Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 13, ictimai fəal Anar Abdullaya isə 12 il həbs cəzası kəsilməsi haqda hökmdən verilən şikayətə məhkəmə istintaqı aparılmadan baxılacaq. Buna Bakı Apellyasiya Məhkəməsində Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.
Təqsirləndirilən fəallar və onların vəkilləri isə, əksinə, tələb edirlər ki, məhkəmə istintaqı aparılsın və bir çox məsələlər araşdırılsın.
A.Abdullanın vəkili Günay İsmayılova noyabrın 16-da məhkəmədəki çıxışında vurğulayıb ki, onun müvəkkilinə qarşı heç bir sübut yoxdur: "Hüquqlarını müdafiə etdiyim şəxsin adı heç yerdə keçmir. Birinci instansiya məhkəməsində dindirilən şahidlərin heç biri onun əleyhinə ifadə verməyib. Konkret qaçaqmalçılıq faktı ilə bağlı heç bir sübut yoxdur ki, harasa gedib, nəsə gətirib. Bu adama nəyin əsasında 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, məlum deyil".
Həm A.Abdullanın, həm də A.Məmmədlinin vəkilləri bir sıra məsələlərin araşdırılmasının vacibliyini vurğulayıblar. Onlar deyiblər ki, bu məsələlər araşdırılmadan məhkəmənin qərar verməsi mümkün deyil.
Müdafiə tərəfi dövlət orqanında qeydiyyatdan keçməyən qrantların cinayət hesab edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməsini istəyib. Vəkillər Ali Məhkəmənin Plenumunun Rəsul Cəfərovun şikayəti üzrə qərarını yada salaraq Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatət qaldırıblar. Müdafiəçilər cinayət işində adları keçən beynəlxalq təşkilatlara da sorğu göndərilməsini istəyiblər.
2014-cü ildə qanunsuz sahibkarlıq və vergidən yayınma kimi ittihamlarla həbs olunmuş hüquq müdafiəçisi R.Cəfərov barəsində 2020-ci ildə Ali Məhkəmə bəraət hökmü çıxarıb.
"Sənədlərin əsli yoxdur"
A.Məmmədli müxtəlif təşkilatlarla xidmət müqaviləsi bağlayaraq seçkilərin monitorinqi, insan haqlarının müdafiəsi və digər istiqamətlərdə işlər görüb. O bildirir ki, bütün işlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilib və alınan maliyyənin də vergisi ödənilib.
İstintaq isə belə qənaətə gəlib ki, əslində, bunlar qrant olub, amma "xidmət müqaviləsi" adı altında rəsmiləşdirilib. Alınan vəsait qrant kimi qeydiyyatdan keçməyib və bu səbəbdən cinayət yolu ilə əldə edilmiş vəsait hesab olunmalıdır.
Vəkillərin araşdırılmasını istədiyi daha bir məsələ isə sübut kimi ortaya qoyulan sənədlərlə bağlıdır: "Sənədlərin əsli yoxdur. Şahidlərə dindirmə zamanı təqdim olunan sənədlər də orijinal sənədlər olmayıb. Əsli olan sənədlərdəki imzalar da saxtadır. Yazılar Anar Məmmədlinin xətti deyil, imza da saxtadır. Bu məsələ mütləq araşdırılmalıdır".
M.Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası qaldırılan vəsatətlərin heç birini təmin etməyib. Bildirilib ki, bu iş üzrə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan və s.) baxılacaq.
Xatırlatma
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri A.Məmmədli 2024-cü il aprelin 29-dan həbsdədir. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə ittiham ağırlaşdırılıb.
İstintaqın sonunda A.Abdullaya da eyni maddələrlə ittiham irəli sürülüb, amma onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bir müddət sonra isə A.Abdulla da həbs edilib.
A.Məmmədli 2013-cü ilin dekabrında həbs olunmuş, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdı. O, həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər. Onlar iddia edirlər ki, həbs olunanlar konkret cinayət əməllərinə görə cəzalandırılıblar.