Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Amerikanın gül balaları


Stenford Universiteti
Stenford Universiteti

ABŞ-ın elit universitetlərində rüşvət sistemi necə işləyirmiş

Hollivud ulduzları, maliyyəçilər, iş adamları və digər imkanlı amerikalıların ailələri övladlarının elit universitetlərə daxil olması üçün milyonlarla dollar ödəyirmiş.

Bu universitetlərin arasında dünyanın ən yaxşı ali təhsil müəssisələri – Yeyl, Stenford və Corctaun da var. Bu, ali təhsil sistemində son illərin ən hay-küylü qalmaqalıdır.

Satın alınan inzibatçılar qəbul testlərinin nəticələrini düzəldir, yaxud imtahanı özləri verirmiş. Bundan başqa, abituriyentlərə üstünlük verilməsi üçün onlar saxta yolla idmançı kimi təqdim olunurmuş. Bu, hətta heç vaxt deyilən idman növü ilə məşğul olmayanlara da aiddir.

Bu məsələ prestijli universitetlərin ali təhsil sistemindəki rolu və var-dövlətin elit universitetlərə giriş imkanı yaratması barədə daha bir debat dalğasına yol açıb.

İndi artıq mətbuat ABŞ prezidentinin kürəkəni Jared Kushnerin məsələsi haqda da çox yazmağa başlayıb. Onu Harvard Universitetinə atası Charles Kushnerin bu məktəbə 2,5 milyon dollar ianəsindən sonra qəbul ediblər. Abiturientin özü isə hər hansı xüsusi test nəticələri göstərməmişdi.

"Varlılar üçün kolleclərə fərqli qəbul sistemi olmamalıdır”, – Massaçusets ştatının prokuroru Andrew Lelling mətbuat konfransında deyib.

Nə baş verir?

Martın 12-də Massaçusets ştatının prokurorluğu ölkənin prestijli universitetlərinə qəbulla bağlı irimiqyaslı fırıldaq sxemlərini dərc edib.

Natamam siyahıda 50 nəfərin adı var. Sxemin mərkəzində isə ali təhsil müəssisələrinə hazırlıq şirkətinin sahibi William Rick Singer durur.

Təhqiqatın nəticələrinə görə, 2011-ci ildən bəri imkanlı valideynlər Singerin rəsmən xeyriyyə təşkilatı sayılan şirkətinin hesabına rüşvət kimi 25 milyon dollara yaxın pul köçürüblər. Bu pullar onların övladlarının elit universitetlərə düşəcəklərini təmin etmək üçün imiş.

Valideynlərlə bağlı müxtəlif ittihamlar irəli sürülüb. Burada vergidən yayınma ittihamları da var: ödəmələr xeyriyyə ianələri kimi qeydiyyatdan keçirildiyi üçün Singerə ödənilən rüşvətə vergi qoyulmurdu.

Singerə reket məqsədilə sözləşmə, çirkli pulların yuyulması və ədalət sisteminə əngəl olmaq kimi ittihamlar irəli sürülüb.

İş üzrə 31 valideyn və bir neçə sanballı universitetdən 18 inzibatçı, imtahançı və idman məşqçisi dindirilir. Bu universitetlərin arasında Yeyl, Stenford, Corctaun və Cənubi Kaliforniya Universiteti də var.

İttiham olunanlar və onların nümayəndələri ABŞ mətbuatının suallarını cavablandırmırlar.

Bəs fırıldaq sistemi necə işləyirmiş?

Müstəntiqlərin verdiyi məlumata görə, Singer öz müştərilərinin övladlarına fırıldaq yolla SAT və ACT imtahanlarında daha yüksək ballar yığmağa kömək edirmiş. O öz müştərilərinə övladlarının oxumaqla bağlı problemləri haqda həkim arayışı almağı tövsiyyə edirmiş. Bu zaman abituriyentlərə test zamanı daha uzun vaxt və imtahanı digər məktəblilərdən ayrı məkanda vermək imkanı yaradılır.

Bundan sonra valideynlər testin keçirildiyi məkanı dəyişməli, onun Hyustonda, yaxud Los Anceles ətrafındakı məktəblərdən birində keçirilməsini təmin etməli idilər.

İttiham tərəfi bildirir ki, Singer test inzibatçıları Niki Williams və Igor Dvorsky ilə sözləşibmiş. Hər testə görə 10 min dollar müqabilində Williams və Dvorsky abituriyentlərin yerinə üçüncü şəxslərin imtahan verməsinə imkan yaradır, yaxud yeniyetmələrə düzgün cavabı deyir və ya artıq yazılmış testlərdə düzəliş edirlərmiş. Singerin özü isə test məsələlərinə görə hər müştəridən 15 min-75 min dollar arasında pul alırmış.

Prokurorluq əksər hallarda uşaqların bu fırıldaq sxemindən xəbərsiz olduqlarını bildirir.

500 min dollara azadlığa çixib

Ancaq test lazım olan komponentlərdən sadəcə biri idi. Amerika universitetlərində idman çoxmilyardlı industriyadır. İdmanda yüksək nəticələr göstərən idmançılara universitetə qəbulda güzəşt edilməsi adi qaydadır. Singer buna da əl atıb. O, zəngin müştərilərin heç vaxt idmanla məşğul olmamış övladlarını idmançı kimi təqdim edib.

Valideynlər saxta komanda fotoları düzəldirmiş, yaxud da Singerin işçiləri başqa adamların fotolarında düzəliş edib müştərilərə maraqlı idman bioqrafiyaları qondarırmış. Buna təəccüblənənsə yalnız o uşaqların oxuduqları məktəblərin əməkdaşları olurmuş: "Necə yəni o, su polosu üzrə gələcək çempiondur? Axı bizim məktəbdə belə dərnək olmayıb!"

İttihamçı tərəf bildirir ki, bu məsələdə Singerə bir neçə sanballı universitetdə satın alınmış məşqçilər və idman inzibatçıları kömək edirmiş. Onların dördü Cənubi Kaliforniya Universitetində çalışır. Universitetə qəbul olunandan sonra yaranan sualları cavablandırmağa da onlar kömək edirmiş. Tələbə nə üçün qeyd etdiyi idman növü ilə məşğul olmur? Çox zaman bu məsələni travma bəhanəsi ilə həll etməyə çalışırlarmış.

Singer günahını boynuna alaraq 500 min dollar girov müqabilində azadlığa çıxıb. Onu 65 illik həbs cəzası və böyük cərimələr gözləyə bilər. Məhkəmə hökmü iyunun 19-da elan olunmalıdır.

Singerin sözlərinə görə, o, 800 ailəyə universitetlərə qəbul məsələsində kömək edib. Onlardan neçəsinə fırıldaq yolu ilə kömək etdiyi isə hələlik, bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG