Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:33

'Amerikada təhsil' adıyla aldanan azərbaycanlılar...


Universitetdə leksiya
Universitetdə leksiya

«2021-ci ilə qədər xaricdə təhsil, dil kursunu keçənlərə daha yüksək maaş veriləcəkdi. Ona görə mən də bu tədris mərkəzinə müraciət etdim ki, Amerikadakı kursa gedim. Mən haradan bilim ki, başıma bu oyun açılacaq. Həm də ofisin yerləşdiyi ərazi məni aldatdı – Nəsimi Rayon Polis İdarəsinin qarşısı, Amerika səfirliyinin yanı...», - Elçin Hüseynovun sözləridir.

O, Amerikada dil kursu, təhsil, iş adıyla pul verib aldananlardan biridir. Onları aldatmaqda suçlanan isə «Azərbaycanda Amerika Məktəbi» (American School in Azerbaijan –ASIA) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadədir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan E.Məmmədzadə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham olunur. Bu işdə 77 nəfər zərərçəkən var.

«Başqasından alıb mənə verməsin»

Məhkəmədə dindirilən zərərçəkənlər pullarını geri tələb edirlər. Deyirlər ki. E.Məmmədzadə sosial şəbəkələrdə münasib qiymətə ABŞ-dakı xarici dil kurslarına göndəriş barədə elanlar paylaşıb. Onlar da inanıb, onun rəhbərlik etdiyi Təhsil Mərkəzinə müraciət ediblər. Zərərçəkənlərin dediyinə görə, onlardan fərqli məbləğlər alınıb. Elələri var ki, onlara ABŞ-a səfər üçün viza da alınıb, amma səfər baş tutmayıb.

Məsələn, Dövlət Neft Şirkətinin əməkdaşı E.Hüseynov da ABŞ-a səfər vizası əldə edib gedə bilməyənlərdəndir: «Mən 1290 dollar vermişdim. Demişdi ki, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxildir. Məni bu məbləğ qane edirdi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çamadanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron. Zəng elədim, telefona cavab vermədi. Onda bildim ki, məni aldadıb. Amerikaya da getmədim. Çünki buna imkanım yoxdur».

İstintaq dövründə bu zərərçəkmişin pulundan 1000 manat qaytarılıb, qalanını da tələb edir. Deyir ki, pulu tam qaytarılsa, şikayətini geri götürər. Ancaq şərti var: «Bir şərtlə ki, bir daha başqalarına qarşı belə dələduzluq eləməsin. Hə, bir də, başqasından alıb mənə pul verməsin. Qaytarmasa, ölənə qədər, hətta o biri dünyada da pulumu istəyəcəm».

E.Məmmədzadə bildirib ki, zərərçəkən üçün viza rüsumunu ödəyib. ABŞ-dakı kursun pulunu göndərib. Həmin məbləğlər ziyandan çıxılmalıdır. Amma E.Hüseynov razılaşmır: «Əgər Amerikaya getməyəcəkdimsə, o viza mənim nəyimə lazımdır?».

«Get, polisə salam söylə»

Zərərçəkən Tural Nəbiyev isə Kanadaya getmək istəyib. Onun sözlərinə görə, E.Məmmədzadə Kanadaya viza alınmasına kömək edəcəyini vəd edib. Ona da istintaq vaxtı verdiyi pulun 1100 manatı qaytarılıb. İndi qalanını tələb edir: «Mən buna görə kredit götürmüşdüm. Buna deyirəm ki, verməsən, polisə şikayət edəcəm, ələ salıb deyir ki, «get, polisə salam söylə».

Təqsirləndirilən şəxs isə bildirir ki, Tural öz istəyi ilə pulu ona verib, yardım istəyib. Aralarında pulun alınması barədə müqavilə bağlanıb. Müqavilədə iş alınmayacağı təqdirdə onun qaytarılma vaxtı da göstərilib: «Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm».

Otellərdən birində ofisiant işlədiyini deyən Elşən Alışov turizm üzrə təhsil alıb. Deyir, sosial şəbəkədə «work and travel» proqramı üzrə elan görüb, müraciət edib: «2990 dollar verdim, müqavilə bağladıq. Müqavilə belə idi ki, 160 dollar viza, 200 dollar da kursun qiyməti idi. Əgər alınmasa, bu məbləğlər çıxılmaqla qaytarılacaq. Müqaviləyə görə, 10 həftə ərzində qaytarılmalıydı. Amma qaytarılmadı...».

Məhkəmə araşdırmaları davam edir.

E.Məmmədzadə özünü qismən təqsirli bilir. Deyir ki, məqsəd kimisə aldatmaq olmayıb. Ancaq ondan asılı olmayan səbəblərdən iş alınmayıb.

E.Məmmədzadənin ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG