın bu əməliyyatı Türkiyə və ABŞ hərbi qüvvələrini qarşı-qarşıya qoya bilər.

Ankara meri Mustafa Tunanın tvitində deyilir: “Biz ABŞ səfirliyinin qarşısındakı Nevzat Tandoğan küçəsinin adının dəyişdirilərək “Zeytun budağı” edilməsi üçün zəruri təklifi imzaladıq. Şəhidlərimizin ruhları şad olsun”.

Mer bildirib ki, təklif fevralın 12-də şəhər məclisinə təqdim olunub. Bu təklifin qəbul ediləcəyi və küçə adının ABŞ dövlət katibi Rex Tillersonun fevralın 15-də Ankaraya səfərinədək dəyişdiriləcəyi gözlənilir.

Reuters xəbər verir ki, Center for American Progress mərkəzinin fevralın 12-də dərc etdiyi rəy sorğusu nəticələrinə görə türklərin 83 faizi Birləşmiş Ştatlara rəğbətsiz yanaşır, 46 faizi isə Türkiyənin ABŞ-a qarşı çıxmasını dəstəkləyir.

Bundan əvvəl Ankara meri Tuna Birləşmiş Ərəb Əmirlikləri səfirliyinin yerləşdiyi küçəyə Mədinə şəhərinin osmanlı merinin adının verilməsini təklif etmişdi.

Bu yaxınlarda iki ölkə arasında müqəddəs Mədinə şəhərinin Osmanlı İmperiyasının idarəçiliyi altındakı vəziyyətinə dair mübahisə düşmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG