Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

ABŞ Yerusəlimdəki səfirliyini mayda açmağı planlaşdırır


ABŞ-ın Yerusəlimdəki səfirliyi əvvəlcə konsulluğun binasında yerləşəcək (Foto arxivdəndir)
ABŞ-ın Yerusəlimdəki səfirliyi əvvəlcə konsulluğun binasında yerləşəcək (Foto arxivdəndir)

Birləşmiş Ştatlar bildirib ki, ölkənin Yerusəlimdəki səfirliyi may ayında açılacaq. Bu mərasim İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünü ilə eyni vaxta düşəcək.

AzadlıqRadiosu yazır ki, Dövlət Departamentinin fevralın 23-də verdiyi bu bəyanat ABŞ-ın Yaxın Şərqdə illərdir davam edən siyasətində kəskin dönüşdən xəbər verir.

Prezident Donald Trump-ın ötən dekabrda Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və ABŞ səfirlyini bu şəhərə köçürmək qərarını elan etməsi fələstinliləri və onların ərəb müttəfiqlərini qəzəbləndirmişdi.

Fələstinlilər şərqi Yerusəlimi özlərinin gələcək paytaxtı kimi görürlər. İsrail şərqi Yerusəlimi ilhaq etdikdən sonra bütövlükdə bu şəhəri özünün paytaxtı elan edib. Onun bu hərəkəti beynəlxalq birlik tərəfindən tanınmayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: “Biz ABŞ-ın Yerusəlimdəki yeni səfirliyini may ayında açmağı planlaşdırırıq. Səfirliyin açılması İsrailin 70-ci ildönümü ilə eyni gündə olacaq”.

Bundan əvvəl ABŞ rəsmiləri Yerusəlimdə səfirliyin açılışının daha gec tarixdə baş verəcəyini gösləyirdilər.

Ötən ay vise-prezident Mike Pence demişdi ki, səfirliyin köçürülməsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Səfirlik əvvəlcə ABŞ-ın Yerusəlimdəki konsulluğunun binasında yerləşəcək, 2019-cu ilin sonunadək bu binanın əlavə korpusuna köçürüləcək.

İsrailin baş naziri Benjamin Netanyahu bu hadisə ilə əlaqədar Tvitterdə yazıb: "Bu İsrail müstəqillyinin 70-ci ildönümünü daha böyük milli bayrama çevirəcək”.

İsrailin kəşfiyyat naziri Israel Katz ABŞ səfirliyinin Yerusəlimdə İsrailin 70-ci ildönümü günündə açılması barədə xəbər münasibətilə Trump-I təbrik edib.

Katz Tvitterdə yazıb: “Bundan böyük hədiyyə ola bilməz”.

Fələstin Azadlıq Təşkilatı (FAT) bu qərarı “bütün ərəblərə qarşı təxribat” adlandırıb.

FAT-ın baş katibi Saeb Erekat bu münasibətlə deyib: "Amerika administrasiyasının Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və bunun üçün fələstinlilərin Nəqba gününü seçməsi beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG