Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

İran amerikalı veteranı saxladığını təsdiqləyir


Məşhəd şəhərindəki Vəkilabad həbsxanası
Məşhəd şəhərindəki Vəkilabad həbsxanası

İran amerikalı donanma veteranını saxladığını təsdiqləyib. Bu haqda ilk dəfə yanvarın 7-də “The New York Times” yazıb.

İranın IRNA dövlət xəbər agentliyi yanvarın 9-da Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi-nin həbsi təsdiqlədiyini yazıb. Ancaq o, həmin hadisənin nə vaxt baş verdiyini, veteranın nədə ittiham olunduğunu açıqlamayıb.

Ghasemi deyib ki, İran ABŞ hökumətinə Michael White-nın həbsi barədə o, Məşhəddəki həbsxanaya “bir müddət öncə” aparılandan bir neçə gün sonra məlumat verib.

Sözçü deyib ki, veteranın işinə hüquqi proses çərçivəsində baxılacaq və rəsmilər uyğun vaxtda açıqlama verəcəklər.

ABŞ Dövlət Departamenti saxlanma barədə “məlumatlardan xəbərdar olduğunu” bildirib, ancaq detalları açıqlamayıb.

***

ABŞ donanmasının veteranı İranda ötən ilin iyulundan bəri qeyri-müəyyən ittihamlarla saxlanır. Onun ailə üzvlərinə və bir keçmiş iranlı məhbusa istinad edən media yazır ki, amerikalı İslam respublikasına səyahəti əsnasında saxlanıb.

Kaliforniyadan olan 46 yaşlı Michael White-ın anasıyanvarın 7-də The New York Times qəzetinə deyib ki, onun oğlu iranlı sevgilisi ilə görüşmək üçün bu ölkəyə gedəndə həbs olunub.

ABŞ Dövlət Departamenti bildirir ki, saxlanma barədə “məlumatlardan xəbərdardır”. Departament şəxsi məlumatın qorunması mülahizəsi ilə bundan artıq təfərrüata varmayıb.

Xəbər verilir ki, White-ın məhbəsə salınması Tehran və Vaşinqton arasında gərgin olan münasibətləri daha da tarıma çəkə bilər.

İki ölkə arasında münasibətlər, prezident Trump ötən il ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra korlanıb. Birləşmiş Ştatların İranla bağlanmış bu beynəlxalq razılaşmadan çıxması Tehran üzərinə ABŞ sanksiyalarının bərpası ilə nəticələnib.

İranda azı 5 amerikalı casusluq ittihamları ilə həbsxana cəzasına məhkum edilib. Başqa bir ABŞ vətəndaşı artıq on ilə yaxındır ki, İranda itkin sayılır.

White-ın anası Joanne deyib ki, onun oğlu İrandan iyulun 27-də Birləşmiş Ərəb Əmirliklərindən keçərək qayıtmalı idi, lakin o həmin gün təyyarəyə minməyib.

Bundan üç həftə əvvəl Dövlət Departamenti anaya oğlunun İran həbsxanasında olduğunu bildirib.

Ana deyib ki, oğlu bundan əvvəl sevdiyi iranlı qadınla görüşmək üçün “beş ya altı dəfə” İrana səfər edib.

White-ın həbsxanaya salınmasına dair məlumat habelə İran mühacirlərinin Iran Wire xəbər xidməti tərəfindən yanvarın 7-də yayılıb.

Iran Wire agentliyinin xəbəri bir keçmiş iranlı məhbusun dediklərinə əsaslanır. Həmin məhbus deyib ki, White-ı oktyabrda Məşhəd şəhərinin Vəkilabad həbsxanasında görüb.

Iran Wire xəbər verir ki, İrvar Farhadi adlı bu məhbus qısa müddət Məşhəddəki həbsxanada White-la bir yerdə saxlanıb.

Farhadi Iran Wire agentliyinə deyib ki, White bir iranlı qadınla internetdə tanış olub və onu görmək üçün İrana bir neçə dəfə səfər edib.

Xəbər verilir ki, White üçüncü səfərindən sonra sevgilisi ilə birlikdə Türkiyəyə uçmalı idi, lakin Məşədin Haşeminejad hava limanında həbs olunub.

White İranda saxlanmış bir neçə amerikalıdan biridir. Saxlananların arasında Prinston Universitetinin tələbəsi Xiyue Wang da var. O casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Wang 2016-cı ilin avqustunda saxlanıb. O həmin vaxt Qacar sülaləsinin tarixinə dair dissertasiya üzərində işləyirdi. Həm Wang, həm də universitet casusluq ittihamını rədd edirlər.

Bundan başqa UNICEF-dən təqaüdə çıxmış Baquer Namazi və onun oğlu, İran-Amerika biznesmeniSiamak 2016-cı ildə ABŞ hökumətinin xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onların ailəsi və ABŞ hökuməti iddiaları qəbul etmirlər.

Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş xəfiyyəsi Bob Levinson 2007-ci ildə İranın Kiş adasından yoxa çıxıb. Tehran onun haqqında heç bir məlumata malik olmadığını bildirir.

İran 2016-cı ilin yanvarında məhbus dəyiş-düyüşü çərçivəsində Washington Post qəzetinin Tehran bürosunun rəhbəri Jason Rezaian-ı, aydaholu keşiş Saeed Abedini və Miçiqan ştatından olan keçmiş dəniz piyadası Amir Hekmatini azad etmişdi.

Əvəzində Birləşmiş Ştatlar sanksiyaları pozduqlarına görə həbs olunmuş bir neçə iranlı məhbusu həbsxanadan buraxmışdı.

XS
SM
MD
LG