Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:35

Azərbaycanda anemiya diaqnozu qoyulanların sayı kəskin artıb


Anemiyası olan xəstənin qanında eritrositlər.
Anemiyası olan xəstənin qanında eritrositlər.

Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb ki, ötən il Azərbaycanda ilk dəfə təyin edilən diaqnozla 56 min 124 nəfər anemiya xəstəsi qeydə alınıb. Deməli, 2023-cü ildə Azərbaycanda hər gün ortalama 154 nəfərə anemiya diaqnozu qoyulub. Daha bir il öncə - 2022-ci ildə Azərbaycanda toplam 46 min 770 nəfərə bu diaqnoz qoyulmuşdu. Belə çıxır ki, ötən il anemiya diaqnozu qoyulanların sayı 2022-ci illə müqayisədə 10 min nəfərə yaxın və ya 21 faiz artıb. DSK-nın bilgi bazasının təhlili göstərir ki, anemiya diaqnozu qoyulması baxımından, 2023-cü ildə Azərbaycanda antirekord qeydə alınıb. İndiyədək bu xəstəliyə ən çox yoluxma 2016-cı ildə qeydə alınmışdı. Həmin il anemiya diaqnozu qoyulanların sayı 50 min 198 nəfər - ötən illə müqayisədə təxminən 12 faiz az olmuşdu.

Anemiya qanda qan hüceyrələrinin sayca azlığından və ya qanın toplam həcmində eritrosit və hemoqlobin miqdarının yetərsizliyindən qaynaqlanan problemdir. Bu, müxtəlif xəstəliyi müşayiət edən patoloji hal da ola bilər. Qanazlığı müxtəlif səbəblərdən yaranır. Dəmir, fol turşusu kimi bəzi elementlərin və B12 vitaminin çatışmazlığı daha çox yayılıb. Ancaq problemin yaranmasına yol açan digər faktorları da gözardı etmək olmaz. Bunlara genetik anemiyalar, yanlış qidalanma, xroniki xəstəliklər, şişlər, iltihabi proseslər, dərman preparatları və zəhərlənmələr aiddir.

Anemiyaya yoluxma sayı iki dəfədən çox artıb

2000-ci illərin əvvəllərində Azərbaycanda hər il anemiya diaqnozu qoyulanların sayı indiki ilə müqayisədə, ən azı, iki dəfə az - təxminən 20-30 min nəfər arasında dəyişirdi. Bu müddət ərzində ölkə əhalisinin iki dəfə artmadığı nəzərə alınsa, deməli, anemiya diaqnozu qoyulanların sayındakı artım heç də əhali sayı ilə bağlı deyil və xəstəliyin daha çox yayılmasından qaynaqlanır. 2000-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 27 anemiya xəstəsi qeydə alındığı halda, ötən il bu rəqəm 55 nəfərə yüksəlib. Başqa deyimlə, 23 il boyunca anemiyaya yoluxma sayı 2.1 dəfə artıb.

Rəsmi rəqəmlərə görə, 2023-cü ilin sonunda tibb ocaqlarında 46 min 806 nəfər anemiya xəstəsi qeydiyyata alınıb. Bir il daha öncə belələrinin sayı 39 min nəfər idi. Deməli, tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin də sayında bir il içində təxminən 8 min nəfərə yaxın artım baş verib.

Dava-dərman üçün borca düşən şəkər xəstələri...
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Qadın və uşaqlar arasında anemiya daha çox yayılıb

Bir müddət öncə Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirmişdi ki, Azərbaycanda aparılan sorğu və araşdırmalara görə, ümumi, reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5 yaşadək uşaqlar arasında anemiya göstəriciləri daha yüksəkdir.

BMT-nin bilgi bazasındakı göstəricilərin təhlilindən aydın olur ki, Azərbaycanda qadınlar arasında anemiyaya yoluxma göstəricisi digər region ölkələri ilə müqayisədə də yüksəkdir. Həmin rəqəmlərə görə, Azərbaycandakı 15-49 yaşlı qadınların təxminən üçdə birində (33 faizində) anemiya var. Gürcüstanda eyni yaş qrupundakı qadınlar arasında anemiya qeydə alınanların xüsusi çəkisi 28 faiz, Ermənistanda isə 17 faizdir.

DSK-nın 2022-ci ilə aid səhiyyə hesabatında göstərilir ki, həmin il hamiləliyini başa çatdırmış qadınların 25.2 faizində - hər dörd nəfərdən birində anemiya qeydə alınıb. Doğuşu çətinləşdirən xəstəliklərin siyahısında da anemiya "lider"dir. 2022-ci ildə 14 min 879 qadının doğuşunu məhz anemiya çətinləşdirib.

Statistika Komitəsinin 18 yaşınadək şəxslərin (uşaqların) səhiyyə göstəriciləri ilə bağlı açıqladığı rəqəmlər uşaqlar arasında da ən çox yayılan xəstəliyin anemiya olduğunu göstərir. 2022-ci ildə 23 min 564 uşağa ilk dəfə anemiya diaqnozu qoyulub. Bu o deməkdir ki, ölkədə qeydə alınan anemiya diaqnozlarının təxminən yarısı uşaqlara qoyulur.

Həkim: 'Hər 10 uşaqdan 7-də bu xəstəlik var'
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Anemiya ən çox hansı ölkələrdə yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) anemiya xəstəliyi ilə bağlı açıqlamasında bildirilir ki, əksər hallarda anemiya gəlir səviyyəsi orta və aşağı olan ölkələrdə qeydə alınır. Başqa sözlə, ÜST-ün açıqlamasından belə görünür ki, əhalinin gəlir səviyyəsi, dolayısıyla rifahı bu xəstəliyin artıb-azalmasında mühüm rol oynayır. O da var ki, son illər Azərbaycanda yüksək inflyasiya qeydə alınır. İnflyasiyanın artması isə əhalinin alıcılıq qabiliyyəti azaldır. Bu baxımdan, əslində son dövrlər ölkədə anemiya diaqnozu qoyulan şəxslərin say artımını əhalinin sosial durumunun pisləşməsinə də bağlamaq olar. Axı əhalinin gəlir səviyyəsinin pisləşməsi onların qidalanmasına birbaşa təsir göstərir. O biri yandan, ölkəyə gətirilən və yerli məhsulların standartlara cavab verib-verməməsi də tez-tez dartışılır. Bu baxımdan, anemiya diaqnozu qoyulan şəxs sayındakı kəskin artım hökumətin həm qida güvənliyi, həm də sosial siyasəti baxımından suallar doğurur.

ÜST-nin açıqlamasında bildirilir ki, anemiya ilə mübarizəyə dair işin çox hissəsi dəmir çatışmazlığının profilaktika və müalicəsinə yönəldilib. ÜST anemiya ilə mübarizədə sağlam qidalanma, anemiyanın dəqiq və vaxtında diaqnostikası, vitamin və mikroelementlərin qəbulu və əhalinin bu problem haqqında maarifləndirilməsi kimi amillərin rolunu özəlliklə vurğulayır. ÜST-ün fikrincə, anemiya ilə mübarizədə əsas rolu səhiyyə sistemi oynasa da, burada hökumətin, vətəndaş cəmiyyətinin, akademik dairələrin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin də rolunu gözardı etmək olmaz.

XS
SM
MD
LG