Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:28

İşdən qovulan diplomat Anar Həsənov danışdı


Anar Həsənov
Anar Həsənov

-

"Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar."

Azərbaycanın Avstraliyadakı keçmiş diplomatı Anar Həsənov AzadlıqRadiosuna bildirib ki, onun guya siyasi sığınacaq üçün yerli hökumətə müraciət etməsi barədə yayılan xəbərlər doğru deyil.

O deyir ki, Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları barədə bu ilin iyulun 7-də Bakıda dövlət orqanlarına məlumat göndərib:

“Prezident Administrasiyasından və Ombudsmandan cavab gəldi ki, qeyd etdiyim faktlar araşdırılacaq. Amma araşdırılmaq əvəzinə Xarici işlər nazirinin əmri ilə xidmətdən geri çağrıldım. Xanımım hamilə olduğu və tayyarədə uçmasına həkimlər icazə vermədiyi üçün Bakıya dönə bilməmişik. Ona görə bu bahalı ölkədə yalnız yerli qeyri-hökumət təşkilatlarının yardımlarının ümidinə yaşaya bilirik.”

Keçmiş diplomat onun Avstraliya hökumətindən siyasi sığınacaq istəməsi barədə yayılan məlumatların da yalan olduğunu deyir:

“İftiranı o dərəcəyə çatdırıblar ki, guya mən ölkənin siyasi rəhbərliyini ittiham etmişəm. Əslində isə mən cənab prezidenti dəstəkləyirəm, onun ictimaiyyəti korrupsiya ilə mübarizəyə, dövlət orqanlarını məlumatlandırmağa səsləyən çağırışına əməl etmiş, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin əlbir olaraq dövlət büdcəsini mənimsəmələri ilə bağlı faktları üzə çıxartmışam.”

O ki qaldı səfirlikdə korrupsiya barədə ittihamlara, keçmiş diplomat bunları deyir: "Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənib."

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 6-da bu məsələ ilə bağlı bildirib ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq fəaliyyəti müddətində “Diplomatik xidmət haqqında” qanun, “XİN haqqında” Əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağrılıb.

Anar Həsənov qeyd edir ki, Xarici İşlər Nazirliyi əslində onun səsləndirdiyi faktları araşdırmaq əvəzinə onu cəzalandırır.

​Mətbuat katibi deyib ki, Anar Həsənovun “xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir:

“Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”

Anar Həsənov isə qeyd edir ki, Xarici İşlər Nazirliyi əslində onun səsləndirdiyi faktları araşdırmaq əvəzinə onu cəzalandırır.

Xatırladaq ki, bu iki məsələ arasında bağlılıq olmasa da, bir müddət əvvəl Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədov da istefa verərək hökuməti ittiham etmişdi.

XS
SM
MD
LG