Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:18

Kamçatkada təyyarənin qalıqlarının tapıldığı bildirilir


Arxiv fotosu
Arxiv fotosu

Petropavlovsk-Kamçatskıdan Palana şəhərinə uçan təyyarə eniş zamanı dispetçerlə əlaqəni itirib

Palana yaşayış məntəqəsinin 4 kilometrliyində An-26 təyyarəsinin qalıqlarının tapıldığı xəbər verilir. TASS və İnterfaks-ın yaydığı xəbəri sonradan Kamçatka aviasiya müəssisəsinin başçısı Aleksey Xabarov da təsdiqləyib. O, əlavə açıqlama verməyib.

İlkin məlumata görə, təyyarə pis hava şəraitində təpəyə dəyib. Sağ qalanların olmadığı bildirilir.

Təyyarədə bir uşaq da var imiş.

Hadisənin baş vermə səbəbləri kimi pis görüntü, texnikanın işləməməsi, eləcə də pilotların səhvi nəzərdən keçirilir.

Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismar qaydalarının pozulması maddələri üzrə cinayət işi başlanıb.

***

Rusiyanın uzaq şərqindəki Kamçatka yarımadasında göyərtəsində 28 nəfərin olduğu AN-26 təyyarəsi radardan itib. Bu haqda iyulun 6-da xəbər agentlikləri yerli rəsmilərə istinadla xəbər yayıb.

Petropavlovsk-Kamçatskıdan Palana şəhərinə uçan təyyarə eniş zamanı dispetçerlə əlaqəni itirib.

Təyyarədə 22 sərnişin və altı heyət üzvünün olduğu bildirilir.

Dənizə düşmə versiyası

Təhqiqat başladılıb, hadisə yerinə axtarış missiyası göndərilib. Azı iki təyyarənin və xilasedicilərin hazır vəziyyətə gətirildiyi xəbər verilir.

Təyyarə Kamçatka Aviasiya Müəssisəsi adlı şirkətə məxsus olub, 1982-ci ildən istismarda idi. Şirkətin direktoru Aleksey Xabarov “Interfax” xəbər agentliyinə təyyarənin texniki baxımdan saz vəziyyətdə olduğunu deyib.

Bəzi media orqanları təyyarənin dənizə düşməsi versiyasını irəli sürüb, amma bu hələlik, rəsmən təsdiqlənməyib. Palana şəhəri Oxotsk dənizi sahilində yerləşir.

Yerli rəsmilər sərnişinlərin çoxunun Palanadan olduğunu deyiblər. Onların içində dörd yerli hökumət üzvü, şəhərin başçısı Olqa Moxiryova da var. Palananın əhali sayı 3 minə yaxındır.

Təyyarə qəzaları

Kamçatka Aviasiya Müəssisəsinə məxsus Antonov AN-26 təyyarəsi 2012-ci ildə Petropavlovsk-Kamçatskdan Palanaya uçarkən dağa dəyib. O zaman təyyarədəki 14 nəfərin 10-u həlak olub. Həlak olan hər iki pilotun qanında alkoqol aşkarlanıb, TASS yazır.

Son illər Rusiyada ölümlə nəticələnmiş bir neçə təyyarə qəzası baş verib, səbəb kimi zəif baxım və təhlükəsizlik standartları göstərilib.

2019-cu ilin mayında Aeroflot-a məxsus Suxoy Superjet təyyarəsi Moskva aeroportuna enərkən qəza edərək alışıb, təyyarədəki 41 nəfər həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG