Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 20:23

QOCA DƏNİZÇİNİN BALLADASI


Qoca dənizçinin balladası əsərinə çəkilmiş qravür (Gustave Doré (1876)

Samuel Taylor Coleridge

(ixtisarla)

Gəmimizi hazırlayıb uzaq səfərə,
“Salamat qal” söyləyərək doğma limana,
Bir də baxdıq uzaqlaşan əziz yerlərə,
Sonra çıxdıq nəhayətsiz bir okeana.

Ötüşürdü bir-birinə bənzər həftələr
Həyəcansız keçmədəydi bu səfərimiz,
Yuxarıda parlaq Günəş, bir də ki, göylər,
Aşağıda sahilləri görünməz dəniz.

Eşitmişdik, görməmişdik fəsadlarını...
Bir fırtına bürüdü ki, bir gün dənizi,
Gəmimizə çırpa-çırpa dalğalarını,
Yolumuzdan sapındırdı, azdırdı bizi.

Əyilmişdi dor ağacı, gəminin burnu,
Eşmədəydi şahə qalxan ac dalğaları,
Bizim gəmi, tənha gəmi, cəngavər kimi,
Əzmədəydi, kəsmədəydi azğın suları.
Külək bizi aparırdı cənuba sarı...

Çovğun bizi sürükləyib cənub qütbünə,
Bizə həmdəm eləmişdi soyuğu qarı,
Qarşımızda gəmimizə diş qıcayırdı
Sədəf kimi parıldayan buz qayaları.

Sədəf kimi parıldayan buz qayaları...
Bu nə sahil, bu nə ada, bu nə diyardı?
Yox bir insan, gözə dəymir bir böcək barı,
Qarşımızda diş qıcardan buz qayalardı...

Bu sahillər oylağıydı sazağın, qarın
Bura şaxta diyarıydı, buzlar ölkəsi,
Bir-biriylə kəllələşən buz qayaların,
Qılıncların döyüşünə bənzərdi səsi.

Bu an gəldi haradansa fırtına quşu,
Bütün bir qol yerləşərdi hər qanadına,
Cüt qanadlar çarmıxlanmış İsa ağuşu
Tez bir şükür səna etdik Allah adına...

Gəlişiylə ruh qazandı ondan qəlbimiz,
Hamı onun qulluğunda durdu müntəzir,
Ömrü boyu görmədiyi təamları biz
Bu müqəddəs quşa verdik, eylədik nəzir.

Kəsdi bizi qamçılayan çovğun küləyi,
Səmt küləyi əsmədəydi indi arxadan,
Bəsləyərdik, səsləyirdik müqəddəs quşu,
İzləyirdi gəmimizi aralanmadan.

Duman olsun, külək olsun, hər axşam çağı
O qonardı göyərtəyə kəsib səsini,
Sonra isə qaqqıldardı duasayağı,
Elə bil ki, oxuyurdu son nəğməsini.

Elə bil ki, Allah birdən aldı ağlımı,
Bu çən-duman aparmışdı başımdan huşu,
Nə keçdisə ürəyimdən özüm bilmədim...
Oxum ilə vurub saldım zavallı quşu.

Evə doğru kəsmədəydi gəmi dənizi
Səmt küləyi tərk etmirdi bizi bir an da
Nə sirdirsə, açılmırdı göylərin üzü,
Nə sirdisə, çəkilmirdi amma duman da...

Səmt küləyi əsmədəydi hələ cənubdan,
Qalxır-enir əvvəlkitək gəmi gövdəsi,
Tək o yoxdu, gəlməyirdi daha yem üçün,
Ötməyirdi gəmi üstdə quşun nəğməsi...

Peşman oldum, amma gecdi, ox yaydan uçmuş,
Dənizçilər danladılar yer-yerdən məni,
“Sən nə etdin, bədbəxt, axı vurduğun o quş
Müqəddəsdi, əsdirirdi səmt küləyini”.

Bir az sonra Günəş güldü, çəkildi duman,
Bəlkə nahaq axmamışdı o quşun qanı?
Hamı məni bağışladı, hətta dedilər:
“Bəlkə o quş gətirmişdi çəni, dumanı?..”

Külək əsdi, birdən kəsdi, susdu dalğalar
Bir sakitlik, bir məhzunluq sardı dənizi,
Bu dənizdə üzməmişdi məşhur səyyahlar
Bizimkiydi bu dənizə düşən ilk gəmi.

Külək kəsdi, məhzunlaşdı göylərin üzü
Elə bil ki, səmaların çoxaldı dərdi,
Elə sükut bürüdü ki, bütün dənizi
Yüz addımdam pıçıldasan eşidilərdi.

Körükləndi, qızdı səma, döndü kürəyə,
Günəşdə qan ləkələri göründü aydın,
Genişlənib Günəş döndü yekə təknıəyə
Bilinmirdi Günəşdi bu, yoxsa ki, Aydı.

Elə bil ki, rəssam çəkdi bu mənzərəni,
Nə bir ləpə gözə dəydi, nə bir meh əsdi,
Sakit dəniz, ölü dəniz qucağına biz
Elə bil ki, gəmimizlə düşmüşdük əsir.

Hər tərəf su, dörd tərəf su, hər yerdə suydu,
Aşağıda cilvələndi su şırıltısı
Hər tərəf su, dörd tərəf su, amma nə fayda -
Nə fayda ki, içilməzdi bircə damcısı...

Qoca dənizçi heykəli, Somerset, İngiltərə (heykəltəraş Alan B Herriot of Penicuik)
Qoca dənizçi heykəli, Somerset, İngiltərə (heykəltəraş Alan B Herriot of Penicuik)

Sanki birdən çürümüşdü dənizdə sular,
Ağırlaşıb su olmuşdu yapışqan kimi
Dörd yanımız yapışqanlı murdar yosunlar
Yapışmışdı elə bil ki, sulara gəmi.

Bir az sonra axşam düşdü, qaş da qaraldı
Yandı-yandı dəniz üstdə şeytanın şamı,
Gah yaşıla, gah sarıya, gah ağa çaldı,
Bu dənizin ləpələri bütün axşamı.

Nəhəng buzlar diyarından, çən ölkəsindən
Bəlkə bizi haqlamışdı qarğış harayı,
Çoxu hürkdü o gecəni öz kölgəsindən
Çoxu gördü yuxusunda gəlib Əzrayıl.

Susuzluğun atəşindən yandı dil-dodaq
Bizi əldən yaman saldı bürkülü isti
Bir az sonra elə bil ki, bizi boğacaq
Boğazlara tıxanmışdı elə bil tüstü...

Hər bir kəsin nifrət dedi mənə baxışı
Üzüm yoxdu bir adamın baxım üzünə,
Elə bil ki, öldürdüyüm fırtına quşu,
Asılmışdı boğazımdan xaç əvəzinə.

Günün bütün mövzuları

XS
SM
MD
LG