Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:07

Amerikasayağı 'Taleyin ironiyası'


Andrey Myaqkov "Taleyin ironiyası və ya həmişə təmizlikdə" filmində (1975) Jenya Lukaşin rolunda
Andrey Myaqkov "Taleyin ironiyası və ya həmişə təmizlikdə" filmində (1975) Jenya Lukaşin rolunda

ABŞ-da sovet istehsalı olan "Taleyin ironiyası və ya həmişə təmizlikdə" (Ирония судьбы, или С легким паром) filminin müasir rimeyki çəkiləcək. Bostonda çəkiləcək filmdə rolları populyar Amerika seriallarının ulduzları ifa edəcək. Filmin çəkilişi bundan əvvəl "Rjevski Napoleona qarşı", "Böyük şəhərdə sevgi" və "Yüngül əxlaqlı nənə" filmləri ilə tanınan rusiyalı rejissor Maryus Vaysberqə həvalə edilib.

Rusiyanın "Kommersant" qəzeti yazır ki, yeni filmin işçi adı isə çox sadədir: "About Fate", yəni "Tale haqqında".

"Festival filmi olmayacaq"

Filmdə bostonlu Nadya rolunu tamaşaçıların "Amerika qorxu hekayəsi" serialından tanıdığı gənc aktrisa Emma Roberts, Jenya Lukaşin rolunu isə "Farqo" və "Orta" seriallarındakı rolları ilə tanınan Tomas Mann ifa edəcək.

Rejissor M.Vaysberq "Kommersant FM" radiosuna müsahibəsində film haqda bunları deyib: "Rimeyk Sandra Bullokun baş rolu ifa etdiyi "Təklif" filmi kimi olacaq. Bu ...əsl romantik komediyadır. Bununla yanaşı, film, ümumiyyətlə, festival filmi olmayacaq. Amerikada artıq 10 ildir ki, şəhər kənarlarında eyni tikinti şirkətləri eyni evlərdən ibarət, bir-birinə çox oxşayan yaşayış rayonları inşa edirlər...".

"Mən çox şadam ki, bizim sovet mədəni irsi indi dünyaya məxsus olacaq. Mən uzun illər ərzində bu layihənin üzərində işləmişəm və, nəhayət, partnyorum Vladimir Kaşelyov sayəsində gözəl ssenari yaratmağa müvəffəq olmuşuq", – o, jurnalistlərə deyib.

Tam adaptasiya olmayacaq

Filmin prodüserləri Vaysberqin özü, Vladimir Kaşelyov, Marina Bespalova və Vinsent Nyumandır.

"Taleyin ironiyası"nın Amerika versiyasının çəkilişlərinə 2021-ci ilin yayında Bostonda başlamaq planlaşdırılır. "Kommersant" qəzeti bu məlumatı "Central Partnership" kino şirkətinə istinadən verib. Rejissor M.Vaysberq "Kommersant FM" radiosuna bildirib ki, yeni layihə klassik sovet filminin tam adaptasiyası olmayacaq. Bununla yanaşı, tamaşaçılar orijinal filmdən tanıdıqları süjet elementləri və ifadələri yeni filmdə görə və eşidə biləcəklər. "Ancaq güman ki, onları müasir Boston reallıqlarını nəzərə alaraq stilizasiya edəcəklər", – qəzet yazır.

Qeyd edilir ki, bu filmdən səhnələri artıq xaricdə yenidən yaratmağa cəhd ediblər. Eldar Ryazanovun bu məşhur filminin rimeyki beş il bundan əvvəl Bollivudda çəkilibmiş. 2015-ci ildə çəkilmiş "Mən Yeni ili sevirəm!" (I Love NY) adlı film orijinal sovet filmindən çox kiçik detallarına görə seçilir. Bəxti gətirməyən bankir Sanni səhvən Nyu-Yorka uçur və musiqi müəllimi Kanqananın evinə düşür.

Mənfi rəylər

Rusiyada bir çoxları bu filmi məsxərəyə qoyub. Xüsusən də ayrı-ayrı dialoqların olduğu kimi kopiyalanması auditoriyanın gülüş hədəfinə çevrilib.

"Rotten Tomatoes" kino rəy saytında "Mən Yeni ili sevirəm!" filmi haqda əksər rəylər mənfidir. Rusiyalı kino tənqidçisi Yeqor Belikov hesab edir ki, "Taleyin ironiyası"nın Amerika variantını da eyni reaksiya gözləyir. "Maryus çox keyfiyyətsiz rus komediyasının kralıdır. Onun komediya tərzini Amerikaya uyğunlaşdırmaq çətin olmayacaq, çünki Amerika komediyası artıq çoxdan böhran içindədir", – o deyib.

Yazıda daha sonra qeyd edilir ki, ingilisdilli auditoriya bəzi sovet komediya filmlərini bəyənir. Məsələn, Leonid Qaydayın məşhur filminin adı ingilis dilinə "Operation "Y" & Shurik's Other Adventures" şəklində tərcümə edilib. Film IMDb saytında 10 baldan 8.6 bal toplayıb.

İstifadəçilərdən biri isə öz rəyində Şuriki oynayan aktyorun Cim Kerridən də gülməli olduğunu yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG